Güləş üzrə 36-cı dünya çempionatının yekun qarşılaşmaları və bağlanış mərasimi olub.

  İnterval.Az  bildirir ki ,   Dekabrın 2-də Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının yekun qarşılaşmaları və bağlanış mərasimi olub.

Çempionatın sonuncu günü ölkəmizi yunan-Roma güləşi üzrə 5 idmançımız –Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edib.

Gərgin keçən mübarizənin sonunda Nihad Quluzadə (60 kq) qızıl medal əldə edərək Dövlət Himnimizi səsləndirib, Laçın Vəliyev (87 kq) gümüş, Qurban Qurbanov (77 kq) isə bürünc medal qazanaraq fəxri kürsüdə layiqli yerlərini tutublar.

Bununla da yunan-Roma güləşi üzrə kişilərdən ibarət Azərbaycan millisi dünya çempionatında 4 qızıl, 1 gümüş  3 bürünc medalla ikinci, İran yığması birinci, Rusiya yığması isə üçüncü yerdə qərarlaşıb.

18 ölkədən 222 idmançının qatıldığı mundialı Azərbaycan millisi ümumilikdə 21 medalla (11 qızıl, 3 gümüş, 7 bürünc) başa vurub.

Bununla yanaşı kişilərdən ibarət komandamız yüksək nəticələr göstərərək sərbəst güləş üzrə 1-ci, yunan-Roma güləşi üzrə 2-ci, qadınlardan ibarət milli komandamız isə qadın güləşi üzrə 2-ci yerə layiq görülüb.

Qapanış mərasimində çıxış edən təşkilat komitəsinin sədri general-leytenant Abbas Xəlilov çempionatın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına, “İdman Könüllüləri və azarkeşləri İctimai birliyi”nin kollektivinə, yarışların geniş azarkeş kütləsinə çatdırılmasını təmin edən media nümayəndələrinə və iştirakları ilə yarışlara həyacan qatan tamaşaçılara minnətdarlıq bildirib, yarışları tam ədalətli və peşəkar şəkildə idarə edən beynəlxalq hakim heyəti təltif edilib.

Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede tərəfindən çempionatın yüksək səviyyədə təşkilinə görə təşkilat komitəsinin sədri general-leytenant Abbas Xəlilov Hərbi İdman Şurasının ən ali dərəcəli “Cəngavər” ordeni, təşkilat komitəsinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları polkovnik Elnur Həbibov, polkovnik Elşən Mirzəyev və polkovnik Firdovsi Umudov isə Hərbi İdman Şurasının medalı ilə təltif ediliblər.

27 noyabr tarixində “Sərhədçi” İdman Mərkəzində start götürən Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatı təşkilat komitəsi sədrinin bağlanış nitqi ilə başa çatıb və Beynəlxalq Hərbi İdman Şurasının bayrağı növbəti ölkəyə ötürülməsi üçün Hərbi İdman Şurasının nümayəndəsinə təqdim olunub.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Binə Atçılıq Mərkəzində Qarabağ atlarının dünya çempionatının bağlanış mərasiminə həsr edilmiş əsrarəngiz çıxışları nümayiş etdirilib, ziyafət təşkil olunub.

Binə Atçılıq Mərkəzində təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən Gənclər və İdman nazirliyi və Gimnastika Federasiyasının səlahiyyətli nümayəndələrinə, Azər İdman Servisin baş direktoruna, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede və Beynəlxalq Hərbi İdman Şurasının təşkilat komitəsinin Cənubi Qafqaz üzrə koordinatoru Nevzat Varola “Hərbi Əməkdaşlığa görə” medalı, iştirakçı dövlətlərin missiya rəhbərləri və yarışların baş hakimi Levent Şenə, Azər İdman Servis Sport Plaza Hotelin baş menecerinə çempionatın yüksək səviyyədə təşkilinə verdikləri dəstəyə görə fəxri diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qonaqlar çempionat boyu göstərilən diqqət və qayğıya, isti münasibətə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və təşkilat komitəsinə təşəkkür edib, minnətdarlıqlarını bildiriblər.

Ziyafət gecəsi Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri və “Sərhədçi” Mədəniyyət Mərkəzinin rəqs qrupunun qonaqlar qarşısında maraqlı repertuarları ilə yekunlaşıb.

Zamiq Yunisov 

Ayla Qafqazlı

İnterval.Az 

Məqaləyə dair foto materiallar:


Bütün xəbərlər