Rauf Haciyevin musiqi miniatürləri” konserti keçirildi – FOTO

 

Interval.Az  xəbər verir ki,  03-27 dekabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında keçirilən “Rauf Hacıyev-100” Musiqi Festivalı başa çatmaq üzrədir. Festival çərçivəsində iki son konsertin biri – “Rauf Hacıyevin musiqi miniatürləri” adlı musiqi axşamı 22 dekabr  2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutdu.

Rauf Hacıyevin çoxşaxəli yaradıcılığında instrumental musiqi və miniatür janrlar da maraq kəsb edir.  “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert də məhz kiçik həcmli  instrumental və vokal əsərləri daxil edən proqrama əsaslanırdı. Konsert musiqişünas, tədqiqatçı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası  nəzdində Orta ixtisas Məktəb-studiyanın müəllimi Vəfa Həmidova tərəfindən R.Hacıyevin yaradıcı portreti, əsas fəaliyyət dövrləri və əsərləri haqda məzmunlu söhbət ilə haşiyələndi.
Musiqi axşamı janr cəhətdən iki bölümə ayrıldı. Bəstəkarın fortepiano üçün Sonatina və “İki rəqs” əsərləri ilə pianoçu, Prezident təqaüdçüsü Atabala Manafzadə, “Əlcəzair nəğmələri” və “Əlcəzair dəftəri” silsilələri ilə isə pianoçu, BMA nəzdində Məktəb-Studiyanın müəllimi Fəqan Həsənli çıxış etdi.

Növbəti bölmə başlamazdan öncə konsertin aparıcısı Vəfa Həmidova  Rauf Hacıyev yaradıcılığı haqda söhbətini davam etdirərək onun vokal əsərlərinə üz tutdu. Səhnəyə Azərbaycan Respublikasının Xalq artisti, “Bakustik Caz” qrupunun  rəhbəri Salman Qəmbərov və R.Behbudov adına Dövlət Mahnı Teatrının solisti Rövşən Qəhrəmanov dəvət alaraq bəstəkarın “Saçlarına gül düzüm” mahnısının maraqlı, sərbəst tərzdə işlənilmiş təfsirini təqdim etdilər.

Konsertin tamamlayıcı nömrələri isə Respublikanın Əməkdar artistləri, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solistləri  Nərgiz Kərimova və Fərid Əliyevin ifasında səslənən “Talelər qovuşanda” operettasından Nərgiz ilə Əlinin solo nömrələri və hər iki qəhrəmanın “Bu həyat qədər” dueti oldu.

Zamiq Yunisov

Interval.Az

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər