Tərtərə dəymiş ziyan tam müəyyənləşib – Məhv edilən obyekt və avtomobillərin sayı

İkinci Qarabağ Müharibəsi ərzində Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi başa çatıb.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə ziyan çəkən bütün obyektlərə baxış keçirib:

“Ümumilikdə, 5 705 obyektə baxış keçirilib və onlardan 60-ının tam dağılaraq yararsız hala düşdüyü məlum olub. Sahibkarlıq müəssisələrindən 185-nə ziyan dəyib, 6-sı tam dağılıb. Bundan əlavə, 48 sosial obyektə ziyan dəyib, 2-si tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil.

Erməni təcavüzü nəticəsində rayon ərazisində 161 iribuybuzlu, 393 xırdabuynuzlu, 52 ev quşu, 17 at və 24 arı ailəsi məhv olub. Hadisələr nəticəsində 103 avtomobilə ziyan dəyib”


Bütün xəbərlər