DİN mediaya Tovuzdakı qətllə bağlı xəbərdarlıq etdi: “Əks təqdirdə belə yazıların müəlliflərinə qarşı…”

Daxili İşlər Nazirliyi (DİN) xəbərdarlıq edib.

İnterval.Az xəbər verir ki, DİN-dən Milli.Az-a verilən məlumata görə, qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb.

O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulmasına, bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumatın yayılmasına baxmayaraq, yenə də bəzi xəbər saytları, ayrı-ayrı sosial şəbəkə istifadəçiləri, özlərini hüquq eksperti adlandıran şəxslər dövlətin mötəbər qurumlarının yaydığı rəsmi məlumatı bir kənara qoyaraq, istintaqın başa çatmasını gözləmədən qeyd olunan cinayətlə bağlı öz mülahizələrini, ehtimallarını, orda-burda eşitdikləri ara söhbətlərini heç bir dəqiqləşdirmə aparmadan tirajlayırlar. Belələri fərqinə varmırlar ki, onlar bu cür uydurma, əsassız məlumatlar yaymaqla ən birinci elə qətlə yetirilən şəxsin ailəsinə, əzizlərinə əlavə mənəvi və psixoloji zərbə vurmuş olurlar. Onlar hansı yolla olursa olsun, oxucu və izləyici auditoriyası çox az olan saytlarına, sosial şəbəkədəki səhifələrinə aldatma yolu ilə oxucu və izləyici cəlb etməkdir ki, bu da həm “KİV haqqında” Qanuna, həm də jurnalist etikasına tamamilə ziddir.

Ona görə də DİN-in rəsmisi olaraq süni reytinq qazanmaq üçün öz təxəyyülərinin məhsulu olan uydurma məlumatları, şaiyələri ictimailəşdirənlərə həm tövsiyə, həm də xəbərdarlıq edirəm ki, ölkəmizdə bərqərar olmuş kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməsinlər. İnsanlara mənəvi ziyan vuran, onlarda dövlətin hüquq mühafizə siyasətinə etimadsızlıq yaratmağa yönəlik qanunsuz əməllərdən çəkinsinlər.

Eyni zamanda, daxili işlər orqanlarının işgüzar imicinə, nüfuzuna, onun cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat-istintaq fəaliyyətinə xələl gətirən, mane olan dəqiqləşdirilməmiş, yoxlanılmamış şayiələrdən, əsassız və uydurma xəbərlərdən istifadə etməsinlər. Əks təqdirdə belə yazıların, xəbərlərin müəlliflərinə və onları yayan KİV vasitələrinə qarşı hüquq müstəvisində, qanunvericiliyin tələblərinə uyğun bütün lazımi tədbirlər görüləcəkdir.


Bütün xəbərlər