Məktəblilər üçün futbol üzrə master-klass keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı İdman Sarayında məktəblilər üçün futbol üzrə master-klass keçirilib.

RİİB-dən Trend-ə verilən məlumata görə, ustad dərsində 10-13 yaş arası 50-dən çox uşaq iştirak edib. Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədov və Emil Balayev məktəblilərə peşəkar futbolçu kimi yetişmək üçün faydalı məsləhətlər verib, öz təcrübələrini bölüşüb, maraqlı futbol fəndləri nümayiş etdirib, həmçinin onlarla birgə futbol oynayıblar.

Yekunda tədbirdə iştirak edən bütün uşaqlara, fərqlənən yeniyetmə iştiraçılara hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.

Tədbir yeniyetmələr arasında idmana, xüsusən də futbola olan marağın artıırılması, bu idman növünə həvəs göstərən məktəblilərin stimullaşdırılması, sağlam həyat tərzinin təbliğinə dəstək verilməsi məqsədi ilə keçirilib.

İdmanın müxtəlif növləri üzrə yarış və master-klassların paytaxt və regionlarda davamlı olaraq keçirilməsi nəzərdə tutulur.


Bütün xəbərlər