Rəsmi Bakıdan Ermənistan XİN-in bəyanatına cavab

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin 7 dekabr 2021-ci il tarixli açıqlaması ilə bağlı şərh verib.

XİN-dən verilən məlumata görə, şərhdə deyilir:

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir.

Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq müxtəlif bəhanələrlə öhədliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.

30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik”.


Bütün xəbərlər