Ermənistanın dağ-mədən müəssisələrində aparılan işlərdə heç bir hesabatlılıq yoxdur – Şərh

Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatları koalisiya yaratmaqları barədə bəyanat veriblər. İnterval.Az AZƏRTAC-a istinadən məlumatına görə,

Mövzunu AZƏRTAC-a şərh edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədr müavini, Qida təhlükəsizliyi hərəkatının rəhbəri Məhsəti Hüseynova deyib: “Hazırda bütün dünya birliyinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri uğrunda səfərbər olaraq ətraf mühit problemlərinin həlli üçün daha əzmlə çalışdığı bir vaxtda, Ermənistanın davranışları bu fəaliyyətə tamamilə ziddir”.

Onun sözlərinə görə, Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozmaqla getdikcə gücləndirilən iqtisadi fəaliyyəti 15 milyondan çox əhalinin yaşadığı Cənubi Qafqaz regionunu narahat etməlidir.

“Mütəxəssislər tərəfindən aparılan yoxlamalar Ermənistanın dağ-mədən müəssisələrinin zəhərli kimyəvi tullantılarının Azərbaycanla sərhəddə də su resurslarına, ətraf mühitə böyük ziyan vurduğunu aşkarlayıb. Bu da bir daha sübut edib ki, həmin müəssisələrdə aparılan işlərdə heç bir hesabatlılıq yoxdur və şəffaflığa riayət olunmur. Eyni zamanda, ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar, normalar pozulur. Həmin məsələlər Ermənistan və Gürcüstan əhalisi üçün də ciddi təhlükə, sağlamlıq riskləri yaradır”, – deyə M.Hüseynova bildirib.

O qeyd edib ki, Ermənistan dağlıq region olduğu üçün qızıl istehsalı yalnız torpağı yox, eyni zamanda, su obyektlərinin çirklənməsinə səbəb olur. Tərkibində ağır və çirkləndirici metallar nəticəsində həm torpaq, həm də su mənbələri çirklənir. Olduqca qiymətli balıqlar tələf olur, torpaqlar sıradan çıxır.

M.Hüseynova Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan QHT-ləri tərəfindən “Environmental Protection First” adlı koalisiyanın yaranmasını olduqca yüksək qiymətləndirib: “Bu koalisiyaya ekoloqlar və ya həmin sahədə çalışan digər QHT-lərin qoşulması vacibdir. Çünki ətraf mühitin bilərək, planlı şəkildə, qəsdən çirkləndirilməsi prosesi birbaşa olaraq ətraf ərazilərdə yaşayan insanların sağlamlığına, dolayısı yolla bütün dünyaya zərər verir. Eyni zamanda, Ermənistan və Gürcüstanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının koalisiyaya qoşulması məqbuldur. Koalisiyanın fəaliyyəti çərçivəsində Ermənistanda işləyən xarici şirkətlərin baş ofisləri, onların mənsub olduğu ölkələrin aidiyyəti rəsmi qurumları ilə, o cümlədən beynəlxalq təşkilatlarla fəal kommunikasiya, əməkdaşlıq qurmaq niyyətində olmasını alqışlayır və bu sahədə tez bir zamanda vacib addımların atılacağına ümid edirik”.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər