Bakı yenə qalib gəldi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.

Müzakirələr zamanı İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib.

Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb.

İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.

UNESCO missiyasının Azərbaycana gəlməsi ilə bağlı qısa və lakonik məlumat əslində çox məqamlardan xəbər verir. Daha doğrusu bu, Azərbaycan diplomatiyasının qrossmeyster ustalığıdlr.

Əvvəla, indiki Ermənistanda Azərbaycanın mədəni-tarixi irsinin mövcudluğunu UNESCO etiraf etməli oldu. Yəni Azərbaycanın qədim və tarixi torpaqları, hazırda Ermənistan ərazisi olan məkanlar UNESCO-nun djiqqətində olacaq. Bu isə Zəngəzur, Göyçə, İrəvandakı tarixi irsimizin sürəkli monitorinqinin tələb olunmasına imkan verir. Təbii, həmin irs azdır, çünki erməni vəhşiləri onillər və əsrlər boyu onu məhv etməyə çalışıblar. Lakin günümüzə çatmış irsi qorumağa çalışmalıyıq.

Bundan başqa, UNESCO missiyası Azərbaycanın tərkib hissəsi olan Qarabağa ölkəmizin digər ərazilərindən keçib gedəcək.

Normal və adi məsələdir. Amma ermənilər UNESCO ekspertlərinin Qarabağa Ermənistandan keçərək, Laçın dəhlizi vasitəsilə yollanmasına çalışırdılar.

Alınmadı.

Görüşdə əldə ekdilmiş digər məqamsa Birinci Qarabağ Müharibəsi zamanı həlak olmuş azərbaycanlıların kütləvi məzarlıqları məsələsidir. Ermənistan həmin kütləvi məzarlıqların koordinatlarını Bakıya verməyə, Avropa İttifaqı isə məzarlıqlarlarda dəfn ediliş şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizlərin aparılmasında yardım göstərməyə razılaşıb.

Birinci Qarabağ Müharibəsində həlak olmuş minlərlə soydaşımızı beləcə, layiq olduqları şəkildə yenidən dəfn edə biləcəyik.

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş baş tutub. Aparılmış danışıqların sonucunda qərara alınıb ki, Aİ 2 milyard avroluq maliyyə paketi ayırır.

Bu, rəsmi Bakının növbətit diplomatik qələbəsi sayıla bilər. Çünki Aİ ilkin olaraq Azərbaycana 140 milyon avro, Ermənistana isə 2 milyard avro məbləğində yardım paketi ayırmaq qərarına gəlmişdi.

Ötən ilin dekabrın 15-də, Brüsseldə işgüzar səfərdə olarkən İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində həmin qərarla bağlı belə demişdi:

“Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb”.

Emmanuel Makron, Şarl Mişel və Nikol Paşinyanın də qatıldığı, onlayn formatda olan görüşə gəldikdə isə, sonuclara nəzər salaq.

Əvvəla, qərarda ATƏT-in Minsk Qrupuna heç bir istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupuna hər hansı formada istinad gözə dəymir.

Bundan başqa, yekun sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə yanaşı, “Qarabağ” kəlməsi də yoxdur. Səbəb bəllidir: Qarabağ ərazi-inzibati vahid kimi artıq Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin tərkibindədir.

Bəhs etdiyimiz məqamlar Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının daha bir misalı olmaqla yanaşı, Minsk Qrupunda həmsədr ölkə və Ermənistanın ən böyük himayədarlarından biri Fransanın da reallıqları qəbul etdiyini göstərir.

Bununla belə, Emmanuel Makron videogörüşə Minsk Qrupunda həmsədr ölkənin yox, Avropa İttifaqında sədrliyi qəbul etmiş dövlətin başçısı qismində qatılmışdı.

Ümumiyyətlə, görüş Brüsseldə təsdiqlənən və bölgədə dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş yol xəritəsi çərçivəsində hərəkətin davam etdiyini göstərir. Sözügdən yol xəritəsinin əsasını isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, dövlət sərhədinin demarkasiyası və delimitasiyası, Zəngəzur dəhlizinin işə salınması, itkin düşmüş şəxslərin talelərinin bəlirlənməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana gərəkli yardımların edilməsi və beynəlxalq dəstəyin artırılması, bölgədə stabil durumun bərqərar edilməsi, yekun sülh sazişi ilə bağlı danışıqların başlanması, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması təşkil edir.

Sadalanan məqamlarla yanaşı, gələn il Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli, yeni sazişin imzalanması gözlənilir.

Göründüyü kimi, Azərbaycanın ən böyük ticari-iqtisadi tərəfdaşı olan Avropa İttifaqı Bakının siyasi tərəf-müqabilinə çevrilməkdədir.


Interval.Az


Bütün xəbərlər