“QARABAĞDA HESABAT KONSERTİ VERMƏYİ ƏHD ETMİŞDİM…” – Gövhər Həsənzadə: “Düşünürəm ki, uyğun zamanda dünyanın hər tərəfindən gələcək qonaqları, ifaçıları dilbər guşəmizdə toplayım”

Interval.az   Qafqaz.media-a istinadən bildirir ki,Müsahibimiz Əməkdar İncəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Azad Azərbaycan Televiziyasının Şura üzvü, Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə Heyətinin sədri Gövhər Həsən-zadədir. Gövhər xanımla söhbətimizdə yaradıcılığındakı yeniliklərdən başlayaraq, gündəmlə bağlı bir sıra suallara cavab tapmağa çalışdıq.

(Əvvəli bu linkdə: “SANKİ ƏCDADLARIMIN RUHLARI ŞUŞADA MƏNİ İDARƏ EDİRDİLƏR” – Gövhər Həsənzadə)

– Qarabağ dedikdə ilk olaraq fikrinizə nə gəlir, sizin üçün bu məkanın anlamı nədir?

– Qarabağ mənim üçün ilk növbədə musiqidir. Azərbaycanın “musiqi beşiyi” olan bu torpaqlarda nəfəs alan bir musiqiçi başqa necə düşünə bilər?! Nə təəssüratı ola bilər?! Son 30 ildə həmrəylik günlərində, dövlət tədbirlərində, gözəl məclislərimizdə hər zaman “bir gün bunu Qarabağda da edəcəyik”, – deyərək çox köklənirdik. Mən bunu xüsusi deyim ki, 30 ildir bu gün üçün məşq edirdik. Hər zaman demişəm, Azərbaycanda yeganə bəstəkaram ki, mahnılarımın albom toplusu yoxdur. Nə də kiçik də olsa yaradıcılıq gecəm, mahnılarımdan ibarət konsertim, heç bir törənim olmayıb. Baxmayaraq ki, 30 ilə yaxındır ciddi tədbirlərin rejissoru kimi çalışıram. Mən efirlərdən də dəfələrlə demişəm, mahnılarımdan ibarət konsertlərim, yaradıcılıq gecələrim olacaqsa, ilk növbədə Qarabağ torpağında olacaq. Görün, mən bunu nə qədər istəmişəm ki, qurban olduğum Allah da nəsib etdi, torpaqlarımız daha özümüzdədir. İnşallah, yəqin qismət olar, söz verdiyim yaradıcılıq gecəsi və ya mahnılarımdan ibarət tamaşaçı qarşısında ilk hesabat konserti arzuladığım, əhd elədiyim kimi Qarabağ torpağında keçirilər.

– “Musiqi beşiyi” olan Qarabağdan söhbət düşmüşkən, sizcə, son illər telekanallarda bayağı mahnılara daha çox üstünlük verilməsi nə ilə bağlıdır?

– Bilirsiniz, “bayağı” deyəndə, dövrün bəzi problemləri, çalarları, axıntıları, döngələri olur. Yəni həyat da material dünyanın özünə bənzər bir şeydir, yoxuşu var, çöküşü var. Bu həyatda hər şey olur. Musiqi də həyatın özüdür, eyni prossesi yaşayır. Hər dönəmin boşluğu da olur, imtahanı da. Mən düşünürəm ki,  bu gün “bayağı” mahnı deyiriksə, bu fikir varsa, demək, hər şey normaldır…  Yəni dinləyici əsl sənəti qeyri-peşəkar və keyfiyyətsiz musiqidən ilk dinləyişdən ayırırsa, demək, sənətimiz xalqımızın nəzarəti və ədalətli seçimi altındadır. Azərbaycan xalqı çox savadlı, dərin təfəkkürlü xalqdır. Çünki biz çox tələbkar tamaşaçıyıq. Dünyada çox az dövlətlər, xalqlar var ki, orda insanlar hərtərəfli savadlı və istedadlı olsunlar. Bizdə işinin peşəkarı olan, ağıllı insanlar daha çoxdur. Onlarin hər biri həm də yaradıcılıqla məşğuldurlar. Hobbi kimi qəbul etsələr də inanın, başqa ölkələrdəki peşəkarlardan daha peşəkar yanaşırlar incəsənət bacarıqlarına. Yəni musiqi duyumu, musiqi zövqü olmayan azərbaycanlı yoxdur. Sadəcə, musiqi janrları müxtəlifdir. Musiqinin hər üslubunun öz dinləyicisi var. Bu, normaldır. Xalq musiqisi, muğam-qəzəl, klassik, meyxana, caz, rok, pop, texno, rep və s. musiqi janrının cərəyan və üslublarının mükəmməl və peşəkar dinləyiciləri var. Çoxsəsli musiqini sevənlər, təksəsli musiqini sevənlər var. Bilirsiniz, mən musiqiçi kimi bunlar haqda çox danışa bilərdim, amma dinləyicini, tamaşaçını yormaq lazım deyil. Bəzən kimsə çox ağıllı, özünü fərqli hesab etmək üçün terminlərlə, elmi dildə nəyisə izah etməyə çalışır. Xeyr, əsl peşəkarın işi insanlarla səmimi, məntiqli danışmaq və onların suallarına dolğun cavab verərək qane etməkdir. Mən bunu qeyd etmək istəyərdim ki, elə bir azərbaycanlı yoxdur ki, bu dediklərimlə razılaşmasın. Belə bir şey yoxdur ki, “pis bir musiqidir, onun böyük tamaşaçı auditoriyası var”. Belə deyil. Sadəcə, indi texnika, texniki imkanlar real həyatı, real yaşananları qapadır, onun üstünə çökür, onu boğur. İndi süni sürətdə milyonlarla tamaşaçı yığmaq, onu efirdən səsləndirmək ki, “mənim bir ayda neçə tamaşaçım olub”, bunu hər kəs öz ağzı ilə deyir. Biz o, bir milyon adamı tanıyırıq? Yəni sübut olunmayacaq qədər yalanlar söylənilir və nəticədə elə bilirik ki, həmin musiqiləri hamı istəyir, hamı dinləyir. Xeyr!

Bilirsiniz, keyfiyyətsiz yazılan, keyfiyyətsiz səsləndirilən musiqilər var. “Bayağı” dediyiniz musiqilər sözlərindən başlayır. “Bayağı” nəyə deyirik: bu nə mahnıdır, gör nə deyir bu mahnıda, belə söz olar?.. Görürsünüz, biz həmişə sözlərə istinadən deyirik ki, bayağıdır. Əgər sözləri üstündən götürüb dinləsəz adi ritmik bir musiqi kimi səslənir. Heç kim məcbur deyil ki, Azərbaycan musiqisi kimi qəbul eləsin. Azərbaycan sözləri üstündə olanda deyirik ki, Azərbaycan mahnısıdır, azərbaycanca oxuyurlar. Amma sözləri üstündən götürsək, sübut olunmaz bir şeydir ki, keyfiyyətsiz səslənən ritmik nəsə Azərbaycan sənətidir. Buna yanaşma müxtəlif olmalıdır. Axı, səslənən mahnı mənim mahnım deyil. Kim bizi məcbur edir ki, deyək, Azərbaycan mahnısıdır?! Qəbul etmiriksə, əgər tamaşaçı deyirsə ki, “bu, bizim mahnı deyil”, deməli, bizim deyil. Gəlin buna belə yanaşaq.

O ki qaldı efirlərdə təbliğatı-filanı, mən yenə deyirəm, bu, texnikanın, bugünki material maraqların, maddi maraqlara iştahların, asan yolla pul qazanmaq istəyən bəzi insanların səhvləridir ki, onlar sadəcə madiyyatı düşünərək, bu işin dərinliyinə varmırlar. Nəticədə də onlar çoxalır. Və hər kəsə də deyirlər ki, Azərbaycan mahnıları… Onların heç biri Azərbaycan mahnısı deyil. Mən o mahnıların heç birini qəbul etmirəm.

Amma əvvəlkinə baxanda, son aylar bu cür hallar azalıb. İnşallah, çox tezliklə, ümumiyyətlə, o, mahnılar artıq efirlərdə öz əksini tapmayacaq. Siz də mənimlə razı olarsınız ki, artıq o, qaragüruh “mahnılar” efirlərdə yoxdur. Ona görə, buna nikbin yanaşaq. Sənətimiz dərindir, müqəddəsdir. Bizim heç kimə, heç kəsə ehtiyacımız yoxdur ki, kimdənsə istifadə edək. Bizim dünyaya təqdim etməyə, dünyanı heyrətləndirməyə və sevgi mesajı göndərməyə – istər Tanrıya sevgi, istər Vətənə sevgi, istər anaya-ataya sevgi, istər həyata – sevgi etirafları etməyə çox böyük əsərlərimiz var. İndi də yazılır, inşallah, gələcəkdə də yazılacaq.

-Son dönəmlər onun da şahidi oluruq ki, bəzi müğənnilər peşəkar bəstəkarlarla və musiqiçilərlə əməkdaşlıq etməkdənsə, diletantlara və texniklərə üstünlük verirlər…

– Sənətkar peşəkar musiqiçilərlə işləməlidir. Hər ifaçıya müğənni demək olmaz. Qeyri-peşəkar insanın işiylə, musiqisiylə səhnəyə çıxan heç kəs dinləyici rəğbətini qazana bilməz. Əgər sənətkardırsa, o, ifa etdiyi əsəri səhnə üçün hazırlayıb sonra səsyazma studiyasında lentə alıb efirə çıxmalıdır. Biz də isə əksəriyyəti tam əksini edir. Burda da rənglər qarışır…

Hər kəsin incəsənətdə özünü sınamağa və istedadını təqdim etməyə haqqı var.

Bilirsiniz, əgər bu gün kimsə məsləyinə görə həkimdirsə, mühəndisdirsə, musiqi təhsili yoxdursa, amma gözəl mahnı yazmaq qabiliyyəti varsa bu çox normal haldır. Belə ki, bir çoxları ya valideynlərinin təkidi ilə, ya da həyat belə gətirib ki,  və hardasa özünü kəşf edə bilmədiyinə görə, başqa bir sənət seçib, amma görüb ki, içində nəsə çatmır. Müəyyən yaşda başa düşüb ki, onun içində melodiyalar, ya şeir, ya musiqi, ya rəssamlıq, incəsənət var. Demək, bu adamın içərisində istedad var. Bu insan bəlli yaşdan sonra bu sənətə müraciət edirsə, sənət aləminə gəlirsə, burda eyib bir şey yoxdur. İstedad 100 yaşında da insanda aşkarlana bilər. Söhbət not yazıb-yazmamaqdan, peşəkar, qeyri-peşəkar olub-olmamaqdan getmir. Əsl müğənni səhnədə musiqini elə səviyyədə ifa etməlidir ki, heç kəs hiss etməsin ki, onu peşəkar, ya qeyri-peşəkar yazıb. Gəlin, məsələyə belə yanaşaq.

Fikirlərim həmişə fərqli olub. Heç kəs də mənlə mübahisə etmir. Bəzən hansısa “ulduz”dur, nə bilim nədir, korifey sənətkarlarımızın, “qızıl fondumuz”un mahnılarını elə bərbad, zövqsüz, qeyri-peşəkarcasına ifa edirlər ki, o dəqiqə məlum olur ki, həmin müğənni sənətkar deyil. Belə ki, hansısa peşəkar bəstəkarın sayəsində, onun dediklərini icra edərək təqdim etdiyi ifalar məhz həmin bəstəkarın məhsuludur. Müğənni özü isə heç nə öyrənməyib və zövqü də formalaşmayıb. Nəticədə həmin bəstəkardan ayrılanda və individual iş görəndə çox eybəcər və qəbulolunmaz ifalar ortaya çıxır. Demək ki, hasısa peşəkar bəstəkarın mahnısı və işbirliyi ilə tanınan və sevilən ifaçı həm də öyrənməli, üzərində işləməli və özü də peşəkarlaşmaq üçün lazımınca sənət məktəbi keçməlidir. Biz niyə fikirləşirik ki, bütün müğənnilərimiz ideal ifaçıdır, amma oxuduqları mahnıları qeyri-peşəkardır… Bəstəkar mahnısı deyil deyə bərbaddır? Xeyr! Bərbad mahnıdırsa, o, necə oxuya bilər? Demək ki, burda söhbət yazılan notdan yox, yazılan notu ifa etməkdən gedir.

Rəhmətlik Rəşid Behbudovla, rəhmətlik Tofiq Quliyev 3-4 dəqiqəlik bir mahnının üzərində 3 aydan, 6 aya qədər çalışırmışlar. Bu iki dahi necə olub ki, 3 ay, 4 ay, 5 ay, 6 ay bir mahnının üzərində çalışırmışlar… Siz artıq burdan düşünün ki, mən nəyi deyirəm.

Mən hər dəfə səsyazma studiyasında olanda, sizə də məsləhət görərdim ki, şahidi olasınız, kimliyindən, yaşından, təcrübəsindən, ifaçılıq təcrübəsindən asılı olmayaraq, hər kəs deyir ki, zövq aldım, mən bu gün işlədim, bu gün istədiklərimi burdan aldım. Bilirsiniz nəyə görə? Çünki bəstəkar ifaçı ilə işləməlidir, çalışmalıdır, bir yerdə yaratmalıdırlar. Belə bir şey yoxdur ki, mən mahnını yazdım, sən dinlədin, bəyəndin, getdi aranjimana. Çox vaxt bəstəkar özü də getmir. Müğənni gedib ifa edir, ahəngləşməni özü edir, sonra mahnını bəstəkara göndərir ki, necə alındı. Bəstəkar da deyir, “çox gözəl”. Mən ona mahnı demirəm. Mən demirəm ki, aylarla oturaq mahnı yazaq. Yox, əsla! Amma səsyazma studiyasına sadəcə marağı olan gəlsin, iştirak etsin. Yenə də deyirəm 40 ilin müğənnisi ola bilər, amma hələ bu günə qədər o, iş prosesində mənimlə çalışan heç bir ifaçı, heç bir müğənni olmayıb ki, desin, getdim yarım saata oxudum, çıxdım. Elə bir şey yoxdur. Ona görə, düşünürəm ki, müğənnilərimizi həvəsləndirmək lazımdır.

– Sizi həm bəstəkar, həm də rejissor, təşkilatçı kimi tanıyırıq. Maraqlıdır, hansı sənətkarla işləmək, onun konsertini təşkil etmək istərdiniz?

– Artıq öz konsertimi təşkil etmək istərdim. Mən böyük təcrübə yığdım. Mənə etimad göstərən hər kəsə çox minnətdaram. Hər zaman da minnətdar olacağam. Göydə Allah, yerdə də mənə güvənən, mənə etimad göstərən insanlar məni bu gün Gövhər Həsən-zadə edib. Bu etimad göstərənlərin içərisində ən böyük yeri tamaşaçılar tutur. Çünki onlar mənə inanıblar ki, Gövhərin mahnısı yaxşı olacaq və ya rejissoru Gövhərdisə bu konsert yaxşı olacaq. Bilirsiniz ki, ideoloji baxımdan Vətəni, xalqı, mədəniyyətimizi təbliğ etmək ön planda olan tədbirlərin rejissorluğu və təşkili ilə məşğul olmuşam və oluram. Əyləncəli və kommmersiya xarakterli konsertlər mənim işimə aid deyil. Təşkilatçılıq işimdə də böyük sənətkarlarla, böyük kollektivlərlə işləmək, böyük sənət əsərlərimizi düzgün proqramlaşdırıb, düzgün təqdim etmək, əlbəttə, çox məsuliyyətli işdir. Çox böyük layihələrdə olmuşam. Düşünmürəm ki, bundan sonra bu qədər sayda daha böyük layihələr mənə təqdim oluna bilər. Çünki bu gün maşallah, təşkilatçılarımız, yaradıcı insanlarımız çoxdu. Amma indi mənim üzərimə düşən borcum illərdir tamaşaçı qarşısına çıxartmadığım hesabat konsertimdir. İstərdim ki, həm burda, həm də Türkiyədə, Avropada , Amerikada, fərqli tərzlərdə ifa olunan həmin sənət əsərlərimi Azərbaycan tamaşaçısına təqdim edim, hamısını bir yerdə. Bu, mənim borcumdur. Düşünürəm ki, bu borcu həyata keçirməliyəm. Mən bunu Qarabağda keçirəcəyimi əhd eləmişdim. Qurban olduğum Allah buyurdu ki, bu da canın, ciyərin – Ana Vətənin, Ana yurdun – hamımızın, bütün azərbaycanlıların Vətəni Qarabağımız, indi bu da meydan, bacarığını, məharətini göstər.Bir sözlə, hazırda öz konsertim haqda düşünürəm. Çünki artıq nəyisə ertələmək, nəyisə planlaşdırmaq ki, “bu, olsaydı, belə olardı”, deyilən mərhələ keçdi. Mən bunu artıq hazırlamalıyam. Çünki siyahıda çox böyük sənətkarlar, çox böyük kollektivlər var. Dünyanın müxtəlif yerlərindən gələ biləcək – Nilufər, Mustafa Ceceli, Zərrin Özər, Bengü, İn-Grid, Kaan Yalçın, Pınar Aylin, Kanun Yıldırım, Zeliha Sunal, MİŞA, Ayla İşıl, Meyra, “Studio A” , Barbaross və digərləri kimi ümumilikdə otuza yaxın ifaçılar var. Onların hamısını mən cənnət məkan Qarabağımızda toplamaq istəyərdim. Düşünürəm ki, artıq zamanı çatıb. İnşallah, dünyanın hər tərəfindən gələcək qonaqları, ifaçıları dilbər guşəmizdə toplaya bilsəm çox xoşbəxt olaram. Bu, tək mənim seçimim deyil, lazım olan qurumlarla, təşkilatçılarla, yaradıcı, bədii, texniki heyətlərlə qərarlaşdırılıb, danışılıb, ondan sonra həyata keçiriləcək.

(Ardı var)

Söhbətləşdi: Fuad BİLƏSUVARLI. 

Interval.az


Bütün xəbərlər