Addım-addım yaxınlaşırıq – Ərdoğan

Türkiyə dünyanın ilk on iqtisadi gücündən biri olmaq hədəfinə addım-addım yaxınlaşır.

Interval.Az bildirir ki, bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışında deyib.

Onun sözlərinə görə, hər bir ölkənin inkişafının mühüm tərkib hissəsi kadrların formalaşdırılması və mütəxəssislərin xaricə çıxmasının qarşısının alınmasıdır.

“Təkcə son bir ildə Türkiyə hökuməti ölkədəki 174 universitetin tədqiqat və layihələrinə 1,5 milyard türk lirəsindən çox vəsait ayırıb. Vətənə qayıdan alimlərin sayəsində Türkiyədə güclü elmi ekosistem formalaşır. Bu cür addımlar ölkədən “beyin axını”nı geri qaytarmağa imkan verir”, – deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan vurğulayıb ki, elm və texnologiyaya dəstək kursunun nəticələri Türkiyədə həyatın müxtəlif sahələrində özünü göstərir.

“Türkiyə elm və texnologiya sahəsində yeni nailiyyətlərə doğru irəliləyir. Bu torpaqlar yenidən dünyanın aparıcı elmi-texniki mərkəzlərindən birinə çevriləcək. Biz gənclərə – Teknofest nəslinə güvənirik. Türkiyə hakimiyyəti gəncləri xarici təcrübəni öyrənməyə təşviq etməklə yanaşı, həm də xaricdən gələn alimlər üçün ölkənin cəlbediciliyini artırmağa çalışır”, – deyə Türkiyə Prezidenti bildirib.

O qeyd edib ki, Yer kürəsinin qütblərinin tədqiqi mövzusunda lisey şagirdləri arasında keçirilən Teknofest müsabiqələrinin ən yaxşı üç finalçısı Türkiyənin Antarktika Elmi Missiyasına daxil ediləcək.

Ölkənin əldə etdiyi nailiyyətlərə misal olaraq R.T.Ərdoğan Türkiyənin müdafiə və avtomobil sənayesinin uğurlarına diqqət çəkib.

“Əgər bu gün dünya mediası ilk səhifələrdən Türkiyədəki pilotsuz uçuş aparatlarından yazırsa, deməli, bu xalq çox şeyə qadirdir. Yerli TOGG elektrik avtomobilinin seriyalı istehsalına başlanması, “Kızılelma” pilotsuz hərbi təyyarəsinin ilk uçuşu kimi hər bir Türkiyə vətəndaşını qürur hissi ilə bürüdü. Bu isə hələ başlanğıcdır”, – deyə R.T.Ərdoğan bildirib.

Yıldray Arslan

Interval.Az


Bütün xəbərlər