16 yaşlı arvadını öldürməkdə ittiham olunan ərin bədənində xəsarətlər aşkar edilib – Fatimə müqavimət göstərən zaman…

Masallı rayonu, Həsənli kənd sakini 16 yaşlı Qəmbərova Fatimə Mais qızının qətlə yetirilməsi ittihamı ilə bağlı əri 2001-ci il təvəllüdlü İman Məmmədov tutulub.

İnterval.Az xəbər verir ki, bu barədə oxu.az-a rayonun hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

F.Qəmbərova yanvarın 29-da Xoşçobanlı kəndində qətlə yetirilib. İki həftə əvvəl qız həmkəndlisi İman Məmmədova ərə gedib.

Məhkəmə ekspertizasına görə, zərərçəkən boğularaq öldürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Əldə olunan məlumata görə, İ.Məmmədov yanvarın 29-da axşam saatlarında saxlanılıb. O, törətdiyi əməli etiraf edərək, onunla yetkinlik yaşına çatmayan həyat yoldaşı arasında məişət zəminində münaqişə baş verdiyini deyib.

Saxlanılan şəxsin bədənində müayinə zamanı mütəxəssislər hücuma məruz qalan F.Qəmbərovanın müqavimət göstərməyə çalışdığını göstərən yüngül xəsarətləri qeyd ediblər.

Məlum olub ki, saxlanılan şəxs Sumqayıt Dövlət Texniki Kollecinin tələbəsidir. Bununla əlaqədar gənc cütlük Sumqayıtda kirayə mənzilə köçməli idi. Mənzili İ.Məmmədovun anası kirayələyib.

Saxlanılan şəxsin dediyinə görə, o, F.Qəmbərova ilə valideynlərinin istəyinə əsasən evlənib. Onlar 2016-cı ildə, üç il əvvəl nişanlanıblar.

Hüquq mühafizəçiləri qeyd ediblər ki, istintaq orqanları mərhumun qanunu pozan və hələ nikah yaşına çatmamış qızını ərə verən valideynlərinə qarşı tədbirlər görməlidir.


Bütün xəbərlər