Koronavirus həyatımızı və gələcəyimizi necə dəyişir?

Reallıq budur ki, dünya COVİD-19 koronavirus pandemiyasından əvvəlki təki olmayacaq. Əsla.

Koronavirusla bağlı xof, kütləvi qorxu, Hollivud filmlərindəki postapokalipsis ssenarilərinin yenidən komplo teoriləri qismində gündəmə gətirilməsi, hətta 5G mobil rabitə sisteminin guya “koronavirus yayması” ilə bağlı absurd şayiələr sürrealist mənzərə yaradıb.

Bəşəriyyət tarixindəki bütün yoluxucu xəstəliklərdən, pandemiyalardan, savaşlardan, fəlakətlərdən və qırğınlardan fərqli olaraq yaşadığımız pandemiya konkret məkanlara, dövlətlərə və ya insanlara qarşı yönəlməyib. Bəla xaotik vurur, amma faciəli sonuclarla.

Lakin ötənlərlə indilər arasında ciddi fərqlər var.

COVİD-19 koronavirus pandemiyası başa çatandan sonra indiki liberalizm, açıq sərhədlər, qlobal bazar, Avropa Birliyi, NATO, ABŞ-ın hegemonluğu və s. kimi anlayışlar köhnəlmiş olacaq. Qərbdə istisnasız olaraq bütün ölkələrdə vətəndaşlar hakimiyyətlərdən soruşacaqlar: “Axı niyə belə oldu?”

Sualın obyektivliyi, yaxud subyektivliyi, ədalətli olub-olmaması əsla önəm kəsb etmir.

Reallıq budur ki, koronavirus dünyanı dəyişdi, demokratiya, neoliberalizm və s. kimi dəyərlərin, əslində, klişe, çeynənmiş ibarələr və reallığı tam əks etdirməyən məqamlar olduğunu göstərdi.

Gerçək həm də odur ki, artıq yeni dünyada yaşayırıq. Ötənlərdə necə idi, gələcəkdə necə olacaq – bu mübahisələr effektiv yaşamı çətinləşdirən mənasız nəsnələrdir.

Koronavirus sürətlə yayılır, vaksinin hazırlanması ən azı 16 ay vaxt alacaq, on minlərlə insan bəlanın qurbanı olaraq vəfat edib, 1,6 milyon insan virusa yoluxub, xəstəxanalar pasiyentlərlə dolub-daşır.

ABŞ başda olmaqla Qərbin qarşısında duran əsas məsələ virusun yayılmasının qarşısını almaq, sonra onu, ümumiyyətlə, aradan qaldırmaqdır. Özü də bu proseslər elə miqyasda olmalıdır ki, Qərb ölkələrində insanların hakimiyyətə etibarı bərpa olsun və ən əsası, “qızıl milyard”ı təşkil edən ölkələri idarə edən elitaların elə idarəçilik imkanlarının var olması şübhə doğurmasın.

İndi inkişaf etmiş dövlətlərlə bahəm, inkişaf etməkdə olan ölkələr genişmiqyaslı antivirus aksiyaları keçirirlər. Bütün bunlar postkoronavirus dönəminə keçidlə bağlı işləri arxa plana atmamalıdır.

Problem odur ki, dövlətlərin hamısı bəlaya qarşı ayrılıqda, təklikdə mübarizə aparırlar. Fəqət koronavirus qlobal pandemiyadır, sərhəd, ideologiya, düzən tanımır.

COVİD-19-un insan orqanizminə zərbəsi ağırdır, amma cəmiyyətlər üçün perspektivdə, tarix və zaman baxımından qısamüddətlidir. Virusun ən pis sonucu siyasi və iqtisadi fəsadların onilliklər boyu davam edə bilməsi ehtimalındadır.

Heç bir ölkə, hətta supergüc və fövqəldövlət ABŞ koronavirusun öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil.

Virusla mübarizə ilə yanaşı, onun fəsadlarının aradan qaldırılması üçün qlobal əməkdaşlıq, işbirliyi və proqram gərəkdir.

Bunlar olmasa, çox pis sonuclarla qarşılaşacağıq.

Nə etməliyik?

İlk əvvəl COVİD-19 koronavirus pandemiyası kimi yoluxucu və fəlakətli xəstəliklərə, infeksiyalara qarşı insan övladının qlobal miqyasda dayanıqlılığını artırmaq gərəkdir.

Səhiyyə sistemi ətalətdən qurtulmalı, infeksion nəzarət və yeni vaksinlərin hazırlanması üçün yeni metodlarla texnologiyalar hazırlanmalıdır.

Təhsil və səhiyyə sisteminə ayrılan büdcə vəsaiti mütləq şəkildə artırılmalı, elmi-tədqiqat proqramlarına daha çox pul ayrılmalıdır.

İkinci məqam iqtisadiyyatda yaranmış problemlərin aradan qaldırılmasıdır və bunun üçün 2008-ci ildə yaşanmış qlobal maliyyə böhranının dərslərindən nəticə çıxarmayılıq.

Dünya iqtisadiyyatı indi çox ağır durumdadır: karantin və izolyasiya rejimləri hər ölkənin büdcə gəlirlərini azaldıb. Müəssisələr, şirkətlər çalışmır, iş yerlərinin tam əksəriyyəti bağlıdır, nəqliyyatda və logistikada çox ciddi probemlər yaşanır. Üstəlik, vətəndaşlara və şirkətlərə edilən yardımlar, fiziki və hüquqi şəxslərə olunan güzəştlər büdcəyə çox ağır yükdür. Bütün bunlar nəticəsində gəlirlər minimallaşıb, xərclərsə maksimallaşıb.

İqtisadi xaos yaranmasın deyə, əhalinin həssas təbəqələrinə dəstək ön planda olmalıdır.

Və ən nəhayət, liberalizm ideyalarını qorumaq gərəkdir, çünki koronavirus ən inkişaf etmiş, demokratik ölkələri belə, orta əsrlər çağına atdı. Bağlanan sərhədlər, boş küçələr, ölkəsini və insanlarını qorumaq istəyən hakimiyyətlərin “alınmaz qala” taktikasına əl atması.

Anlaşılandır, çünki istənilən normal hakimiyyət ilk əvvəl təhlükəsizliyi, qayda-qanunu, iqtisadi situasiyanın normallığı və ədaləti təmin etməyə çalışır.

Vətəndaşlar bunları reallaşdıra bilməzlər – dövlət qurumları önə keçməlidir.

Və…

Eqosentrist Qərb indi geosiyasi parçalanma ərəfəsindədir. ABŞ və Meksikadan tutmuş, Serbiya və Yunanıstana qədər sərhədlərin bağlanması, hərəkət azadlığı prinsipinin məhdudlaşdırılması və əksər hallarda, ümumiyyətlə, aradan qaldırılması – belədə illərdən bəri şüara çevrilərək fasiləsiz təkrarlanan “aktiv, fəal Qərbin güclənməsi və genişlənməsi”ndən danışmağa dəyərmi?

Avropa Birliyi koronavirusa tam məğlub olaraq göstərdi ki, yaxın gələcəkdə ciddi geosiyasi oyunçu ola bilməyəcək.

ABŞ-ın dünya arenasındakı yeri və rolu da artıq sual altındadır.

Sürətlə qocalmaqda olan əhali, doğuşların azalması və demoqrafik situasiyanın pisləşməsi, dövlət borclarının artması, tarixi perspektivdə ABŞ-ı üstələmək planlarının alt-üst olması – bu, yeni reallıqdır.

Eyni zamanda, Qərbin dəyərlər sisteminin effektiv idarəetmə və koronavirus kimi fəlakətin qarşısının vaxtında alınması, hətta dezavuasiya edilməsi baxımından işlək olmaması Çinin uğurlarından danışanların sayını artırır.

Təbii, ABŞ-dan sonra fövqəlgüc kimi Avropa Birliyi ikinci yer uğrunda mübarizə apara bilərdi. Lakin bunun üçün vəhdət təsiri bağışlayan siyasi alyans, ümumi xarici siyasət proqramı, müştərək müdafiə proqramları və s. gərəkdir. Əfsuslar olsun ki, “soyuq müharibə”dən sonra Avropa Birliyinədək genişlənmiş Avropa iqtisadi ittifaqı hələ də, sadəcə, sözdə birlikdir.

İtaliyanın koronavirus qarşısında tək qalması və sonra da Avropa Birliyinin italyanlardan üzr istəməsi buna dəlalət etmirmi?

Qərb məhfum kimi sağ olsa da, onun qlobal dominion rolunu koronavirus darmadağın etdi. İndi obyektiv və subyektiv qlobal kontekstdə ABŞ ilə Avropa Birliyi əvvəlki təki şəksiz söz sahibi təsiri bağışlamırlar.

Qərbin indi inkişaf üçün Məqsəd və Mənaya ehtiyacı var.

Qərb bu məhfumları itirib. Əvəzində nə əldə edib?

Çin isə bir kənarda qımışır. Pekin əla anlayır ki, ABŞ zəifləyir. Təsadüfi deyil ki, Çinin son 50 illik diplomatiyasının tarixində ilk dəfə olaraq “Səmaaltı İmperiya” xarici işlər naziri Çjao Linszyanın dili ilə “Sem dayı”nı hədələdi: “Ehtimal edirik ki, məhz Amerika hərbçiləri ilə alimləri koronavirus epidemiyasının Uhanda partlamasının səbəbkarlarıdır. Şəffaf, vicdanlı olun! Faktları açıqlayın! ABŞ bizə izahat verməlidir”.

Sensasiya davam etdi. Bu sərt ittihamdan sonra əvvəlcə ABŞ-ın dövlət katibi Mayk Pompeo, sonra da prezident Donald Tramp bəraət qazanmağa çalışaraq, ittihamları rədd etdilər.

Halbuki ABŞ-ın sabiq prezidenti Corc Buş amerikalıların eqoist və təşəxxüslü isteblişmentinin kollektiv mövqeyini izhar edərək bir vaxtlar demişdi: “Hər hansı faktlara və sübutlara rəğmən belə, Birləşmiş Ştatlara görə əsla üzr istəyən deyiləm!”

… Koronavirus pandemiyası nəticəsində dünya iqtisadiyyatına artıq 27 trilyon dollar ziyan dəyib. Problem heç də sərhədlərin bağlanması, insanların evdə oturması və s. nəticəsində şirkətlərin kapitallaşma miqyasının sürətlə aşağı düşməsində deyil. Problem vahid qlobal bazarın sürətlə ayrı-ayrı zonalara, fraqmentlərə bölünməsidir. Qloballaşma artıq regionlaşma ilə əvəzlənir.

Dünya dəyişir və o, artıq heç vaxt əvvəlki təki olmayacaq. İnsan amilinin azaldığı, iqtisadi məsələlərin insanların kütləvi iştirakı olmadan həll olunduğu yeni istehsalat münasibətlərinin formalaşması mərhələsindəyik.

Biz təmin olunmayan likvidlik, izafi istehal və ya maliyyə “köpük”ləri qarşısında deyilik.

Biz ənənəvi istehsalat münasibətlərinin çökməyə başladığı durumdayıq.

Bu, artıq reallıqdır. (Milli.Az)


Bütün xəbərlər