Səfir: “İordaniyadan tələbələrin ölkəmizdə təhsilə cəlb olunmasında maraqlıdır” – FOTO

“Azərbaycan Tibb Universiteti xarici ölkələrdən, o cümlədən İordaniyadan tələbələrin ölkəmizdə təhsilə cəlb olunmasında maraqlıdır.”

İnterval.Az xəbər verir ki, bu fikir İordaniyanın Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ghoshenin Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşündə səsləndirilib.

Görüşdə rektor G.Gəraybəyli xüsusilə vurğulayıb ki, ATU xarici tələbə sayına görə Azərbaycandakı ali təhsil müəssisələri arasında birinci yerdədir. Tibb universitetinin əcnəbi tələbələri arasında İordaniyadan olanlar da var:

“İordaniyadan hal-hazırda bizdə 31 tələbə təhsil alır, 3 tələbə hazırlıq kursundadır. Həmçinin, ölkənizdən 2 rezidentimiz var. Beləliklə, İordaniyadan 36 nümayəndə bizim universitetin qonağıdır”.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev səfirə əcnəbi tələbələrin qəbul prosesi haqqında ətraflı məlumat verdi. qeyd etdi ki, artıq 3 ildir əcnəbi tələbələr ATU-ya müasir formada – online qaydada qəbul edilirlər. Bu məqsədlə xüsusi olaraq yaradılmış “admission.amu.edu.az” saytı vsitəsilə gənclər sənədlərini ali məktəbə göndərirlər:

“Sənədlərin uyğun olduğu təqdidər, tələbəliyə namizədlərlə online intervü təşkil olunur. 5 nəfərdən ibarət müsahibə komissiyasının üzvləri namizədə həm ümumi, həm də fənn sualları verirlər. Hər bir namizədin cavablarına uyğun onlara bal yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir”.

Prorektor qeyd edib ki, Skype-la müsahibə adətən 8-10 dəqiqə davam edir. O.İsayev o cümlədən ATU tələbəsi adını qazanan, hazırlıq kurslarına yazılan əcnəbi gənclərin viza almaq üçün sənədləşmə prosedurundan da danışıb.

Daha sonra ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Qorxmaz Əhmədov iordaniyalı tələbələrin təhsil haqqı, bununla bağlı universitetin müqavilə şərtlərini izah etdi.

İordaniyanın Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ghoshe ətraflı məlumat üçün ATU rəhbərliyinə təşəkkür edərək, ölkəsindən olan tələbələrin bu ali məktəbdən məmnunluğunu ifadə etdi. Səfir gələcəkdə ATU ilə birgə layihələrin icra oluna biləcəyini bildirdi.


Bütün xəbərlər