“Pole çudes”də Azərbaycan muğamı, şah plov və “Sarı gəlin”… – FOTO

Tanınmış azərbaycanlı radio və televiziya aparıcısı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri Rusiyanın “Birinci kanal”ında yayımlanan “Pole çudes” verilişinin Yeni il buraxılışında qonaq olub.

İnterval.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, oyunçuların ilk üçlüyündə yer alan Rahib Azəri proqramın aparıcısı Leonid Yakuboviç tərəfindən verilən suala düzgün cavab verərək finala vəsiqə qazanıb. Finalı da qazanan aparıcı super oyuna razılaşıb və bu dəfə də qalib gəlib.

Bununla belə, R.Azəri avtomobilə sahib ola bilməyib. Belə ki, super oyununun şərtlərinə əsasən, o, tapılması gərəkən üç sözdən yalnız birini tapa bilib. Onun super hədiyyəsi kompüter olub.

Efir zamanı R.Azəri tamaşaçıları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, eləcə də L. Yakuboviçə Azərbaycandan gətirdiyi müxtəlif hədiyyələri bağışlayıb. Onların içində məxsusi olaraq “Pole çudes” üçün hazırlanmış armudu stəkanlar, xəncər, eləcə də Azərbaycan mətbəxinin ləvəngi, şah plov, qutab, dolma, paxlava və şəkərbura kimi ləziz təamları olub.

“Pole çudes” verilişinin Yeni il buraxılışında musiqili sürpriz isə “Natiq” ritm qrupunun hazırladığı kompozisiya olub. Həmin musiqi nömrəsində nağara ilə yanaşı, balabanda “Sarı gəlin” xalq mahnısı çalınıb və müğənni Tacir Şahmalıoğlunun uşaq ikən ifa etdiyi “Bayati-Şiraz” muğamı səsləndirilib.


Bütün xəbərlər