Təxirə salınmış Bakı-Naxçıvan aviareysləri bu gün həyata keçiriləcək – AZAL

“Azərbaycan Hava Yolları” aviaşirkəti təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.

Interval.Az bildirir ki,      “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 16:00-da həyata keçiriləcək.

Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-nə planlaşdırılan J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) nömrəli reyslər bu gün, dekabrın 19-u yerli vaxt ilə saat 18:20-da həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri AZAL-ın ən böyük geniş gövdəli təyyarəsi “Airbus A340” ilə Naxçıvan hava limanına yola düşəcəklər.

Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Zamiq Yunisov 

Interval.Az 


Bütün xəbərlər