Bakıda polis atılmış 7 körpəni taparaq uşaq evlərinə təhvil verib – AÇIQLAMA

“Məktəbli azyaşlılar və yeniyetmələrin profilaktikası istiqamətində keçirilən tədbirlər kampaniya xarakteri daşımır. Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra olunur”.

İnterval.Az “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, uşaq hüquqları üzrə polisin üzərinə düşən vəzifələrin icrası istiqamətində daxil olan bütün müraciətlərə diqqətlə yanaşılır:

“Təkcə rəsmi müraciətlər yox, eyni zamanda sosial şəbəklərdə, mətbuatda uşaq hüquqların pozulması ilə bağlı yayılan məlumatlar da nəzərətə götürülür, yoxlanılır, araşdırılır, müvafiq tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşını təhlükəsizliyini qorumaq, hüquqlarını bərpa etmək bizim üçün müqəddəs vəzifədir. Bu məsələ müzakirə olunmur, dərhal icra olunur. Uşaq hüquqlarının qorunmasında risk qrupuna daxil olan, yaxud münaqişəli ailələrdə olan azyaşlıların mühafizəsinə həssas yanaşırıq. Uşaq hüquqlarının pozulmasının qarşısının alınması ilə yanaşı, onların təhsilə cəlb edilməsi, ailələrlə profilaktiki söhbətlərin aparılması işi fəaliyyətimizin tərkib hissəsidir.

Bakı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən orta ümumtəhsil ocaqlarında və ona bərabər yerlərdə ötən il azyaşlıların profilakatikası, maarifləndirilməsinə dair 468 müxtəlif məzmunlu görüşlər keçirilib”.

E.Hacıyev küçə uşaqları ilə bağlı vəziyyət haqqında isə əlavə edib ki, bu da diqqətimizdə olan məsələlər sırasındadır:

“Tərəfimizdən aşkarlandıqda dərhal araşdırma başlanılaraq, onun mənsub olduğu ailə öyrənilir, olmadıqda isə profiklatiki qeydiyyata alınaraq müvafiq sığınacaqlara yerləşdirilir. Bu məqsədlə ötən il Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi və ərazi polis orqanları tərəfindən 573 reyd təşkil olunub. Aşkarlanan 46 uşaq sosial sığınacaqlara yerləşdirilib, eləcə də 7 atılmış körpə tərəfimizdən tapılaraq, uşaq evlərinə təhvil verilib”.


Bütün xəbərlər