Azərbaycanda turizmlə bağlı iki yeni fəaliyyət mexanizmi hazırlanıb

Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin artırılmasına dəstək verəcək iki yeni fəaliyyət mexanizmi hazırlanıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin mexanizmlərdən biri Azərbaycan turizm sektoru nümayəndələri üçün nəzərdə tutulan tövsiyə xarakterli etik kodeksidir. Digər mexanizm isə Assosiasiyaya üzv olan turizm şirkətləri ilə onların xidmətlərindən yararlanan müştərilər arasında ikitərəfli müqavilənin imzalanmasıdır. Bu müqavilə vahid bir sənəd olaraq, turagentlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək.

R.Hacıyev əlavə edib ki, Azərbaycan Turizm Assosiasiyasına Azərbaycan turizminin inkişafında, əcnəbilərin ölkəmizə olan marağının artırılmasında, daha çox turistin ölkəyə cəlb olunmasında maraqlı tərəf kimi standartlara cavab verən 50 turizm şirkəti üzv qəbul edilib.

Onun sözlərinə əsasən, bu gün əsas məqsəd turizm agentliklərinin vahid platformasını yaratmaq, turizm şirkətləri ilə dövlət arasında əməkdaşlığın effektiv qurulmasına və inkişafına nail olmaq, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini yüksəltməkdir.


Bütün xəbərlər