Prezident “Dostluq” ordenini Qəri Counza təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Interval.Az  xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər.

Prezident İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidenti Qəri Counza təqdim edib.

Prezident İlham Əliyev: Bizim daha bir vacib mərasimimiz var. Qəri Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir.

Qəri Counz: Cənab Prezident, bu, mənim üçün gözlənilməz oldu. Sizə çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Siz buna həqiqətən layiqsiniz. Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm.

Qəri Counz: Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər