Nazirdən bələdiyyələrlə bağlı QƏRAR – Vaxt müəyyənləşdirildi

Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli qərarı ilə təsdiqlənmiş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat”da dəyişiklik edilib.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Qərarla sənədin 2.5.1-ci bəndində dəyişiklik olunub.

Həmin bənd bələdiyyə aktının Konstitusiyaya, qanunlara, Prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olduğu məqamlarla bağlıdır.

Əgər bələdiyyə aktı Konstitusiyaya və ölkə başçısının fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olarsa, qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir.

Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər olmalıdır.

Həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə məlumat təqdim olunmasının zəruriliyi göstərilməlidir.

Bələdiyyə aktının və ya aktlarının surətinin əlavə edilməsi isə vacibdir.

Sənədin əvvəlki variantında müraciət edilməsi üçün müddət göstərilməmişdi.

Yeni qərarla isə müraciət bundan sonra 5 iş günü müddətində təqdim olunmalıdır.

Bələdiyyə tərəfindən müraciətə baxılması qaydasında dəyişiklik olub.

F.Məmmədovun qərarı ilə həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılmalıdır. Bunun nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilməlidir.

Qərarla 2.5.2-ci bənd də dəyişdirilib.

“Göstərilən ziddiyyət aradan qaldırılmadıqda bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi vaxtdan 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir. Bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır”, – əvvəlki qərarda belə yazılırdı.

Yeni variantda isə “ziddiyyət” sözündən sonra “müəyyən olunmuş müddət ərzində” ifadəsi əlavə olunur.

2.5.3 yarımbənddə yazılırdı ki, bələdiyyə aktlarında yol verilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə bələdiyyəyə tövsiyə məktubu göndərilir.

Yeni sənəddə isə bu cümlə çıxarılıb.


Bütün xəbərlər