“Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün təhlükədir”

 

NATO-nun genişlənməsi Avrasiyada təhlükəsizliyə töhfə vermir, Finlandiyanın alyansa daxil olması Rusiya üçün təhlükədir.

Interval.Az TASS-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü müvafiq suala cavabında deyib: “NATO-nun növbəti genişlənməsi bizim qitəmizi daha sabit və təhlükəsiz etmir”.

O, Rusiya Federasiyasının bu vəziyyətə cavab olaraq öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər hazırlayacağını vurğulayıb. “Əlbəttə, bütün bunlar vəziyyəti balanslaşdırmaq və təhlükəsizliyimizi təmin etmək üçün xüsusi təhlil və lazımi tədbirlərin işlənib hazırlanması elementlərinə çevriləcək”, – Peskov bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasına cavab olaraq Rusiyanın əməli hərəkətləri blokun hərbi infrastrukturunun ölkə sərhədlərinə qədər irəliləmə dərəcəsindən asılı olacaq. “Hər şey bu genişlənmə prosesinin gələcəkdə necə ifadə olunacağından, alyansın hərbi infrastrukturunun sərhədlərimizə nə qədər yaxınlaşacağından asılı olacaq”, – prezidentin mətbuat katibi izah edib.

O, Rusiya lideri Vladimir Putinin NATO-nun şərq cinahının gücləndirilməsi ilə əlaqədar Rusiya Federasiyasının qərb sərhədlərinin möhkəmləndirilməsi üzrə tədbirlərin siyahısının hazırlanması ilə bağlı hazırkı göstərişini xatırladıb. “Finlandiya Aİ daxilində ölkəmizə qarşı atılan qeyri-dost addımlara qoşulub. Bu, bizi təəssüfləndirməyə bilməz və bizim müvafiq cavablarımıza səbəb olur”, – Peskov əlavə edib.

“NATO-nun genişlənməsi və alyansın hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması dünyanı, ən əsası isə Avrasiya qitəmizi daha sabit və təhlükəsiz etmir. Bu, birmənalıdır”, – prezidentin mətbuat katibi yekunlaşdırıb.

Aslan Məmmədov
Interval.Az


Bütün xəbərlər