Gənc Tamaşaçılar Teatrının akytyorları mərhum aktrisanı yad ediblər – FOTO

Fevralın 6-da, Xalq artisti, aktrisa Firəngiz Şərifovanın doğum günündə Gənc Tamaşaçılar Teatrının aktyorları onun məzarını ziyarət ediblər.

2014-cü ildə vəfat edən, Fəxri xiyabanda dəfn edilən aktrisa Azərbaycanın görkəmli aktyoru, teatr xadimi Abbas Mirzə Şərifzadənin və Xalq artisti Mərziyə Davudovanın övladı olub. Atasının və anasının yolunu davam etdirən Firəngiz Şərifova 1941-ci ildə ailələrinin yaxın dostu və xeyirxahı Üzeyir bəy Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyasının) vokal fakültəsinə daxil olub.

Hələ uşaqlıqdan böyük dramaturqumuz Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarını canlandırıb. Beləliklə həm aldığı təhsil, həm də uşaqlıqdan sənətlə bağlı olması Firəngiz Şərifovanın ömrünü birdəfəlik teatrla, səhnə ilə bağlayıb. Ayrı-ayrı vaxtlarda Musiqili Komediya və Dram Teatrlarında çalışan aktrisa 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrının aparıcı sənətkarı olub. Gənc Tamaşaçılar Teatrı səhnəsində Gülzar (“Tamahkar”, Süleyman Sani Axundov), Kraliça (“Qarlar kraliçası”, Hans Xristian Andersen), Zənci qadın Darotti (“Tom dayının koması”, Biçer Stou), Aqadaya Tixonovna (“Evlənmə”, Nikolay Qoqol), Yasəmən (“Qaraca qız”, Abdulla Şaiq), Şərəfnisə (“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə), Zerbinetta (“Skapenin kələkləri”, Jan Batist Molyer), Yaqut (“Yaşar”, Cəfər Cabbarlı), Cemma (“Ovod”, Etel Voyniç), Fitnə, Ana Vətən, (“Fitnə” və “El oğlu”, Abdulla Şaiq), Məhsəti Gəncəvi (“Rübailər aləmində”, Məmmədhüseyn Təhmasib), Həmidə (“Keçən ilin son gecəsi”, Anar) kimi neçə-neçə unudulmaz rolları ifa edib.

Fəxri xiyabanda aktrisanın teatr və sənət yolunu yada salan kollektiv onun aid olduğu ailənin ənənələrinə sadiq qalaraq gənclərə qayğıkeş münasibətini xüsusi vurğulayıblar. Onun həm teatr səhnəsində, həm də kinoda canlandırdığı hər bir obrazın yeni gələn nəsillər üçün ustad dərsi olduğunu qeyd ediblər.


Bütün xəbərlər