ÜST Azərbaycanda koronavirusun olması ilə bağlı məlumatlara münasibət bildirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirusun aşkarlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İnterval.Az xəbər verir ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrdə koronavirusla bağlı yayılan saxta xəbərlərə etibar etməmək, məlumatı yalnız Azərbaycandakı rəsmi qurumlardan və ÜST-nin sosial şəbəkələrdəki səhifələrindən əldə etmək tövsiyə edilir:

“Yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir. Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq”.

ÜST bəyan edir ki, qabaqlayıcı tədbir olaraq, kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək, əlləri tez-tez yumaq (xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra) lazımdır. Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar.

ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.


Bütün xəbərlər