Bir sıra ölkələr Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı icazə sistemini tətbiq etmək istəyir

Azərbaycanda xüsusi karantin rejimində insanların hərəkətini idarə etmək üçün yaradılmış icazə sistemi (https://icaze.e-gov.az/ portalı) artıq bir sıra ölkələrin marağına səbəb olub.

İnterval.Az Trend-ə istinadən bildirir ki, artıq bəzi ölkələr bu sistemi tətbiq etmək istəyir.

Bunların sırasında Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri də var.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.

İcaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərəkətlərinin təmin edilməsi məqsədilə onlar üçün icazənin alınmasını təmin edir.

Xatırladaq ki, aprelin 5-də koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah 20 aprel 2020-ci il saat 00:00-dək məhdudiyyət tətbiqi ilə bağlı qərar verib.

Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

“ASAN Könüllüləri” İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.


Bütün xəbərlər