13 fevral Azərbaycan  musiqisinin əfsanəvi nümayəndəsi Nisə Qasımovanın doğum günüdür.

13 fevral Azərbaycan  musiqisinin əfsanəvi nümayəndəsi, şou-biznesimizin  tanınmış simalarından biri, xalq artisti Nisə Fətulla qızı Qasımovanın doğum günüdür. Bu il  Nisə xanımın 67 yaşı yaşı tamam olur. 

Sevimli  və dəyərli sənətkarımız Nisə xanım Qasımova! Kollektivimiz adından Sizə arzu etmək istərdik ki, yeni yaşınızda xoşbəxtliyin ən gözəlini yaşayasınız ,uğur həmişə Sizinlə olsun. Sənətimizin incisi və xalqımızın sevimlisi kimi daima var olun!

Böyük sənətkarımızın həyatını qısa olaraq xatırimizdən keçirək.

O,  uşaqlıqdan musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradılır. Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul olur. Çox keçmir ki,  9 yaşında olarkən xorun gənc solisti olur. ,,Günəş adlı yaxın dostum var mənim” məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edir və çox böyük popularliq qazanır. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki ” Lalə qızlar ansamblı”na solist kimi dəvət olunur. Fərqli səs imkanları və  o zaman üçün böyük yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. 

1972-1973 illərdə biri birinin ardınca “Ay ellər”, ” Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kassetləri də işıq üzü görür

1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi ” Laylay” (Şəfiqə Axundova), “Sədaqətim var” (Ələkbər Tağıyev), “Bayatı Şiraz təsnifi” ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır. Elə həmin illərdə SSRİ Dövlət elektro musiqi orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya gedən müğənni bu ansamblla birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla” və. s. mahnılarından ibarət albom lentə aldırır. Nisə xanimın Moskvadakı çıxışları zamanı məşhur rus bəstəkarı və şairi Nikolay Zinovyev gənc müğənninin ifaçılıq və səhnə istedadına valeh olur.

Yaradıcılığında Alla Puqacova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək “Xaxatunya”, “Kaspiyskiy vals”və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur. 

 1975-ci ildə  “Leyli və Məcnun” operasının televiziya versiyasında Leylini məharətlə ifa edən Nisə Qasımova tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Melikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrında Leyli rolunu ifa etmək üçün dəvət alır. 1979-cu ildə yeni plastinkası satışa çıxan muğəninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertləri baş tutur. 1980-ci ildə isə Sovetlər Birliyinin “S pesnyami po jizni” beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırır. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSSR Ali Sovetinin Fəxri Fərmanını alır. Bu sevindirici olayın ardından Nisə xanıma “Özbəkfilm”də çəkilən “Alovlu yollarla” bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında  xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır. 3 il illik fasilədən sonra  o, Azərbaycanın ən müxtəlif yerlərində, eləcə də sərhədlərmizdən kənarda Danimarka, İslandiya, Türkiyə, Dubay, Əfqanıstan, Ukrayna, Almaniya və digər ölkələrdə böyük uğurla konsertlər verir. 1989-cu ildə isə müğənni “Əməkdar Artist” adını alır.

90-cı illərin əvvəlində isə daim yenilikçi olan sənətkar xanım Azərbaycanda əyləncə məkanlarında şou proqramlar hazırlamaq fikrinə düşür. Elə həmin ərəfələrdə məhz müğənninin göstərişi ilə tikilmiş şəhərin ən böyük və samballı əyləncə məkanlarının birində Nisə xanımın özünün və digər sənətçilərin səhnə aldığı şou proqram gerçəkləşir. Çox keçmirki o, Azərbaycan dövlət televiziyasında ilk dəfə olaraq özünün aparıcılıq etdiy ” Ulduzlar görüşəndə” televiziya layihəsini gerçəkləşdirir. Onun daha bir uğuru isə 4 dildə ifa etdiyi Bakı mahnısına çəkilən uğurla bağlı idi. Nəinki yerli televiziyada eləcə də Türkiyə və Rusiya televiziyalarında da yayımlanan musiqi nömrəsi o qədər sevildi ki, sənətçiyə Moskvada yeni silsilə konsert proqramları ilə çıxış etmək təklifi gəldi.  Verilişin dayandırılması və qeyri müəyyən səbəbdən qoyulan qadağalardan inciyən sənətkar xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirir və Moskvaya köçür. Moskvanın “Varşava”, “Arion” kimi böyük konsert zallarında çıxış edən müğənni 3 il müddətində vətəndən uzaq düşür. Həmin dövrlərdə də daim sənət fəaliyyətində olan Nisə Qasımova bəstəkar Siyavuş Kərimi ilə iş birliyinə başlayıb Moskvada bir neçə klip və telekonsert hazırlayır. Nəhayət 3 ildən sonra ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönən müğənninin gəlişindən xəbər tutan televiziya nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dövlət televiziyasında o zamanlar uğurla yayımlanan “Gəl səhərim” verilişinin çəkiliş meydançasına gətirirlər. Bakıda olduğu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə vətəndə bir müddət qalmağı qərarlaşdırır.

“Yalandı dünya” albomunun möhtəşəm uğurunun ardınca “Yalvarıram”(sözləri-İkram Əliyev,musiqi-Xanlar Cəfərov), “Qayıtdım”, “Məni satdın nəfsinə”(sözləri-İkram Əliyev,musiqi-Kəmalə Qasımova) xitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayır. O ərəfələrdə “Qayıtdım” adlı solo konsert proqramını tamaşaçılara təqdim edən müğənni yaradıcı gənclərə dəstək olmaq məqsədi ilə “Kainat” studiyasını yaradır. Beləliklə səhnə fəaliyyətinin ikinci baharını yaşayan sənətkar 2004-cü ildə “Anar optik” mağazalar şəbəkəsi ilə 5 il müddətində şirkətin reklam üzü kimi müqavilə imzalayır

Daha sonra “Ömrümdən gedən illər”, “The best of”, “İkinci bahar” kimi musiqi albomlarını dinləyicilərə təqdim edən müğənni 2005-ci ilin 6 aprelində Bakıdakı “Heydər Əliyev adına saray”da və daha sonar Şəhriyar adına BMM də “Şahanə sevgimlə” adlı solo konsert proqramını gerçəkləşdirir. 21 yaşından televiziya solisti kimi çalışan Azərbaycanın ilk aparıcı müğənnisinin elə aparıcılıq fəaliyyəti də bu gün davam etməkdədir. 2005-ci ildə Space teleradio şirkətində 6 ay müddətində “Space şou” verilişinin aparıcısı olan Nisə xanım artıq 2007-ci ilin sentyabrından həftə içi 5 gün 2 saatlıq “Xoş vaxt olun” life şousu ilə sevənlərin görüşünə gəlir. Davamlı sənət uğurları ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olan müğənni özünün adını daşıdığı “Nisə Qasımova fondu”nu yaradıb davamlı xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirir. 2008-ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma “Birliyə doğru” beynəlxalq humanitar təşkilatı tərəfindən ” Əlimi tut, səninləyəm” xeyriyyə layihəsinə görə Azərbaycanın “ən xeyirxah müğənnisi” diplomu verilmişdir. Bu gün də Azərbaycanın əfsanəvi səsi Nisə Qasımova həm sənət, həm də ictimai fəaliyyətini davam etdirməkdədir.

Doğum gününz mübarək Nisə xanım!


Bütün xəbərlər