İran da Ermənistanı məyus etdi…

Müharibənin ilk günlərindən neytrallığı ilə seçilən və noyabrın 10-da Ermənistanın kapitulyasiyasında bilavasitə vasitəçi tərəf olan Rusiyanın ardınca İran da regionda yaranan yeni geosiyasi vəziyyətdən kənar qalmaq fikrində deyil.

Belə ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin öncə Azərbaycana, ardınca Rusiya və Ermənistana səfərləri belə düşünməyə əsas verir. İranın xarici işlər nazirinin Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı kimi dəyərləndirməsini isə cənub qonşumuzun Azərbaycanın planlarını dəstəklədiyinin təsdiqi hesab etmək olar.

44 günlük müharibədən sonra diplomatik müstəvidə də əhəmiyyətli addımlar ataraq tarixi qələbəni ermənipərəst qüvvələrin, lobbinin fəaliyyəti nəticəsində təhrif etməkdən qorumağın da yeganə yolu indi Rusiya ilə də, İranla da, Avropa Birliyi ilə də balansı qurmaqdan keçir. Hadisələrin gedişi Azərbaycanın buna nail olmağa başladığını göstərir.

Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra bu sənədlərdəki müddəaları hər fürsətdə pozmağa çalışan Ermənistan təxribatlara ara vermir. Lakin yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasına ümidlə yollanaraq üçtərəfli bəyanatdan sonra işğaldan azad edilən ərazilərdə Azərbaycan əsgərləri tərəfindən ələ keçirilən erməni diversantları hərbi əsir adı altında geri qaytarmağa çalışan Ermənistanın niyyəti Moskva görüşünün (11 yanvar) ardınca növbəti dəfə ürəyində qalıb. Belə ki, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib. Əvəzində Parlament Assambleyasın Monitorinq Komitəsinin (AŞPA) “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib.

Qətnamənin 11-ci bəndindəki fikirlər xüsusilə diqqət çəkib: “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

Çox keçmədi ki, Ermənistan qısa zaman kəsiyində növbəti şilləni İrandan aldı. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı və rus həmkarından sonra erməni həmkarı Ara Ayvazyanla görüş üçün İrəvana yollanıb. Ara Ayvazyan Cavad Zərifin Azərbaycan Prezidentini və xalqını Qarabağın işğaldan azad olunması ilə bağlı təbrik etməsindən narazılığını üstüörtülü formada bildirib. Erməni nazir “Qarabağdakı son müharibənin nəticələri regionda sülh üçün əsas ola bilməz. Regionda təhlükəsizliyi və stabilliyi yalnız qalib, ya məğlubun olmadığı sülh təmin edə bilər” deyib.
Buna cavab olaraq, Cavad Zərif erməni diplomata ölkələrin ərazi bütövlüyü prinsipi barədə danışıb: “İran bütün ölkələrin ərazi bütövlüyünə böyük önəm verir”. Cavad Zərif bu cavabı ilə Ermənistana İranın Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın ərazi bötüvlüyü kimi tanıdığını bəyan etmiş olub.

Görünən odur ki, ermənilər AŞPA-da, başqa tribunalarda “Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşaması qeyri-mümkündür” kimi sərsəm fikirləri səsləndirməkdənsə, qonşuları ilə normal, sülh şəraitində necə yaşamaqla bağlı Azərbaycanın təkliflərini dəyərləndirsə, daha yaxşı olar. Əks halda Ermənistan adlı dövlətin gələcəkdə varlığı hər ötən gün daha çox sual altına düşür. Rəsmi İrəvan revaşist açıqlamalardan çəkinməli və bölgənin gələcəkdə sülh, dostluq içində yaşaması üçün papağını tapıb qabağına qoyub düşünməlidir.


Bütün xəbərlər