Rusiyada idarəçilik sistemi dəyişir – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin bu gün 16-cı dəfə Federal Məclisə illik müraciətini edib.

İnterval.Az APA-ya istinadən bildirir ki, 1 saat 15 dəqiqə davam edən müraciətdə Rusiya dövlət başçısı ölkə daxili problemlərə, əhalinin artımı ilə bağlı problemlərə, sosial və iqtisadi sahədə görülən işlərə və qarşıdakı planlara toxunub.

Federal Məclisə müraciətdə əsas səs-küy doğuran məqam Rusiya Prezidentinin ölkə konstitusiyasına dəyişikliklər təklifi olub.

Builki müraciətində Rusiya Prezidenti xarici siyasət və ölkənin hərbi gücü haqda qısa çıxış edib. O, əsas vurğunu Rusiyanın iqtisadi, sosial, demoqrafik və ən əsası siyasi problemlərinə yönəldib.

V. Putin “Analıq kapitalı haqqında” dövlət proqramının 2026-cı ilə qədər uzadıldığını açıqlayıb. Bundan sonra Rusiyada təkcə ikinci doğulan körpəyə görə deyil, həm də birinci doğulan uşağa görə ana 445 min rubl dəyərində yardım alacaq. Bu ilin yanvarın 1-dən etibarən Rusiyada iki uşaqlı ailə üçün analıq kapitalının məbləği 616 min rubl müəyyən edilib. Rusiya Prezidenti bütün bu addımların ölkədə demoqrafik vəziyyətin müsbətə doğru inkişaf etməsi üçün görülən tədbirlər planı olduğunu açıqlayıb.

“Rusiyanın tarixi taleyi və tarixi perspektivliyi bizim əhalinin sayından asılıdır. Bu gün əhalinin sayı təxminən 147 milyondur. Lakin biz çox çətin demoqrafik dövrə qədəm qoymuşuq. 2000-ci ilin əvvəllərində həyata keçirdiyimiz tədbirlər sayəsində ölkə əhalisinin təbii artımına nail olunub. Bugünkü proqnozlar narahatedicidir. Biz demoqrafik tələdən qurtulmalıyıq”, – deyə V. Putin vurğulayıb.

İqtisadiyyat sahəsində aparılan islahatlardan danışan Rusiya dövlət başçısı ölkəyə investisiya qoyuluşunun həcmi barədə məlumat verib. O, xarici sərmayələrin ölkəyə cəlb olunması üçün yaxın 6 ildə biznes üçün vergi qaydalarına heç bir dəyişikliyin edilməyəcəyini açıqlayıb.

V. Putin müraciətinin xarici siyasətlə bağlı hissəsində ölkənin hərbi gücü ilə bağlı məqamlara toxunub. Rusiya Prezidenti 2018-ci ildə nümayiş olunan yeni silah nümunələri üzərində işin uğurla davam etdiyini açıqlayıb və bildirib ki, Rusiya yeni silah istehsalında bütün ölkələrdən qabaqdadır.

V. Putin ölkə konstitusiyasına dəyişikliklərlə bağlı aşağıdakı təklifləri səsləndirib:

Konstitusiyanın Rusiya hüquq məkanında beynəlxalq hüquq üzərində prirotetliyini möhkəmləndirmək. Yüksək vəzifəli məmurlara xarici vətəndaşlığı və ya xarici ölkələrdə yaşamaq icazəsi olan sənədə sahib olmağı qadağan etmək, Dövlət Şurasının status və rolunu möhkəmləndirmək, bir şəxsin prezident postundan iki müddətdən artıq olmasını məhdudlaşdırmaq.

Dəyişikliyə əsasən, Rusiya prezidentliyinə namizəd olan şəxs Rusiya ərazisində azı 25 il yaşamalıdır və heç vaxt xarici vətəndaşlığı və ya xarici ölkədə yaşayış üçün icazəsi olmamalıdır. Hökumət başçısı, onun müavinləri və nazirlərin təsdiqi Dövlət Dumasına etibar ediləcək. Prezident onların namizədliyini geri qaytara bilməz. Güc strukturlarına və regional prokurorların təyinatını prezident Federasiya Şurası ilə məsləhətləşdirməlidir.

Konstitusiya Məhkəməsinin imkanları artırılır, prezident qanun layihələrini imzalayana qədər Konstitusiya məhkəməsinə onların konstitusiyaya müvafiq olub-olmadığını yoxlamaq imkanı verilir.

Federasiya Şurasının razılığı ilə prezident Ali və Konstitusiya Məhkəmələrinin hakimlərini vəzifədən azad etmək imkanına malik olmalıdır.

V. Putin təklif olunan konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsinin keçirilməsini təklif edib.

Rusiya dövlət başçısının konstitusiyaya bağlı dəyişikliklər təklifinə əsasən, ölkə prezident respublikası olaraq qalır, lakin idarə sistemində parlamentin rolu artırılır, məşvərətçi orqan olan Dövlət Şurası dəyişikliklərdən sonra konstitusional orqan olacaq. Bütün bunların 2024-cü ildə Rusiyada keçiriləcək növbəti prezident seçkilərinə kimi həyata keçirilməsi ehtimal olunur.

* * *

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə dövlət başçısının səlahiyyətlərinin bir hissəsinin Dumaya verilməsini təklif edib.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, belə bir təkliflə təxminən 1 saat 12 dəqiqə davam edən müraciətində çıxış edib.

Məlumata görə, Rusiya parlamentinin Baş nazir, bütün Baş nazir müavinləri və federal nazirlərin namizədliyini təsdiqləmək hüququ qazanacağı gözlənilir.

Prezidentdən təklif olunan namizədlərin təsdiqlənməsi tələb olunacaq və onları rədd etmək hüququ olmayacaq.

Bundan əlavə, Putin qeyd edib ki, Prezidentin etimadını itirərsə və ya vəzifələrini lazımınca yerinə yetirməzsə, Baş nazir, onun müavinləri və digər vəzifəli şəxsləri vəzifəsindən kənarlaşdırmaq hüququ olmalıdır.

Dövlət başçısı silahlı qüvvələrə rəhbərlik etmək hüququnu özündə saxlayacaq.

Putin, eyni zamanda, Rusiyanın iki dəfədən çox müddətə Prezident seçilməsinin mümkünlüyü barədə müddəada “ardıcıl” sözünün çıxarılmasının müzakirə olunmasını təklif edib. Dövlət başçısının sözlərinə görə, o bunu əsaslı bir dəyişiklik hesab etmir və buna qarşı deyil.


Bütün xəbərlər