“Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqli cəzasını almalıdır” – Politoloq

“Heç şübhəsiz ki, qanlı 20 Yanvar hadisəsi faciə olmaqla yanaşı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Bundan əlavə, 1990-cı ilin 20 Yanvar hadisəsi xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunub”.

İnterval.Az bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, bu faciə nəticəsində Azərbaycan xalqı bir yumruq kimi birləşməyə müvəffəq oldu: “Bu, eyni zamanda milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Məhz 20 Yanvar hadisəsindən sonra biz özümüzü millət olaraq tanıdıq və dərk etdik. Bəs, 20 yanvar hadisəsinə gətirib çıxaran səbəblər və məqsəd nədən ibarət idi? Məqsəd heç şübhəsiz ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaqdan ibarət idi.

SSRİ-nin o vaxtkı rəhbəri M.S.Qorbaçovun Azərbaycana, xalqımıza düşmən, qəddar münasibəti olduqca ağır nəticələndi. Qorbaçov tərəfindən Azərbaycana rəhbər göndərilən Ə.Vəzirovun amansız, milli-mənəvi hislərdən və dəyərlərdən çox uzaq olmasının nəticəsi idi ki, elə məhz onun dövründə Moskvanın “səyi” nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşirdi. Məhz bu qəddar siyasətin nəticəsi idi ki, anti-Azərbaycan siyasət həyata keçirilirdi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə rəsmi Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qırğın törətdi”.

Politoloq təəssüflə bildirib ki, bu günə qədər M.S.Qorbaçov bu cinayəti törətdiyinə görə heç bir cəza almayıb: “Dinc əhaliyə qarşı belə bir qanlı faciə törədən Qorbaçov hətta Nobel mükafatı alaraq özünə daha rahat həyat qurdu. Hesab edirəm ki, hələ də gec deyil, Qorbaçov cinayət məsuliyyətinə cəlb edilməli və öz layiqili cəzasını almalıdır”.

Ş.Həsənova vurğulayıb ki, bütün bu reallıqlar fonunda 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Belə ki, dərhal yanvarın 21-də Heydər Əliyev xalqla həmrəy olduğunu, xalqın dərdinə şərik çıxdığını bildirdi və dövrün siyasi çətinliklərinə baxmayaraq, bu qətliama etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını açıq şəkildə bəyan etdi.

Heydər Əliyevin qorxmadan, çəkinmədən M.Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, SSRİ-nin Vilnüs, Riqa, Tbilisi kimi digər şəhərlərində də coşqu ilə qarşılandı, SSRİ zülmətinə qərq olan digər xalqların nümayəndələri üçün də bir məşəl rolunu oynadı”.

Bundan sonra 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyevin təşəbbüsü ilə elə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Belə bir tarixi çətinliklər fonunda, Sovet İmperiyasının hələ tam süqut etmədiyi zamanda Heydər Əliyevin bu cür qətiyyətli mövqe nümayiş etdirməsi onun ümummilli maraqlara nə qədər önəm verdiyini, xalqın ağrı-acısına həssas yanaşdığını bir daha sübut etmiş oldu”.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.


Bütün xəbərlər