“Müəllif hüquqları: çoxsaylı varislər olduqda icazə necə verilməlidir?”

Müəllif hüquqları sahəsində tez-tez qarşıya çıxan əsas suallardan biri vəfat etmiş müəllifin əsərlərinin istifadəsi zamanı icazənin hansı qaydada verilməsidir. Xüsusilə bir neçə varisin olduğu hallarda “bir varisin icazəsi kifayət edirmi?” sualı aktuallıq kəsb edir.
Məsələ ilə bağlı hüquqi çərçivə Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu ilə tənzimlənir. Qanuna əsasən, müəllif vəfat etdikdən sonra onun əmlak hüquqları varislərinə keçir və bu hüquqlar bir neçə varis arasında bölündükdə, onlar tərəfindən birgə (kollektiv) şəkildə həyata keçirilməlidir.
Bu o deməkdir ki, əgər müəllifin 4 və ya daha çox varisi varsa, əsərin istifadəsinə dair qərar bütün varislərin razılığı ilə qəbul olunmalıdır. Tək bir varisin verdiyi icazə hüquqi baxımdan kifayət etmir və bu halda əsərdən istifadə qanunsuz hesab oluna bilər.
İstisna hal yalnız digər varislərin yazılı şəkildə müəyyən bir şəxsə səlahiyyət (etibarnamə) verməsi zamanı mümkündür. Belə halda həmin şəxs bütün varisləri təmsil edərək icazə verə bilər.
İnterval.Az-a açıqlamasında Müəllif Hüquqları Uğrunda İctimai Birliyin İdarə
Heyəti Sədrinin müavini Zamiq Yunisov  müəllif hüquqlarının qorunması və idarə
edilməsi məsələləri ilə bağlı aşağıdakıları bildirib:

Təşkilatçı, prodüser və ya yayımçı yalnız bir varisdən icazə alaraq əsərdən istifadə edərsə, bu ciddi hüquqi risklər yaradır. Belə hallarda digər varislər tərəfindən məhkəmə iddiaları qaldırıla, istifadə qanunsuz hesab oluna və maddi, eləcə də mənəvi zərərin ödənilməsi tələbi irəli sürülə bilər.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyindən (MHUİB) Interval.Az-a bildirilib ki, bu kimi hallarda hüquqi problemlərin qarşısını almaq üçün bütün varislərin razılığı alınmalı və ya hüquqların idarə olunması kollektiv idarəetmə təşkilatı vasitəsilə həyata keçirilməlidir.
Qeyd olunur ki, müəllif hüquqlarının pozulması halları yalnız milli qanunvericilik çərçivəsində deyil, eyni zamanda beynəlxalq hüquq normaları baxımından da məsuliyyət yaradır.
4 və ya daha çox varis olduqda tək icazə kifayət etmir
İcazə bütün varislərin razılığı ilə verilməlidir
Əks halda istifadə hüquq pozuntusu sayılır.

İnterval.Az 
Ayla Qafqazlı
“Müəllif hüquqları: çoxsaylı varislər olduqda icazə necə verilməlidir?” üçün şərhlər bağlıdır

Bütün xəbərlər