Rusiya qoşunları Kiyev ətrafında cəmləşib, xaotik hücum cəhdləri edir

Kiyev ətrafına cəmləşdirilmiş Rusiya qüvvələri şəhərə doğru xaotik hücum cəhdləri edir. Ukraynanın Mülki Müdafiə Komitəsinin az əvvəl yaydığı məlumata görə, Rusiya hərbi texnikasından ibarət kalonların Kiyevə daxil olmasının qarşısını almaq üçün şəhərin girişlərində müdafiə istehkamları qurulur.

Interval.Az bildirir ki, Müdafiə Nazirliyi də Kiyev ətrafında vəziyyətin olduqca gərgin olduğunu qeyd edir. Bildirilir ki, işğalçılar mülki infrastrukturu məhv etmək taktikası seçiblər və bütün ölkə boyu raket-bomba zərbələri endirirlər.

“Bizim bölmələrimiz sutka boyu düşməni ağır itkilərə məruz qoyur. Olduqca çox sayda Rusiya texnikası atılmış vəziyyətdədir. Daha çox sayda texnika bizim  NLAW, FGM-148 Javelin komplekslərimizlə məhv edilir, havadan isə “Bayraktar”lar vurur. Düşmən bizim zərbələrdən nə gecə, nə gündüz gizlənə bilir”,-Quru Qoşunlarının komandanı, Kiyevin müdafiəsinə rəhbərlik edən general-polkovnik Aleksandr Sırski bildirib.

Herson şəhərində isə vəziyyət hazırda dəyişib. Herson vilayət administrasiyasının rəhbəri Gennadi Laquta özünün sosial media hesabından bəyan edib ki, az əvvəl şəhərə Rusiya hərbi texnika kalonu daxil olub. Vilayət rəhbəri müvafiq foto və videonu da yayıb. Kadrlarda Herson küçələrində irəliləyən Rusiya tankları və digər hərbi texnikası görünür.

Interval.Az


Bütün xəbərlər