Arıqlama çayları ilə bağlı xəbərdarlıq: Həyatınız üçün təhlükəlidir

Son illər sosial şəbəkələrdə müğənnilərin, blogerlərin səhifəsini bir məhsul "bəzəməyə" başlayıb. Bu, iştah küsdürən, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir.

 İnterval.Az Yeni sabah.Az-a istinadən bildirir ki, Bu gün “İnstagram”da, “TikTok”da özlərindən dietalar təqdim edənlər, blogerlər çoxalıb. Və onlar müxtəlif dərmanları, çayları reklam edirlər. Soruşduqda isə bu vasitələrin dərman olmadığını, bitki tərkibli qarışımlardan ibarət olduğunu bildirirlər.

Bəs təyinatsız, kor-koranə qəbul edilən bu “çay”lar orqanizm üçün hansı fəsadları yaradır? Hər hansı bitki tərkibli çayla 1 aya 10-12 kiloqram arıqlamaq mümkündürmü?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hər hansı çayın bitki tərkibli olması onun zərərsiz olduğu anlamına gəlmir.

Ekspert bu cür çay və həblərin insan orqanizminə vurduğu ağır fəsadları sadalayıb:

“Bu cür arıqlama çayları, kapsul şəklində olan həblər biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Bu zaman onların istehlakçıları aldatmaq üçün ən çox istifadə etdiyi cümlə çayların bitki tərkibli olmasıdır. Bir məhsulun bitki mənşəli olması demək o demək deyil ki, o məhsul zərərsizdir, yaxud orqanizm üçün faydalıdır, çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, müəyyən yan təsirləri də var.

Əgər bitki mənşəli hər hansı çay insanları arıqladırsa, bu onun orqanizminin təbii prosesinə müdaxilə yolu ilə pozulması deməkdir. Bu çaylar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır ki, bu da mineralların, vitaminlərin orqanizmdən yuyulub getməsi deməkdir, eyni zamanda bu, bağırsaq mikroflorasının da pozulması ilə nəticələnir. Belə olan halda, insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur. Təyinatsız bu cür vasitələrdən istifadə olunursa, sonrada bu, daha ciddi fəsadlara yol açır.

Sonradan həmin insanlarda vitamin çatışmazlığı, ciddi anoreksiya, saç tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması, mədədə ağrılar, orqanizmin funksiyasının pozulması kimi ciddi problemlər yarana bilir. Mütləq şəkildə bu kimi məhsullardan uzaq durmaq lazımdır”.

M.Hüseynova qeyd edib ki, belə vasitələrdən xüsusilə gənc və ana olmamış xanımların istifadə etməsi çox təhlükəlidir:

“Bəzən gənc xanımlar bu vasitələrdən istifadə edir, bu isə daha təhlükəlidir. Ana olmadan öncə bu kimi çay və həblərdən istifadə olunursa, bu orqanizmin zədələnməsinə, gələcək uşaqların xəstəlikli doğulmasına səbəb olur.

İmmun sisteminin zəifləməsi, qan azlığı, vitamin və mineralların bədəndən yuyulması gələcəkdə diabetə, xərçəngə, mədəaltı vəzinin tamamilə sıradan çıxmasına da səbəb ola bilər. Çünki orqanizmə süni müdaxilələr çox zərərlidir.

Digər bir məqam isə bu tip məhsulların reklam vasitəsilə daha çox satılmasıdır. Onların harda istehsal olunduğu, mənşəyi bilinmir. İstehsalçı şirkətin məlumatları göstərilmir. Bu məhsullardan istifadədən sonra xoşagəlməz hallarla qarşılaşan insanlar hara və kimə müraciət edəcəklərini bilmir. Fəsadlarla qarşılaşdıqdan sonra isə artıq gec olur”.

Qida mütəxəssisi məhsulu sata bilmək üçün şirkətlərin insanları necə aldatdığını açıqlayıb:

“Məhsulların satılması üçün daha çox blogerlərdən, müğənnilərdən, məşhur simalardan istifadə olunur. Bəzən əməliyyatla arıqlayan, yaxud estetik əməliyyat olunmuş tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar, bunun çay nəticəsində olduğunu iddia edirlər.

Əgər bədən çəkimizi normada saxlamaq istəyiriksə, sağlam qidalanmamaıza, gündəlik həyat tərzimizə, yuxu rejimimizə və fiziki aktivliyimizə diqqət etməliyik. Yalnız bu yolla sağlam çəkini saxlamaq olar, digər vasitələr insan orqanizminin təbii prosesinə süni müdaxilə edir və mütləq şəkildə sonda fəsadlara səbəb olur. Bəzən insanlar tənbəllikdən bu kimi reklamlara aldanırlar.

1 ay ərzində birdən-birə 10-12 kiloqram arıqlamaq orqanizmdə əzələ itkisinə, eyni zamanda dəri sallanmasına səbəb olur ki, sonradan bunun qarşısını almaq olmur. Bitki tərkibli hər məhsula faydalı, orqanik məhsul kimi yanaşmaq lazım deyil. Bundan başqa həmin məhsulun həqiqətən bitki tərkibli olmasına dair nəzarət və keyfiyyət sertifikatları olmalıdır”.

Əsmətxanım Rzazadə 

İnterval.Az


Bütün xəbərlər