Rektor tələbələrə 190 manatlıq forma satan dekanı işdən çıxardı – YENİLƏNİB

Azərbaycan Texniki Universitetinin (AzTU) iki vəzifəli şəxsi vəzifəsindən azad edilib.

İnterval.Az xəbər verir ki, bu barədə Trend-ə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib.

O bildirib ki, rektorun əmri ilə AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub. O, bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.

S.İsgəndərova qeyd edib ki, universitetin Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Ramiz Hüseynov isə bu ilin noyabrında vəzifəsindən azad edib: “R. Hüseynov universitet tələbələrinə xüsusi geyim formaları almasını məcbur edib. O, həmçinin tələbələrə bu formaları özünün tanıdığı şəxsdən almağı tələb edib. Tələbələrin şikayəti əsasında R. Hüseynova universitet rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq olunsa da, o, bu xəbərdarlığa məhəl qoymayıb. Nəticədə R. Hüseynov vəzifəsindən azad edilib.

* * *

Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə universitetin Feysbuk səhifəsində məlumat yayılıb.

Məlumatda bildirilir ki, həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.

Qeyd edək ki, Q.İsayeva bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda bu gün “Azərbaycan universitetləri” adlı Feysbuk səhifəsində universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanının tələbələrə qanunsuz forma satdığı üçün rektor tərəfindən işdən çıxarıldığı barədə məlumat yayılıb.

Qafqazinfo yayılan məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova ilə dəqiqləşdirib. O qeyd edib ki, belə bir fakt 1 ay bundan əvvəl baş verib:

“Həmin dekanın adı Ramiz Hüseynovdır. Sözügedən kafedrada müdafiə sənayesi üçün silahların hazırlanması tədris olunur. Dekan xüsusi hərbi geyim formasını məcburi olaraq tələbələrə aldırmaq istəyib.

Belə ki, o, tələbələri özünün seçdiyi tikiş evinə yönləndirirmiş. Həmin formaların qiyməti isə 120-190 manat arasında olub. Universitetin nizamnaməsində belə qayda yoxdur. Buna görə də, rektor tərəfindən işdən azad edilib”.


Bütün xəbərlər