Heydər Əliyev məktəbi dünya dövlətçilik və idarəçilik sistemində yeni bir kəşfdir

1923-cü il 10-u may günü – əslində, Azərbaycan xalqının alın yazısı günü imiş… O gün, taleyinə doğulan günəşin işığı ilə, Azərbaycan, dörd-dövrəsindəki bütün qaranlıqları yarıb, işıqlı gələcəyə qovuşacaqmış!… O günəş – Ulu Tanrının bu təqvimdə Azərbaycan xalqına bəxş etdiyi və sonralar onun xilaskarına – ümummilli liderinə çevirdiyi Heydər Əlirza oğlu Əliyevdir!

Yer kürəsində bir-biri ilə ölüm-dirim mübarizəsi aparan, soyuq müharibə edən iki böyük ictimasi-siyasi sistemin bir-birinin əksinə hökm sürdüyü bir zamanda, birinin həmişə ehtiyat etdiyi və həsəd apardığı, digərinin güvəndiyi və möhtac olduğu böyük bir siyasi fiqur var idi… Möhkəm iradəsi, dərin zəkası və iti ağlı ilə əks qüvvələri təşvişə salaraq, dünyanın diqqət mərkəzində olan o böyük dahi sosializm sisteminin ən güclü dayaqlarından biri olan Heydər Əlirza oğlu Əliyev idi.

Onun bu sistemdə birinci şəxs olması ehtimalı həm qərbi, həm də şərqi çox narahat edirdi. Çünki O, məğlubedilməz rəhbər kimi düşmən qüvvələri vahiməyə salan böyük türk oğlu idi. Odur ki, “rəhbəri Heydər Əliyev olan dövləti yıxmaq mümkün olmayacaq” prinsipinə əməl edən əks qüvvələr birləşib dahi şəxsiyyət Heydər Əliyevə qarşı çıxdılar. Dünyanın idarə olunmasında böyük təsir gücünə malik olan dövlətlərin prezident seçkilərində həlledici rol oynaya bilən və dünya həqiqətlərini saxtalaşdırmaqda ixtisaslaşan erməni lobbisi dini düşmənçilik toxumu səpərək müsəlman dünyasının əleyhinə olan bütün qüvvələri qızışdıraraq, səfərbər edib böyük türk oğluna qarşı qoydular.

Nəhayət ki, 1987-ci ildə qeyri-adi istedada malik olan bir rəhbər kimi dünyada nüfuz qazanmış və milliyyətindən, dilindən, dinindən asılı olmayaraq beynəlxalq aləmdə dünya xalqlarının rəğbətini qazanmış o böyük dahini düşünülmüş plan əsasında qərəzli olaraq vəzifəsindən uzaqlaşdırdılar. İki həftə keçməmiş qondarma Dağlıq Qarabağ problemini ortaya atdılar. Vəzifəsindən uzaqlaşdırılan Heydər Əliyev bir lider kimi yenə də, yüksəkdə dayanırdı, ondan yenə də qorxurdular. Odur ki, həyatına da sui-qəsdlər hazırlayır, onu cismən məhv etməyə çalışırdılar. Məlumdur ki, şəxsiyyətlər üzərində araşdırmalar və təhqiqatlar aparan müvafiq institutları olan böyük dövlətlərin rəhbərləri çox gözəl bilirdilər ki, vətənini və xalqını öz canından, doğma balasından artıq sevən dahi şəxsiyyət Heydər Əliyev üçün ən ağır zərbə – onun xalqını əzmək, müstəqilliyini əlindən almaqdır! Odur ki, bundan məlumatlı olan əks qüvvələr çirkin niyyətlərinə nail ola bilsinlər deyə, ilk növbədə o böyük şəxsiyyəti mənən öldürməli və ya aradan götürməli idilər…Odur ki, təqiblər, təzyiqlər davam edir, killerlər öz işlərində idilər…

“Qoy ədalət zəfər çalsın!” şüarını əldə rəhbər tutaraq, haqqı tapdanmış, hüququ itirilmiş insanların həmişə müdafiəsinə qalxan bir liderin indi özünün hüquqları tapdalanmış, ona və onun xalqına qarşı haqsızlıqlar edilmişdir. Bu haqsızlıqlar qarşısında məğrur dayanaraq, düşmənlərə baş əyməyən o böyük şəxsiyyət daxilən dözmədi, ürəyindən zədə aldı! Lakin öz xalqının içindən ən murdar, alçaq adamların əməkdaşlığından istifadə edən düşmənlər onu mənən sarsıda və yıxa bilmədilər. Atalar yaxşı deyiblər: – “Polad qırılar – əyilməz”.

Belə ki, onun hakimiyyətdə olmamasından istifadə edərək, erməni katalikosunun cadusu ilə sehirlənən və qərbin dəstəyindən ilham alan sovet rəhbərliyi başda Qorbaçov olmaqla, arxalı köpək qurd basarmış kimi Azərbaycanın çörəyini yeyən və nefti ilə güclənən sovet ordusunun əli ilə 1990-cı ildə dinc əhaliyə qarşı dəhşətli 20 Yanvar faciəsini törətdilər. Dəhşətli 20 Yanvar faciəsinin səhərisi günü yataqda xəstə olan ulu öndər Heydər Əliyev heç bir terrordan, təqib və təzyiqlərdən qorxmayaraq tək-tənha, gənc oğlu cənab İlham Əliyevlə çiyin-çiyinə, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı səfirliyinə gəlir, mətbuat konfransı keçirir. Azərbaycan xalqının haqq səsini ilk dəfə olaraq dünya ictimaiyyətinə çatdırır və Qarbaçovun bu əməliyyata birbaşa rəhbərlik etdiyini, cinayətkar olduğunu çəkinmədən, xüsusi qeyd edir. Bununla belə Heydər Əliyevi öz iradəsindən döndərə bilmirlər və O, xəstəliyinə belə güc gələrək, xalqının müdafiəsi naminə ayağa qalxır!… Vətənə qayıdır.

Lakin burada da şər qüvvələr onu rahat buraxmır. Sanki bütün proseslər 2500 il bundan əvvəl məhşur Çin sərkərdəsi və filosofunun düşmən dövləti necə yıxmaq haqqında yazıb qoyduğu təlimat üzrə cərəyan edirmiş…

O yazırdı… “Sizə düşmən olan ölkədə yaxşı nə varsa hamısını məhv edin, düşməninizin görkəmli nümayəndələrini cinayət aləminə cəlb edin. Onları hörmətdən, nüfuzdan salın, lazım olan məqamda ictimaiyyət qarşısında rüsvay edin. Bu işdə, məhz ən alçaq və murdar insanların əməkdaşlığından istifadə edin. Düşmən ölkənin vətəndaşları arasında mübahisə və toqquşmaları qızışdırın. Gəncləri qocaların əleyhinə qaldırın. Hökumətin fəaliyyətinə bütün vasitələrlə mane olun…

Əlbir olanların və məlumatların satın alınması üçün edilən təkliflərə və hədiyyələrə çəkiləcək xərclərə əliaçıq olun. Ümumiyyətlə, bu yolda nə pula, nə də verəcəyiniz vədlərə qənaət etməyin, belə ki, onlardan böyük gəlir götürəcəksiniz”.

Lakin bütün bunlara baxmayaraq, müdrik Azərbaycan xalqı öz böyük oğlunu bağrına basaraq, onu qorudu və yaşatdı, sağlam ürəkli gənc bir oğlana döndərdi. O da, öz müqabilində xalqın dayağı oldu!

Ulu öndərimiz Heydər Əliyev, dağılmış SSRİ zəncirindən ayrılaraq yerdə qalmış bir qızıl xəzinəsi olan Azərbaycanı, əhatəyə almış və pay-püşk etməyə hazırlaşmış məlum hegemon dövlətlərdən azad edərək qorudu, müstəqilliyini əldə etdi, xalqını firavan yaşatmaq üçün böyük əzmlə quruculuq işlərinin təməlini qoydu…
Söz yox ki, düşmən qüvvələr yatmır, öz mübarizələrində davamlı idilər…

Demokratiya pərdəsi altında fəaliyyət göstərən bu qüvvələr ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi, Azərbaycanın xoşbəxt gələcəyinin təməli olan “Əsrin Müqaviləsi” kimi siyasi əhəmiyyətli dövlət proqramına, onun bütün dünyanı valeh edən neft strategiyasına qarşı çıxsalar da, göründüyü kimi mane ola bilmədilər. Müəllifi olduğu və dünya siyasətçilərinin əfsanə adlandırdığı Bakı-Ceyhan-Tbilisi neft boru kəmərini, dünya qarşısında qəhrəmanlıq edərək həqiqətə çevirdi. Beynəlxalq İpək Yolunu bərpa etdi və mərkəzi ofisinin öz təşəbbüskarlığı ilə Bakıda açılmasına nail oldu. Bütün əks qüvvələrin çarpışmalarına və təkidlərinə baxmayaraq, rəhbəri ulu öndər Heydər Əliyev olan Azərbaycanı müharibəyə sürükləyə bilmədilər. Heydər Əliyev atəşkəs elan edərək dinc, azad və müstəqil Azərbaycan Respublikası yaratdı, Avropa və qərb dəyərləri ilə inteqrasiya etdirərək, onu müasirləşdirdi!
Görülən işlərin həcminə və mahiyyətinə görə zaman etibarı ilə hər günü bir ilə bərabər olan Heydər Əliyev fəaliyyətinin çalarlarını sadalamaqla, sözlə ifadə etməklə qurtarmaq qeyri-mümkündür. O, kompüter sürəti ilə çalışmış, illəri günlərə çevirmiş, xalqımızın bir millət kimi formalaşmasında, dövlətçiliyimizin yenidən qurulub yaradılmasında adi insan təfəkkürünə sığmayan böyük işlər görmüş, xalqımızın XX əsrdən sonrakı taleyini artıq həll etmişdir!…
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olmaqla nəinki Azərbaycan, türk, müsəlman dünyasına, hətta belə beynəlxalq aləmdə sülhsevər xalqlar dünyasına nur saçan, Azərbaycandan doğulan bir günəşdir!!!
“Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim qanımdadır, beynimdədir, varlığımdadır! Heç kəs, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz!” – deyərək o ülvi hisslərlə yaşayan, bütün mənalı ömrünü-həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyev-xalqımızın görən gözü, düşünən beyni, danışan dili, yanar ürəyidir!…

Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalqa anladan
Müqəddəs bu yolda təkcə can atan,
İlahi qüvvədir Heydər Əliyev.

Bəşər tarixində yeri görünən,
Xalqı ilə ağlayıb, xalqı ilə gülən,
Birgə nəfəs alıb, birgə döyünən,
Yanar ürəyidir Heydər Əliyev.

Millətin şərəfin, adın ucaldan,
İmzasın əbədi tarixə atan
Çözülməz işlərdə doğru yol tapan,
Düşünən beynidir Heydər Əliyev.

Haqqın ədalətin keşiyin çəkən,
Xalqın düşməninin kökünü kəsən,
Siyasi meydanda hər sözü keçən,
Danışan dilidir Heydər Əliyev.

Vətən, xalq yolunda canını verən,
Həyatda mənalı bir ömür sürən,
Hər bir addımında uzağı görən,
Xalqının gözüdür Heydər Əliyev.

Qılıncın qənimi, qələmin qulu,
Haqqın dərgahında uludur, ulu.
Sevdiyi Vətəndir, həm Allah yolu,
Sönməz, əbədidir Heydər Əliyev.

Həsən deyər, haqq sözünü elnən,
Sevgi dərk edilməz xalqa gücnən
Dünyada hər yerdən görünə bilən,
Əlçatmaz zirvədir Heydər Əliyev.

Beş yüz il bundan əvvəl yağı düşmənlər əhatəsində parçalanmış Azərbaycanı birləşdirən və müstəqilliyini bütün dünyaya qəbul etdirən Şeyx Heydər oğlu Şah İsmayıl Xətayi dövründən sonra yenə də parçalanmış, tayfalara bölünmüş, vətəndaş müharibəsi içində can verən, son nəfəsini yaşayan, əhatəsində olduğu hegemon dövlətlər tərəfindən bölünüb, pay-püşk olunmağa hazırlanmış Azərbaycana bədənə ruh daxil olan kimi daxil olan, iradəsi sındırılmış, torpaqları satılmış, işğal edilmiş bu yorğun xalqı ölüm-olum savaşına qaldıran, bütün gücü və iradəsi ilə dünyaya qarşı dayanıb Azərbaycan xalqının haqqını, mənəviyyatını, tarixini özünə qaytaran, Azərbaycan xalqını öz taleyinin, öz tarixinin, dövlətinin, torpaqlarının, yerüstü, yeraltı sərvətlərinin sahibi edən, Azərbaycanı dünya dövlətləri sırasına öz adı, öz milləti, öz tarixi, öz bayrağı, öz ordusu, öz mənəviyyatı ilə salan, tarix-diyarşünaslıq muzeyləri yaradaraq, xalqın özünü özünə tanıdan, keçmişi ilə gələcəyini birləşdirən, bugünkü tarixini yazan, bütünlükdə Azərbaycan xalqını və dövlətini yox olmaqdan xilas edərək, müstəqil Azərbaycan dövləti yaradan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır!
O, öz xeyirxah əməlləri ilə bu gün də yaşayır!… Nə qədər ki, Azərbaycan xalqı yaşayır – Heydər Əliyev də yaşayacaqdır!
Nə qədər ki, Heydər Əliyev ideyaları yaşayır, Azərbaycan da müstəqil olaraq çiçək açacaqdır. Heydər Əliyev ideyalarının yaşaması müstəqil Azərbaycan dövlətinin yaşaması deməkdir!
Müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyi yalnız Heydər Əliyev siyasi kursunun əbədiliyi ilə bağlıdır!
Qardaş türk xalqının böyük oğlu Süleyman Dəmirəlin təbiri ilə desək: “O, sanki bir paydır, göydən düşüb”. Bəli, O, Allah-təalanın bizə verdiyi ən böyük paydır, nemətdir…
Böyük yaradan hər əsrdə xalqlar içərisindən yaratdığı bir insanı seçib, ona bilik, mənəvi zənginlik, dərin zəka, fitri istedad və qabiliyyət bəxş edir, onu əzəmətli və zəhmli edir, ona ad və şöhrət qazandırır, ölkənin asayişini, rəiyyətin, xalqın, millətin yaşayışını ona tapşırır… Onun dərin təfəkkürü, dünyagörüşü, elmi, helmi, biliyi və ağlı sadə insanların, rəiyyətin dərk edə bilməyəcəyi dərəcədə elə bir yüksək səviyyədə olur ki, o bir günəşə bənzəyir..! Xalq onun nuru ilə zülmətdən xilas olur!
Bunları düşündükcə açıq-aydın görünür ki, Allah-təala ulu öndərimiz Heydər Əliyevi məhz Azərbaycan xalqını düşdüyü bəlalardan xilas etmək üçün hakimiyyətə gətirmiş və bizi xilas etmişdir.
Allah-təala tərəfindən göndərilməyənlər hakimiyyətdə duruş gətirə bilməzlər, onlar dalğalar qoynunda yaranan köpüyə bənzər, kiçik zərbədən yoxa çıxarlar.
Bəli, o böyük yaradan Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirməklə xalqımızı qorumuş və qoruyur. Bu gün Azərbaycan xalqı onun sayəsində xoşbəxtdir. Mən bütün əminliklə fikrimi tamamlamaq istəyirəm ki, Azərbaycanın və Azərbaycan xalqının əbədi xoşbəxtliyi Heydər Əliyev ideyalarının yaşamağındadır. Ona görə də, vətənini və xalqını sevən hər bir insan bu amallar uğrunda bir yumruq kimi birləşməli, bir-birinə dayaq olmalıdırlar.
Heydər Əliyev böyüklüyünü dərk etməyən, bir kimsənin vətən, xalq sevgisindən danışmağı absurddur. Ona görə ki, dövrümüzün bəşər tarixində analoqu olmayan böyük şəxsiyyəti olan Heydər Əliyev qədər Azərbaycanı və Azərbaycan xalqını sevən ikinci bir insan təsəvvür etmirəm. O sözün əsl mənasında vətənə, xalqa məhəbbət, ailəyə, övlada, insana sevgi, dostluğa sədaqət, ədalət rəmzi idi.
Onun böyüklüyünə, dahiliyinə dəlalət edən amillərdən biri də odur ki, zamana tərs mütənasib olaraq, zaman uzaqlaşdıqca o bizə daha da yaxınlaşır, doğmalaşır, unudulmaz olur. Belə ki, onun fəaliyyətini, gördüyü işlərini, nitqini, nitq mədəniyyətini xatırladıqca, göz önünə gətirdikcə, ona qarşı sevgi və rəğbət hissi təkrar-təkrar, yenidən baş qaldırır. O, bir Allah vergisidir. Həyatda elə bir hadisə, elə bir məsələ, elmin elə bir sahəsi yox idi ki, ondan söhbət açsın, həmin sahənin mütəxəssisindən yüksəkdə dayanmasın.
Bəşər tarixində təkrarı olmayan Heydər Əliyev kimi bir dahini, onun adi insan təfəkkürünə sığmayan titanik fəaliyyətinin mahiyyətini, anoloqu olmayan ictimai-siyasi yaradıcılığının nə kimi mühüm əhəmiyyət kəsb etdiyini gələcək nəsillər, eləcə də bütün dünya, zaman ötdükcə, daha düzgün qiymətləndirəcəklər!…
Haqq, ədalət, əmin-amanlıq, qəhrəmanlıq rəmzi olan və bəşəri dəyərləri özündə birləşdirən o böyük insan üçün milliyyətindən, dinindən, dilindən və yerindən asılı olmayaraq, bir amil var idi – insan amili… Vətəninə, xalqına sadiq olan və insanlığa xas olan bütün mənəvi dəyərləri özündə yaşadan – bəşərı insan! Odur ki, O, harada, hansı ölkədə olurdusa olsun görüşdüyü, ünsiyyətdə olduğu bütün insanlar tərəfindən böyük sevgi və rəğbətlə qarşılanmış, qəlblərinə hakim kəsilərək, xoş xatirələrlə yadda qalmışdır…
Burda, Ulu Öndərimizlə 1990-cı ildə Naxçıvan şəhərində görüşdüyüm bir məqam yadıma düşdü. O, Naxçıvan şəhərində bacısıgildə həyət evində yaşayırdı. Ulu öndərimizi ziyarət etməyə getmişdim. Onu tək stulda, ağacın kölgəsində, həyətdə oturduğunu gördüm. İlk dəfə gördüyümə nisbətən, xeyli yaxşılaşmışdı. Bu məni sevindirdi və ona mənəvi dayaq olmaq istədim, dedim ki, hörmətli Heydər müəllim, bu bir ayda Siz maşallah, sanki on il cavanlaşmısınız, xahiş edirəm daha Moskvaya qayıtmayasınız. Mən elə düşünürdüm ki, təqaüddə olan siyasi büronun üzvü kimi O, yenə Moskvaya qayıtmalıdır. Lakin ulu öndər özünəməxsus tərzdə siyasi təbəssümü ilə astaca qəh-qəhə çəkərək razılıq verdi, məni sevindirdi. Az sonra isə hansısa uzaq bir nöqtəyə baxırmış kimi çöhrəsi tutuldu: – xalqımız təhlükədədir, biz öz ordumuzu yaratmalıyıq, özü də tez bir zamanda – deyərək, nəyisə götür-qoy edirmiş kimi yenə xəyala daldı. Ətrafda uşaqlar oynaşır, qışqırışır, əl-ayağa dolaşırdı. Onun düşüncələrinə mane olmasınlar deyə, uşaqları sakitləşdirmək istədim. O, əlini qaldıraraq mənə imkan vermədi: – dəymə, qoy oynasınlar – dedi. Düzü, kişidə (kişi dedikdə xalq içərisində Heydər Əliyevi nəzərdə tuturdular) olan bu sadəlik, mehribanlıq və iddiasızlıq məni təəccübləndirdi. Burda məni fikir apardı. Onun keçmiş fəaliyyəti, rəhbərlik etdiyi dövrlər gözüm qarşısında canlandı…
İstər-istəməz içimdə belə bir sual baş qaldırdı: – İlahi, Respublikada Heydər Əliyevin adı gələndə zağ-zağ əsirdilər, görəsən ondan niyə qorxurmuşlar? Bu ki belə, sadə, iddiasız və mehribandır! Mən bu düşüncədə ikən, birdən həyət qapısı açıldı, içəri bir nəfər qarabuğdayı xanım daxil oldu. O, jurnalist Elmira Əmrah qızı idi, müsahibə almağa gəlmişdir. Müsahibə zamanı jurnalist xanım xalqımızın ziddinə olan hansısa bir faktı (yadımda deyil) Ə.Vəzirovun etdiyini qeyd edərək, açıqlama istədi. Bu zaman ulu öndər Heydər Əliyevin barmağını yuxarı qaldıraraq, özünəməxsus cingiltili səslə (sanki birinci katib işlədiyi dövrlərdəki çıxışlarındakı qətiyyətli səsi özünə qayıtdı) – xeyir, bu onunla əlaqədar deyil, – deyə etirazını bildirəndə mən sanki ayıldım, bayaqdan bəri qəlbimdə baş qaldıran sualıma cavab tapdım. Elmira Əmrah qızının əlləri əsir, diktafonu bu əlindən o əlinə, o əlindən bu əlinə ötürür, saxlaya bilmirdi. Gördüm ki, verdiyi sualın müqabilində təşəkkür və alqış gözləyən jurnalist irad almış, özünü itirmişdir. O anda başa düşdüm ki, ulu öndər Heydər Əliyevin düzlüyündən qorxurmuşlar. Öz-özümə düşündüm, heyrət etdim ki, görün nə qədər düzgün, haqqı və ədalətli sevən böyük insandır ki, hətta belə xalqımızın, Respublikamızın düşməni kimi tanınmış bir adamın da haqqında yalanın ayaq açmasına imkan vermədi… Görün, nə qədər ədalətli bir dahi şəxsiyyət imiş! Bəli, belə hərəkəti ancaq dahilər, böyük şəxsiyyətlər edə bilərlər, – necə ki, Heydər Əliyev etdi! Burada həzrəti Əlinin bir kəlamı yadıma düşdü: “Düşmənəqarşı da ədalətli olun ki, sizə qarşı düşmənçiliyindən xəcalət çəksin”.
Bəşər tarixində anoloqu olmayan, dünya şöhrətli siyasətçi, fitri istedada malik olan dövlət xadimi, dövrümüzün böyük tarixi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər Heydər Əliyev ömrünün əlli ildən çoxunu xalqına xidmət etmiş, onun rəğbətini qazanmış, qəlbinə, şüuruna, təfəkkürünə hakim kəsilərək, xalqının ümummilli lideri kimi onun qəlbində əbədi olaraq öz abidəsini yaratmışdır.
Dünyada gedən ictimai-siyasi prosesləri düzgün qiymətləndirən, baş verə biləcək təhlükələri əvvəlcədən duyan və böyük uzaqgörənliklə bunları öz siyasi fəaliyyəti ilə tarazlaşdırmağı bacaran və zərərsizləşdirərək xalqını qoruyan Heydər Əliyev kimi lideri olan Azərbaycan xalqı qibtə ediləcək dərəcədə xoşbəxtdir!
Dünənimizi qoruyaraq sabahımıza qovuşduran, bugünümüzün mahiyyətini kəsb edən Heydər Əliyev məktəbinin – dövrünün idarəçilik sisteminin xalqımızı işıqlı gələcəyə aparan ideyalarını yaşatmaq üçün Şah İsmayıl Xətaidən bu günə qədərki dövrümüzün təhlili və Heydər Əliyev irsinin dövlətçilik və idarəçilik məktəbinin siyasi metodologiyasının bir inteqral kimi açılması zəruridir. Buna nail olmaq üçün elmi mərkəzlər açılmalı, işçi qrupları yaradılmalı, dərin islahatlar aparılmalıdır.
Onda görərik ki, bəşər tarixində bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi quruluşun, birinin tənəzzülü – digərinin tərəqqisi ilə müşaiyət olunan siyasi proseslər dalğasının fırtınasında uğurlar qazanan Heydər Əliyev siyasəti və idarəçilik sistemi beynəlxalq dövləti idarə etmədə ən optimal variant olaraq yeni bir kəşfdir.
Məhz buna görədir ki, tarixin sınaqlarından həmişə qalib çıxan, fitri istedadlı dahi şəxsiyyət Heydər Əliyev öz siyasi gedişləri və idarəçilik manevrləri ilə dünyanı həmişə heyrətdə qoymuşdur.
Odur ki, Ulu Öndər Heydər Əliyevin necə bir fenomen şəxsiyyət olduğunun dərk edilməsi istiqamətində fəaliyyət göstərməkdən zövq alır, təsəlli tapıram… Təsəlli tapıram ki, onun ideyaları yaşayır və mən ona xidmət edirəm. Bu amalların yaşaması mənim ən böyük arzumdur…
Məncə, hər bir insanda ulu öndərimizə qarşı olan tükənməz sevgi, rəğbət də, məhz vətənə, xalqa sevgidən doğur. Heydər Əliyevi sevməyən – vətənini, xalqını sevə bilməz. Odur ki, xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevi narahat etməmək haqqında mən həmişə düşünmüşəm. Düşünmüşəm ki, – necə edək ki, onun vaxtını hədər yerə almayaq, layiqli işimizlə onu sevindirə, məmnun edə, özümüzdən razı sala bilək. Qoy O, bütün vaxtını-həyatının hər bir anını, vətənimizin, xalqımızın problemlərinin həllinə sərf etmiş olsun. Və bunu necə etmək olar? – deyə həmişə düşünmüşəm. Düşünürdüm və belə qərara gəlirdim ki, bunu yalnız onu təəccübləndirməklə olar. Elə isə hansı yolla və necə? Məncə bir yolla – onun qarşımıza qoyduğu məsələləri, işimizi görməklə, yerinə yetirməklə bərabər, Azərbaycanın xoşbəxt gələcəyi naminə ürəyində bir arzu kimi yaşatdığı və bir sirr kimi heç kimə hələ demədiyi hisslərini sözlə ifadə edib onun özünə demək və ya o məzmunda – siyasi-poetik rəsm əsərləri, sənət əsərləri yaradıb özünə hədiyyə etmək yolu ilə onu təəccübləndirmək olardı…
Odur ki, Ulu Öndərimizin böyük vətənpərvər ürəyində kök salan, sonsuz arzular silsiləsindən duyduğum bəzi məqamların məzmununu rəssam Adil Rüstəmovun əsərlərində əks edilməsinə nail olmuş, həmin əsərlərin yaranmasında bir ideya müəllifi kimi çıxış etmişəm. Mənim üçün sevindirici hal o idi ki, bu əsərlərin hər biri Ulu Öndərimizin özü tərəfindən razılıqla qəbul edilmişdir. Buna görə də mən özümü çox xoşbəxt sanmış və sevinmişəm. Bu gün də sevinirəm. Sevinirəm ona görə ki, o böyük şəxsiyyəti az da olsa qane edə və sevindirə bilmişəm. Hərçənd ki, hamıya və bütün ictimaiyyətə bəllidir ki, dünya malında gözü olmayan elə bir dahi şəxsiyyəti hər hansı bir işdə razı salmaq, qane etmək asan məsələ deyildir. Çünki, elmin bütün sahələrindən başı çıxan, təbiətin bütün sirrlərinə bələd olan və alimlə-alim, fəhlə ilə – fəhlə, musiqiçi ilə – musiqiçi, həkimlə-həkim, müəllimlə-müəllim, rəssamla-rəssam kimi danışan, bir sözlə, hər bir insanla onun öz dilində danışmağı bacaran və uşaqla-uşaq, böyüklə-böyük olan və bütün bu hallarda həmişə yüksəkdə dayanan, fitri yaddaşa və dərin təfəkkürə malik olan O, qeyri-adi, təkrarolunmaz, sadə və sadə olduğu qədər də ciddi olan bir insanı tam qane etmək, adi insan təfəkkürü ilə qeyri-mümkündür!
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bəşər tarixində anoloqu olmayan elə bir qeyri-adi şəxsiyyətdir ki, onun istirahəti – işləməyində idi!…
Dərindən təhlil edəndə görürsən ki, bəşər tarixində Heydər Əliyevə qədərki bütün tarixi şəxsiyyətlərdə olan keyfiyyətlər Heydər Əliyevdə də var.
Lakin Heydər Əliyevdə olan elə xüsusi keyfiyyətlər var ki, o xüsusiyyətlər ona qədərki tarixi şəxsiyyətlərin heç birində olmayıb.
Elə tək onu qeyd etmək kifayət edər ki, O, çox iti və unudulmaz yaddaşa malik olan, təkrarolunmaz, qeyri-adi bir insandır!..
Həyata atılan ilk andan hər nə görmüş, hər nə oxumuşdusa – hamısı kompüter kimi beynində həkk olunmuşdur. Bu istedad onunla rastlaşan bütün insanlarda təəccüb doğurur, onları heyrətə gətirirdi. Saatlarla nitq söyləyər, bir dilçi, ədəbiyyatşünas kimi heç bir qrammatik səhvə və fikir təkrarlığına yol verməzdi… Ən möcüzəlisi də o idi ki, taleyüklü, qlobal, siyasi məsələlərin həllində belə dövlətlərarası diplomatik münasibətlər zamanı nitqlərində heç bir yazıya, sənədə istinad etmədən bütün tarixi faktları, hadisələri, statistik rəqəmləri şifahi olaraq çaşmadan dəqiqliyi ilə söyləyirdi. Bəli, buna hamı heyran qalmışdı. Bu gün də heyrətlə xatırlayırlar… Öz yüksək intellektual və mədəni səviyyəsi ilə tənqidlərində belə heç bir təhqirə yol verməzdi. Odur ki, düşmən qüvvələrin nümayəndələri belə onun qarşısında özünü tərbiyəli aparırdı! Müxtəlif xalqlar qarşısında çıxışlar edərkən bir dildən başqa dilə keçəndə də nöqtəsinə, vergülünə qədər eyni dəqiqliklə çıxış edərdi. Sanki, kompüter təkrarlığı idi. Mən çox dəqiqliklə izləmişəm. Harda nəfəsini belə dərirdisə, hansı hərəkətlər edirdisə, onlar da eynilə başqa dilə keçəndə təkrarlanırdı. Və eyni zamanda onun izdiham içində gözündən heç nə yayınmırdı, hər şeyi görür və düzgün, dəqiq reaksiya verirdi.
Nəzəri xalqımızın üstündə olan o Ulu Tanrının bizə bəxş etdiyi ən böyük sərvət olan Heydər Əliyevin doğulduğu o gün – əbədi müstəqilliyimizin təməl günü – ümumxalq bayramı kimi həmişə qeyd edilməlidir. Təbii ki, bu bayram günündə də, onun yoxluq kədəri bizi tərk edə bilmir… Necə də etsin ki, bütün dünya bu kədərdən qurtula bilmir…
Amerika Birləşmiş Ştatlarının Dövlət Katibinin birinci müavini Riçard Armitacın: – Heydər Əliyevin ölümü ilə dünya sanki bir az kiçildi – fikrini ifadə etməsi milyonların qəlbində təsdiqlənən bu kədərin okeanın o tayından gələn əks-sədası deyilmi?
Ulu Öndərimizin sağlığında bizim hamımız üçün bir Heydər Əliyevimiz var idi! İndi isə xalqımızın hər birinin qəlbində öz Heydər Əliyevi yaşayır!… İndi O, hər bir evdə, hər bir ailədə yaşayır!… Onu sevən hər bir insanın qəlbində yaşayır!… Ona görədir ki, onun xiffətini çəkən Azərbaycan xalqının bu bayram sevincinin arxasında gizlədə bilmədiyi kədərini də görməmək mümkün deyil!!!

Sənsiz bahar gəlir, 10-u May gəlir,
Tək qalmış millətin dalğın görünür…
Gözlərdə həm kədər, həm sevinc gəzir,
Açan çiçəklər də solğun görünür!

Qurduğun dövlətçün ey, ulu öndər!
Xalqın minnətdardır həmişə sənə.
Xoş gün açılsa da hər yeni səhər,
Könül istəyir ki, qovuşa sənə!

Fəqət bəxş etmisən bizə İlhamı,
Həyatda yenidən sənə çatmışıq.
Yolunda yumruq tək birləşib hamı,
Xoşbəxtlik ulduzu onda tapmışıq!

Özünəməxsus dövlətçilik və idarəçilik siyasəti ilə bütün dünyanı heyrətdə qoyan Heydər Əliyev kimi bir dahidən sonra, hakimiyyətə gələn kim olsa idi belə, xalq tərəfindən birmənalı qarşılanmaz, qəbul edilməz və qısa bir müddətdə o, özünü ifşa etmiş olardı…
Lakin dərin kökləri üzərində bərqərar olan möhkəm palıd ağacı kimi, prezident postunda Heydər Əliyev ideyalarını rəhbər tutaraq, xalqının iradəsini ifadə edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünyanın idarə olunmasında böyük təsir gücünə malik olan əks qüvvələrə sinə gərərək, Heydər Əliyevsizliyin hiss olunmasına imkan vermir, Azərbaycan dövlətini siyasi terrorlardan qoruyur, inkişaf etdirir, işıqlı gələcəyə doğru uca zirvələrə aparır! Azərbaycanı dünya iqtisadi-inkişaf politrasının gözəl rəngləri ilə bəzəyir və müasirləşdirir.
Beləliklə “…İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!” – deyən və xalqının xoşbəxt gələcəyinə zəmanət verən o dahi şəxsiyyətın ümidlərini tam doğrultdu.
Bu proseslərdə yaxından iştirak edən və onun layiqli davamçısı kimi ölkə prezidenti cənab İlham Əliyev Heydər Əliyevin müasiri kimi bu kursu daha da inkişaf etdirdi, dərinləşdirdi və bütün sahələrə şamil etdi. O, neftdən gələn maliyyə vəsaitlərini qeyri-neft sektoruna və sosial sahəyə yönəltdi. Azərbaycanı Avropanın enerji təhlükəsizliyində ən mühüm və etibarlı partnyora çevirdi. Qeyri-neft sektoruna yatırılan sərmayələrə regionların inkişafına və digər sahələrə dair qəbul edilən dövlət proqramları sürətlə reallaşdı, öz bəhrəsini verdi. Nəticə etibarı ilə Azərbaycan hazırda dünyanm ən iri maliyyə qurumları olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən bir nömrəli inkişaf edən ölkə kimi qiymətləndirildi. Təsadüfi deyil ki, Avropa və ABŞ Azərbaycanı iqtisadi yönümdə sürətlə inkişaf edən bir dövlət kimi qəbul etdi.
Bütün bunlar danılmaz həqiqətlərdir.
Fikir verin, dünyanı bürüyən maliyyə böhranı böyük iqtisadi gücə malik olan dövlətləri belə yanı üstə qoyduğu halda, cənab İlham Əliyevin rəhbəri olduğu Azərbaycandan yan keçdi və keçir…Xalqımız dünyanın daddığı bu ağrının acısını hiss etmədi və hiss etmir…
Bəli, bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın ictimai, iqtisadi, siyasi və mədəni həyatında – bir inqilabi dönüş yaradaraq böyük naliyyətlər əldə etmiş, xalqının etimadını doğrultmuşdur. Bütün bunlar hamısı bu inkişaf prossesinin iştirakçısı olan xalqımızın gözü qarşısındadır. Bu bir həqiqətdir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır!…

Çəkdiyin zəhmətin getmədi hədər,
Müstəqil Azərbaycan övladıyıq biz!
Layiqli davamçın – İlhamdır rəhbər,
Sürəkli inkişaf yolundayıq biz!…
Xoşbəxt gələcəyə gedir ölkəmiz!

Bu tək sosial, iqtisadi, siyasi baxımından deyil, həm də milli şüurun formalaşması, xalqımızın maariflənməsi və sivil inkişafı baxımından Respublikamızın imicini qoruyur və xalqımızın adına şərəf gətirir. Xalqımızı, başqa xalqlarla müqayisədə bəşəri dəyərləri özündə yaşadan bir millət kimi göylərə qaldırır!
Bəli, milli təəssübkeşlik qanda gərək! Bunun köku ulu öndərimiz Heydər Əliyevlə bağlıdır. Hələ sovet imperiyası dövründə 70-80-ci illərdə 14 il dalbadal sovetlər birliyinin keçici qırmızı bayrağını Respublikamıza gətirməklə, o dahi şəxsiyyət xalqımızın əməksevərliliyindən əvvəl, onun bir yetkin ali millət olduğunu “böyük qardaşlarımıza” və bütün dünyaya diqtə edirdi. Bəli, eyni bir elm ocağında elmin bütün sahələrinin teoriyasını mənimsəyərək və praktiki olaraq həyatda – istehsalatda düzgün tətbiq edərək, yüksək nəticələr, naliyyətlər əldə edən bir xalq, millət, əlbəttə – ALİDİR!
Möhtərəm cənab Prezident İlham Əliyev hələ MOK-un sədri kimi “sağlam bədəndə, sağlam ruh olar” prinsipi ilə Respublikada idmanın bütün sahələri üzrə inkişafına nail oldu, gəncləri bir lider kimi öz arxasınca apara bildi və onları idmana cəlb etdi.
Fikir verin, milli bayrağımızı göylərə qaldıraraq, idman şərəfini qoruyan bu gənclər ordusu işsizlik və nəzarətsizlik ucbatından nə qədər cinayətlər törədə, özlərini və başqalarını bədbəxt edə bilərdilər. O nöqteyi nəzərdən, xalqımızın sevimli Prezidenti cənab İlham Əliyev, hələ tək MOK-un sədri kimi bütün hüquq mühafizə orqanlarının görəcəyi işlərə bərabər böyük işlər görmüş, baş verə biləcək cinayətlərin qarşısını almışdır.
Gəncliyi sağlamlaşdıraraq, xalqımızın sağlam gələcəyinin təməlini qoymuşdur!
Təsadüfi deyil ki, bu günə qədər rayon rəhbərlərinin belə ayağı dəyməyən, gediləsi mümkün olmayan Respublikanın ən ucqar kəndlərini bir-bir gəzib, orada insanların yaşayış vəziyyəti ilə yaxından tanış olan Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin titanik fəaliyyəti, əməyi sayəsində kəndlə-şəhər arasındakı fərq artıq aradan götürülməkdədir…
Respublikamızın bütün ucqar kənd və rayonlarına Avropa standartlarına uyğun yollar salınır, qaz və elektrik xətləri çəkilir, məktəblər, təhsil ocaqları, mədəni-məişət binaları, Olimpiya İdman Kompleksləri, mehmanxanalar tikilir, insanların məşğulluğunu təmin etmək üçün iş yerləri açılır. Bu gün xalqımızın sosial rifah halı o qədər yaxşılaşmışdır ki, çox rayonlara gedəndə özünü sanki Bakıda hiss edirsən…
Azərbaycanı və Azərbaycan xalqını sevən hər bir vətənpərvər insan bu günkü firavanlığa, əmin-amanlığa, davamlı ictimai-siyasi sabitliyə, ölkəmizin getdikcə Beynəlxalq aləmdəki nüfuzunun artmasına və xalqımızın rifah halının, həyat səviyyəsinin durmadan yaxşılaşmasına görə Ulu Öndərimiz Heydər Əliyevə və onun siyasi kursunu ləyaqətlə davam etdirən Möhtərəm cənab Prezidentimiz İlham Əliyevə borcludur!…
Bəli, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin bir müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsindəki bu möhtəşəm qələbəsi, xalqımızın əsrlər boyu Vətən uğrunda apardığı müharibə və mübarizələrdə torpaqlarımızı itirə-itirə, igid oğularımızı şəhid verə-verə, ədalətsiz dünya gücləri qarşısında haqsızlıq məngənəsində sıxılaraq, uduza-uduza bu günə qədər gəlib çıxdığı çətin bir durumda dünyanı təşvişə salan, ilk möhtəşəm qələbəsi idi!..
Zahirən ermənilərlə, daxilən onları müdafiə edən məkrli dünya gücləri ilə müharibə aparan Ali Baş Komandan cənab İlham Əliyev, dövrümüzün qəhrəmanlıq  salnaməsi olan 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsilə, Azərbaycan xalqının adını bəşər tarixinə qızıl hərflərlə yazdı!
O dahi şəxsiyyət haqqında yazılanları, deyilənləri bütün mətbuatdan izləyən bir insan kimi qeyd etmək istəyirəm ki, adi yazarlardan tutmuş akademiklərə qədər nə qədər yazsalar da, nə qədər yazsaq da, hələ də Heydər Əliyev dahiliyini olduğu kimi tam ifadə edə bilməmişik. Çünki hər bir kəs öz düşüncə tərzi və təfəkkür dairəsi daxilində görür və yazır. Bütün bunlar hamısı, obrazlı desək, təbiətin çərçivəyə salınmış tablodakı kiçik bir hissəsinə bənzəyir.
Geri çəkildikcə dağ əzəmətli göründüyü kimi, zaman ötdükcə Ulu Öndər böyüklüyü daha dəqiq dərk ediləcək, ona qarşı yaranan sevgi, rəğbət dəryası öz məcarasını aşaraq, okeanlara qovuşacaqdır… Bu gün ulu öndərin ayağı dəyən yerləri ziyarətgaha çevirən, qədirbilən, müdrik xalqımız onu böyük rəğbətlə sevmiş, sevir və sevəcəkdir!

Həsən Şirinov,

ehtiyatda olan general


Bütün xəbərlər