2020-nin dünyanı silkələyən yanvarı… – FOTO

Bu gün artıq 2020-ci ilin ilk ayı bitir. Dünya əhalisinin yeni ildən gözləntiləri əsasən, sülh, əmin- amanlıq, sağlamlıqla bağlı olduğu halda yanvar ayı fəlakət, faciələrlə yadda qaldı.

İnterval.Az qafqazinfo-ya istinadən yanvar ayında baş verən və dünyadakı proseslərə mənfi təsir edən 7 hadisəni təqdim edir:

Bu ilin ilk belə hadisəsi yanvarın 3-də baş verib. İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. Bundan sonra İranla ABŞ arasında münasibətlərdə gərginlik pik həddə çatıb.

Prezident Donald Tramp Qasım Süleymaninin öldürülməsinə münasibətində onun illər öncə məhv edilməli olduğunu bildirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə Süleymaninin öldürülməsinə görə qisas alacaqlarına söz verib.

Dünyanı dəhşətə gətirən hadisələrdən biri isə Süleymaninin qətlindən 5 gün sonra, yanvarın 8-də olub. Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya düşüb. Nəticədə 176 nəfər həlak olub.

Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

İnsidentdən günlər sonra İran hakimiyyəti təyyarənin təsadüfən vurulduğunu açıqlayıb.

Bu il siyasi arenada da mühüm hadisə qeydə alınıb. Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Bu vəzifəyə 2010-cu ildən Federal Vergi Xidmətinin(FTS) rəhbəri vəzifəsini icra edən Mixail Mişustin gətirilib.

Putin yanvarın 16-da Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması haqqında sərəncam imzalayaraq Dmitri Medvedevi bu posta rəhbər təyin edib.

Keçən il Avstraliyanı bürüyən meşə yanğınları cari ilin yanvarında daha da güclənib. Avstraliya ötən ilin sentyabrından bəri əhaliyə, flora və faunaya çox böyük ziyan vuran meşə yanğınlarının görünməmiş bir dalğasına məruz qalıb. Hələ də söndürülməyən təbii yanğınlar nəticəsində milyonlarla hektar ərazi yanıb. Dekabrda isə 27 nəfər ölüb, 2 mindən çox ev dağılıb.

Sidney Universitetin təxmini hesablamasına görə, yanğınlarda milyarddan çox heyvan ölüb.

Yanvarın gözlənilməz hadisələrindən biri isə ötən ilin dekabrın 30-da Çinin Uhan şəhərində koronavirus adlı yeni virusun yayılmağı olub. Son məlumatlara görə, Çində 9390 nəfər koronavirusa yoluxub, onlardan 213 nəfər dünyasını dəyişib. Bundan əlavə, Tailand, Avstraliya, Sinqapur, Yaponiya, ABŞ, Fransa və Almaniya da daxil olmaqla bir sıra ölkələrdə virusa yoluxma halları qeydə alınıb.

Yanvar ayı Türkiyə üçün fəlakətlə bitib. Belə ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

Başa vurduğumuz bu ay idman dünyası üçün ağır xəbərlə yadda qaldı. Yanvarın 26-da dünyaca məşhur basketbolçu Kobi Brayantın olduğu “Sikorsky S-76” tipli helikopter Kaliforniyada qəzaya düşüb. Nəticədə, “Black Mamba” ləqəbli 41 yaşlı basketbolçu dünyasını dəyişib. Onunla birlikdə 13 yaşlı qızı Cianna və daha 7 nəfər həlak olub.

 


Bütün xəbərlər