Agentlik: “Bu il 12 ölkədən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub”

Cari ilin ötən dövrü ərzində 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AQTA yüksək patogen quş qripi və koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib.

Q. Təhməzli b ildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur. Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9″ serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub:”Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb. Belə ki, Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb. Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur. AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb. Eyni zamanda Agentlik sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb”.

Q.Təhməzli qeyd edib ki, bununla yanaşı, yüksək patogen quş qripi və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Q.Təhməzli onu da diqqətə çatdırıb ki, yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib. Fevralın 10-dan 14-dək AQTA aidiyyəti qurumlarla birgə ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçirir.


Bütün xəbərlər