Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçıları BƏYANAT yaydı

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin səkkizinci üçtərəfli görüşündə qəbul olunan Tbilisi bəyanatının tam mətni açıqlanıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, sənədi Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri – Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu imzalayıb.

Bəyanatda deyilir:

“23 dekabr 2019-cu il tarixində Gürcüstanın Tbilisi şəhərində Xarici İşlər naziri Zati-aliləri David Zalkalianinin dəvəti əsasında, Azərbaycan Respublikasının Xarici İşlər naziri Zati-aliləri Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri Zati-aliləri Mevlüt Çavuşoğlunun iştirakı ilə hər üç ölkənin Xarici İşlər nazirlərinin Səkkizinci Görüşü keçirildi.

Nazirlər həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib bir platforma kimi xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul Bəyannamələrindəki öhdəliklərini vurğuladılar;

Ölkələri arasında artan ikitərəfli və üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər;

Hər üç ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha təsdiq etdilər;

Bu xüsusda, regionda mövcud münaqişələrin sülh, təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa zərbə vurduğunu, beləliklə status-kvonun qəbuledilməz olduğunu və davamlı olmadığını və münaqişələrin gecikmədən sülh yolu ilə həll edilməsini tələb etdiyini vurğuladılar;

Gürcüstanın Abxaziya və Tsixinvali/Cənubi Osetiya və Azərbaycan Respublikasının Dağlıq-Qarabağ bölgəsi və ətraf rayonlarında münaqişənin dayanıqlı sülh yolu ilə beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə də suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həllinin mühüm əhəmiyyətini bir daha vurğuladılar; qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini qeyd etdilər;

Müdafiə sahəsində əməkdaşlıqla bağlı 2018-ci il Anlaşma Memorandumu ilə vurğulandığı kimi, müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdilər, müdafiə sənayesində növbəti əməkdaşlıq, üçtərəfli təlim və məşğələrdə əməkdaşlığın, eləcə də yüksək səviyyəli görüşlərin zəruriliyini vurğuladılar. Bununla bağlı 12 iyun 2019-cu il tarixində Qəbələ şəhərində baş tutmuş Müdafiə nazirlərinin Üçtərəfli Görüşünü alqışladılar.

Enerji, nəqliyyat, telekommunikasiya, innovasiya, texnologiya, sənaye, kənd təsərrüfatı, turizm, və ətraf mühit sahələrində birgə layihə və proqramların icrası vasitəsilə iqtisadi-ticarət əməkdaşlığını daha da gücləndirmək, investisiya və ticarətin təşviqi üçün mövcud potensialdan istifadə etmək, həmçinin əməkdaşlığın təşviq edilməsinə dəstək göstərməyə razılaşdılar;

Beynəlxalq səviyyəli layihələrin birgə təşviqi daxil olmaqla, Cənub Dəhlizinin enerji layihələrinin həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin davam etdirilməsi və daha da dərinləşdirilməsi üzrə qətiyyətlikilərini bir daha təsdiq etdilər;

Enerji sahəsində əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını ifadə etdilər və enerji sektorundan məsul nazirlərin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsini təşviq etməyi qərara aldılar;

Üç ölkənin müvafiq şirkətləri arasında elektrik enerjisi sahəsində birgə layihələrin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmlənidirlməsinin əhəmiyyətini qeyd etdilər və elektrik enerjisi sahəsində əməkdaşlığın yaxşılaşdırılması məqsədilə üçtərəfli elektrik enerjisi bazarının yaradılmasının əhəmiyyətini vurğuladılar;

Enerji sahəsində strateji tərəfdaşlığı qeyd etdilər, Trans Anadolu Qaz Boru Xətti (TANAP), Cənub Qaz Dəhlizinin (CQD) digər əhəmiyyətli komponentlərinə, eləcə də Xəzər regionundan Avropaya təbii qaz nəqlinin həcminin artırılması məqsədini daşıyan enerji layihələrinə tam dəstək verdiklərini təsdiq edərək, bu layihələrin uğurla tamamlanması və fəaliyyətinin təmin olunmasında Azərbaycan, Gürcüstan və Türkiyənin rolunu vurğuladılar. Bu xüsusda, 2019-cu ilin 30 Noyabr tarixində İpsala, Ədirnədə TANAP-ın Avropa Əlaqələndirilməsi üzrə İnoqurasiyasını alqışladılar;

Trans Xəzər Şərq-Qərb Orta Dəhliz də daxil olmaqla əsas beynəlxalq tranzit dəhlizləri üzərində yerləşən üç ölkənin tranzit potensialının, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizinin, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya səylərinin gücləndirilməsi üçün atılmış əhəmiyyətli addımları vurğuladılar, nəqliyyat və rəqəmsal infrastrukturun inkişafı, Ağır və yumşaq infrastrukturun inkişafı, xüsusilə də tranzit potensialının artırılması üzrə nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üçün yeni layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdilər;

Asiya və Avropa arasında rəqabətyönümlü nəqliyyatın asanlaşdırılmasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin və Dəmir İpək Yolunun bir hissəsi kimi Marmaray layihəsinin əhəmiyyətli rolunu vurğuladılar. Bu xüsusda, BTQ-nin tam fəaliyyəti üçün onun tamamlanmasının sürətləndirilməsin, eləcə də qeyd olunan dəmir yolu vasitəsilə yük daşımalarının həcminin artırılması və sərnişin daşınmasına başlanılması, həmçinin BTQ dəmir yolunun və Dəmir İpək Yolunun gücləndirilməsi məqsədilə xəttin tutumunun artırılması və infrastruktur çatışmazlığının aradan qaldırılması üçün işlərin yekunlaşdırılması üzrə razılığa gəldilər;

Multimodal nəqliyyat əməkdaşlığı üzrə Türkiyə-Gürcüstan-Azərbaycan komitəsinin yaradılmasının əhəmiyyətini vurğuladılar;

Informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın vacibliyini qeyd edərək, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin plaşdırılması və həyata keçirilməsi də daxil olmaqla, Asiya və Avropa arasında beynəlxalq rəqəmsal əlaqənin inkişaf etdirilməsi istiqamətində səylərin gücləndiriləcəyinə razılaşdılar;

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, QDİƏT-i layihə yönümlü təşkilat etmək öhdəliklərini bir daha qeyd etdilər və QDİƏT-i canlandırmaq üçün birgə işləmək qərarına gəldilər;

Müvafiq ölkələrin gömrük qurumları arasında mövcud yaxşı əməkdaşlığın əhəmiyyətini bildirdilər, Türkiyə Ticarət Nazirliyi, Gürcüstanın Vergi Xidməti və Azərbaycanın Dövlət Gömrük Komitəsi arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin təsis edilməsi üçün işin aparılmasına razılaşdılar;

Bölgənin nəqliyyat iqtisadi dəhlizinin cəlbediciliyinin möhkəmləndirilməsi və genişləndirilməsinin və gömrük sənədlərinin rəqəmsallaşdırılması, məlumatın elektron mübadiləsi vasitəsilə malların hərəkətinin asanlaşdırılması üçün çərçivənin formalaşdırılmasının əhəmiyyətini vurğuladılar;

Dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi kimi nəzərdə tutulan layihə və proqramları həyata keçirilərək ekspertiza, bilik, texnologiya və ən yaxşı təcrübənin mübadiləsi vasitəsilə sənaye sahəsində əməkdaşlığın əhəmiyyətini ifadə etdilər;

Kiçik və Orta Müəssisə (KOM) sahəsində biliyin və təcrübənin bölüşməsi və KOM-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə KOM-a yardımcı təşkilatlar arasında birgə əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

Regionda ekoloji tarazlığın saxlanılması məqsədilə ətraf mühitin mühafizəsi, meşəçilik, torpaqdan istifadə və su resurslarının idarə edilməsi sahələrində əlaqələrin, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini vurğuladılar;

İş adamları üçün yeni imkanların yaradılması məqsədi daşıyan bir platforma kimi növbəti Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumunun ən qısa zamanda keçirilməsinin əhəmiyyətini ifadə etdilər;

Gürcüstanın innovasiya və texnologiya, o cümlədən biliklərə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əlverişli ekosistemin yaradılması istiqamətində uğurlu islahatların aparıldığını vurğuladılar və üç ölkə arasında əməkdaşlığı artırmağa hazır olduqlarını bildirdilər;

Yüksək səviyyəli siyasətçilər, biznes və ictimai liderlər arasında əhəmiyyətli ticarət və əlaqə ilə bağlı məsələlərin müzakirəsi, İpək Yolu üzərində Şərq və Qərbi birləşdirən ölkələrin üzləşdiyi çağırışların tədqiqi, habelə region və qlobal iqtisadiyyat üzərində güclü təsiri olan müştərək həll variantlarının tapılması məqsədilə çoxtərəfli yüksək səviyyəli dialoq üçün beynəlxalq platforma kimi xidmət edən, 22-23 oktyabr 2019-cu il tarixlərində keçirilmiş 3-cü Beynəlxalq Tbilisi İpək Yolu Forumunun əhəmiyyətini vurğuladılar. Forum ayrıca panel müzakirələrində süni intellekt, ticarət, nəqliyyat və enerji ilə bağlı tam spektrli məsələlərin müzakirəsi üçün imkanlar yaradır, həmçinin Gürcüstanda özəl sektor və investisiya imkanlarına diqqəti cəmləşdirir;

Sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını araşdırmağa və genişləndirməyə dair razılıqlarını verdilər;

Terrorizmin, zorakı ekstremizmin və separatizmin bütün növlərinə və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə, silahlara, insan alverinə, mədəni və tarixi irsə qarşı cinayətlərə, çirkli pulların yuyulmasına, kibercinayətkarlığa, dezinformasiya kampaniyalara, miqrant qaçaqmalçılığına və digər transmilli təhdidlərə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiq olduqlarını bir daha ifadə etdilər;

Hər üç ölkənin təhlükəsizliyinə hədə təşkil edən terrorçu qruplarına qarşı mübarizədə bir-birlərinə dəstəyi və səylərini davam etdirməkdə qətiyyətlərini vurğuladılar;

Hər üç ölkənin xalqları arasında əlaqələrə töhfə verəcək humanitar sahədə əməkdaşlığın, o cümlədən mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və bu sahələr üzrə birgə layihələrin və tədbirlərin irəli sürülməsinə və təşviq olunmasına hazır olduqlarını ifadə etdilər;

Bölgədə etnik və dini tolerantlıq irsini əks etdirən mədəni irsin qorunması üçün aidiyyəti qurumların səylərini artırmaq üçün üç ölkə arasında genişləndirilmiş əməkdaşlığa ehtiyac duyulduğunu vurğuladılar;

Keçmiş SSRİ Hökuməti tərəfindən keçmiş Gürcüstan SSR-dən sürgün edilmiş məcburi köçkünlərin deportasiyasının 75-ci ildönümünün anımı münasibətilə dərin hüzn ifadə etdilər və Gürcüstan hakimiyyətinin məcburi köçkünlərin geri qayıtması ilə əlaqədar atdığı addımları müsbət qiymətləndirdilər;

Mədəniyyətlərarası dialoq, tolerantlıq və müxtəlifliyə hörmətin təşviq edilməsi üçün əsas qlobal platforma kimi “Bakı Prosesi”nin önəmli rolunu vurğuladılar;

2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının uğurla həyata keçirilməsindən məmnunluq ifadə etdilər və 2020-2022-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının qəbul olunmasının əhəmiyyətini vurğuladılar;

Növbəti görüşün Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı razılığa gəldilər”.


Bütün xəbərlər