Hansı avtomobillər ucuzlaşacaq, hansılar bahalaşacaq?

Bu il yanvar ayının 1-dən Vergi Məcəlləsinə avtomobillərlə bağlı edilən dəyişikliklər qüvvəyə minib. Son dəyişikliklər avtomobil bazarına da təsir göstərəcək.

Bunu Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı bu ildən başlayaraq növbəti 3 ildə əlavə dəyər vergisindən (ƏDV) azad edildi: “Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur.

Digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir”.

Ekspert qeyd edib ki, hibrid və elektron avtomobillərin əlavə dəyər vergisindən azad olunmasının əsas iki səbəbi var. Birincisi yol hərəkətinin təhlükəsizliyi, ikincisi isə ətraf mühitin qorunmasıdır. Hibrid və elektron avtomobillərin əlavə dəyər vergisindən azad olunması onların qiymətində azalmalar gətirib çıxaracaq.

“Sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar istisna edilmir. Belə ki, ƏDV-dən azadolma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərrikli avtomobillərin idxalı ilə yanaşı, satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq”, – o bildirib.

İqtisadçı Vüqar Bayramov isə qeyd edib ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər iqtisadi baxımdan anlaşılandır.

“Məqsəd hibrid və elektron avtomobillərə marağı artırmaq və mühərriki böyük olan və ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır. Bu ekoloji və yol təhlükəsizliyi baxımdan da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını və volatilliyin yüksək olduğunu nəzərə aldıqda hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur.

Bunun da əsas iki səbəbi var. Birincisi yol hərəkətinin təhlükəsizliyi, ikincisi ətraf mühitin qorunması. İrimühərrikli avtomobillərin aksiz vergisi artırılır ki, vətəndaşlar kiçikmühərrikli, atmosferi az çirkləndirən avtomobillərə üstünlük versinlər. Düşünmürəm ki, elktromobillərin qiyməti çox ucuzlaşacaq. Çünki elektromobil çox bahalı avtomobildir. Üç il sınaq müddətidir. Ola bilər ki, üç il sonra ölkəmizdə avtomobillərin əksəriyyəti elektromobil olsun. Elektromobillərin ölkəmizdə az olmasının əsas səbəbləri onların maddi-texniki bazasının, eləcə də usta, servis xidmətinin zəif olmasıdır.

Interval.az


Bütün xəbərlər