Xərçəngə 4 dəfə qalib gələn şəxs: “İlk əməliyyata ad günümdə girdim” – VİDEO – FOTO

İnterval.Az qafqazinfo-ya istinadən xərçəng xəstəliyinə mübtəla olmuş və ona 4 dəfə qalib gəlmiş Lətif Hacıyevlə müahibəni təqdim edir:

– Bu xəstəlik aşkarlananda yoldaşım, yəqin ki, məni itirməkdən qorxub. Baxmayaraq ki, 40 ilə yaxındır Bakıda yaşayır, ancaq mənsiz harasa getməyib. Ona görə narahat idi.

– Ona görə narahat idim hə? Gördüz nə deyir?

– Yox, Gülü, elə demə.

– Mən nə dedim ki?! Sən deyirsən…(gülürlər)

Doğrusunu desəm, ilk dəfədir bir xəstəlik, özü də xərçəng haqqında söhbətimiz bu qədər müsbət əhval-ruhiyyədə keçdi. Onu da səbəbkara borcluyuq. 

4 fevral – Dünya Xərçənglə Mübarizə Günü üçün xəstəliyə qalib gəlmiş müsahib axtarırdım. Belə bir tanışı ola biləcəyini ehtimal etdiyim bir şəxsdən maraqlı cavab aldım: “Xərçəngə 4 dəfə qalib gəlmişi bizim evdə var. İndi 5-ci dəfədir ki, mübarizə aparır”.

Belə pozitiv cavabın bizi yuxarıda qeyd etdiyim kimi, müsbət söhbətə aparacağını az-çox təxmin edə bildim. Özü də söhbətimiz müsahibim Lətif Hacıyevin doğum gününə düşdü. Anadan olduğu gündən saysaq, 59 yaşını, yenidən doğulduğu gündən saysaq isə 6 yaşını qeyd edir…

“2014-cü il fevral ayının 3-ü, yəni, öz doğum günümdə əməliyyata girdim. Həkimlər çox israr etdi ki, günü dəyişək, ancaq mən razı olmadım. Çox dəhşətli qar yağmışdı, birtəhər getdik. Birinci əməliyyatım çox ağır keçdi. Həkimim mənə demişdi ki, xəstəliyin necə irəliləməsi özümdən və ailəmdən, xüsusilə də, həyat yoldaşımdan asılıdır. Elə dediyi kimi də oldu…”

Müsahibim 1992-ci ildən 1995-ci ilə kimi döyüşlərdə iştirak edib, Qarabağ veteranıdır. Dediyinə görə, elə xərçəng də ona Qarabağdan yadigar qalıb:

“Mən çox sağlam insan olmuşam. Düşünürdüm ki, heç vaxt xəstələnmərəm. İynə-dərmanın nə olduğunu bilməmişəm. Bu xəstəlik mənə Qarabağdan yadigardır. Dekabr ayının 26-da ermənilər bizi bombalayırdı. Biz də özümüzü Güllücə kəndinin yanındakı çaya atdıq. Su qurşaqdan idi. O paltar əynimizdə nə vaxt quruyub heç bilməmişik. Ömür boyu siqaret çəkməmişəm, içki içməmişəm. Gəlib belə xəstəliyə tutulmağı ancaq soyuqdəymədən görürəm. Hətta birinci əməliyyata girəndə həkimlərin özlərinə də maraqlı gəlmişdi”.

Bəlkə də elə o müharibənin verdiyi güc, qarşılaşdığı hadisələr bu xəstəliyi adi qarşılamasına səbəb olub. Dediyinə görə, 11 ay həkimlər xəstəliyinin nə olduğunu tapa bilməyiblər. Xəstəlik aşkarlandıqdan sonra isə ürəyi rahatlayıb:

– Bir həkim şübhələndi və şübhəsi doğru çıxdı. Mən çox adi qarşıladım, amma evdəkilərin narahat olduğunu görürdüm. Ölümdən qorxmuram, 3 il Qarabağda olub çox ölüm görmüşəm. Bir gecəyə 87 adamı xilas etmişəm, yaralı, meyit daşımışam. Nə ölümdən qorxuram, nə də o ölənlərdən artığam.

Həkimim məndə əminlik yaratdı kı, xəstəliyə güc gələcəyəm. Qorxum, narahatlığım da yox idi. Elə oldu ki, mən 4 dəfə əməliyyata girəsi oldum və 4-ündə də xərçəngə qalib gələ bilmişəm. Hər il fərqli yerlərdə törəmə əmələ gəlirdi. Birinci əməliyyatım düz bağırsaqdan, ikincisi sidik kisəsindən, sonra nazik bağırsaqdan, sonuncusu isə ürəyin altındakı arteriya damarlarının hər ikisindən. Sonuncu əməliyyatıma ötən ilin aprel ayında girmişdim. Bədənimdə kəsilməyən yer yoxdur.

– Bəs 5-ci dəfə yenidən xərçəngə tutulduğunuzu necə öyrəndiz?

– Dekabr ayında dəhşətli qızdırma oldu. Özüm özümdən şübhələndim ki, yəqin yenə nəsə əmələ gəlib. Həqiqətən də müayinələrdən keçdim və törəmə əmələ gəldiyini gördük. Bu dəfə həkimlərin hamısı dedi ki, bədənimdə kəsməyə yer yoxdur, qarnıma heç cür kəsib girə bilmirlər. Hazırda Milli Onkologiya Mərkəzində kimya-terapiya alıram, yaxşıyam. İnanıram ki, 5-ci dəfə də qalib gələ biləcəyəm. Düzdür, ağrılarım var, ancaq özümü yaxşı hiss edirəm. Çalışıram ki, ağrılarımın olduğunu unudum, ailəm görməsin, gizlədirəm.

– Deyirlər ki, yaxınlar, dostlar belə günlərdə tanınar. Sizin yaxınlarınız bu sınaqdan necə çıxdı?

– Bütün dostlarım, qonşularım, hərbçi yoldaşlarım hər zaman yanımdadır, məni yaşamağa ruhlandırırlar. Çox gözəl ətrafım var, bəlkə də, onlardan hansısa biri bu vəziyyətə düşsəydi, mən onlar kimi ola bilməzdim.

Bayaqdan israr etsək də, qəhrəmanımın kameraya yaxın durmayan həyat yoldaşı Gülafət Hacıyeva ürəyi dözməyib söhbətə qoşulur: 

– Dostları da onun üçün belə deyir. Deyirlər ki, biz heç vaxt Lətif kimi ola bilmərik. Hamı xətrini çox istəyir.

– L.H: Kim harda xərçənglə bağlı nə görsə, tez mənə atır. Cəfər adlı bir dostum qarşısına çıxan xəbəri göndərib ki, xərçəngin dərmanı tapılıb. Hazırda kimyaterapiya alıram, ona görə də, bu dövrdə nəsə etmək olmaz. İndiyə kimi də ümumilikdə 25 kimyaterapiya almışam. Həkimlər də deyir ki, hələ Azərbaycanda bu qədər kimyaterapiyaya dözən xəstə olmayıb. Çünki həmin zaman qana zəhər vurulur və nəticədə xərçəng hüceyrələri öz-özünü məhv edir.

– Söhbətimizə qoşulmuşkən, xəstə yaxını olaraq sizin fikirlərinizi alım. Həkimin də dediyi kimi bu müddətdə ailə, xüsusilə də həyat yoldaşı mühüm rol oynayır. Sizin də 4 qalibiyyətiniz var deyə bilərik…

– G. H: 2013-cü ildə böyük oğlumuzu nişanladıq, 2014-cü ildə həyat yoldaşımda bu xəstəlik aşkarlandı. Özünə bildirməsəm də, oturub fikirləşirdim ki, oğlumuzu da nişanlamışıq, bəs indi nə edəsiyik? Şükür ki, o boyda əməliyyatlardan çıxdı, bu xəstəliyin xərcləri də az olmur, eyni zamanda hər iki oğlumuza toy da etdik, nəvələrimiz də oldu. Elə arzulayırdım ki, nəvəsini görsün. Çox şükür indi nəvəsi bağçaya gedir, dil-dil ötür. Bu gündən sonra da hər şeyin yaxşı olacağını gözləyirik.

– Yoldaşınız sizdən çox razıdır. Deyir ki, onun üçün arxa-dayaq, stimulsuz.

– Mən o stimulu elə onun özündən alıram. O qədər yaxşı insandır ki. Etdiyi bütün yaxşılıqlar gəlib gözümdə durur.

– Xərçəng adı eşidəndə çox insan qorxur. Yəqin ki, ilk dəfə biləndə sizin üçün də asan olmayıb.

– 4 dəfə qalib gəlib. Birinci dəfə nəticəni görəndə bütün bədənim boşaldı.

– L. H: Sözünüzü də kəsirəm, ancaq, qoy, o hadisəni mən danışım. 5 nömrəli xəstəxanada idik. Diaqnozu eşidəndə mən adi qarşıladım. Onun qoluna girdim, gördüm ki, artıq apara bilmirəm, özündən gedir. Bir az üzünə su vurdular, hava aldı. Hamı elə bildi ki, xəstə odur. Mən də xəstəni aparıram. Güc-bəlayla maşına qoyub gətirdim evə. 11 ay idi ki, həkimlər mənim xəstəliyimi aşkarlaya bilməmişdi. Elə bil, dərdimin nə oduğunu bilmək məni rahatlatmışdı. Həmin 11 ay yuxusuz qaldığım gecələrin əvəzini elə bil həmin gün çıxdım. Axşam saat 7-də yatan adam səhər saat 8-də oyandım. Oyananda gördüm ki, hamı mənə qəribə baxır. Dedim, artıq mən rahatam…

– Hazırda nə işlə məşğul olursuz, gününüz necə keçir?

– Düzü, şəhərdə qala bilmirəm. Burada qalmaq üçün gərək işlə məşğul olasan. Göyçayda özümüzün balaca bir qarı-qoca yurdumuz var. Gedib orada qurdalanırıq, kimyaterapiyanın vaxtı çatanda gəlirik.

Sonuncu əməliyyatımda bir qardaşımın oğlunun, bir qardaşımın isə qızının toyu olacaqdı. Bir onda Allahdan istədim ki, əməliyyatda mənə nəsə olmasın, uşaqların xeyir işləri qalmasın. Şükür ki, heç nə olmadı, toylarında da iştirak etdim.

– Çox vaxt nəticələri xəstədən gizlədirlər. Ancaq elə görünür ki, siz həkimlə hər şeyi özünüz danışmısız. 

– Xəstədən gizlədilməsi də doğru deyil. Hələ elə həkim olmayıb ki, məndən xəlvət bunlarla nəsə danışsın.

– G. H: Biz heç nə gizlətməmişik. Daha doğrusu, gizlədə bilməmişik. Bir dəfə analizin dərəcəsini gizlətmişdik, onu da axırda tapdı. Eynəyini axtardı, tapmadı. Mən də gizlətdim. Əməliyyatın vaxtına kimi bilmədi ki, nəticələr necə olub. Bu xəstəliyi artıq qəbul edib. Çox sağlam insan olub, yeməyinə həmişə diqqət edib. 2016-cı ilə kimi işləyib, o vaxta kimi çöldən yemək yeməyib.

– Bəs ümumi olaraq ailədə əhval-ruhiyyə necədir?

– Mən pessimist insanam, boynuma alıram. Ancaq yoldaşım buna imkan vermir. Adicə əməliyyata belə xərəkdə getmədi. Gülə-gülə bizə əl edib əməliyyata girdi. Mahnıda deyildiyi kimi, birlikdə, üzü küləyə doğru güclü gedirik. Bəlkə də elə tamamilə sağalar?! Bu günümüzə də şükür. Evimiz-eşiyimiz var, uşaqlarımız böyüyüb, nəvə sahibiyik. Tez-tez aptekə düşürəm. Deyirlər ki, ərin səni yorur. Deyirəm ki, bu kişi məni öldürəcək, sonra özünüə yeni arvad axtaracaq.

– 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Dörd dəfə xərçəngə qalib gəlmiş bir ailə olaraq bu xəstəlikdən əziyyət çəkənlərə nə məsləhətiniz olar? 

– L. H: Bu xəstəliklə bağlı tanıdığım çox insan var. Hətta xərçəng aşkarlananda qorxudan şəkər tutanlar da tanıyıram. Ən yaxşısı odur ki, evinə gələn qonaq kimi qarşılayasan, sağalmaz sözünü özündən uzaqlaşdırasan.

– G. H: Sönməsinlər. Həyat bu xəstəliklə bitmir. Hərənin taleyi bir cür yazılıb. Yaşadığın günlərin dadını çıxarmalısan. Ailələr xəstəyə dayaq olmalıdır. Biz bu gün yoldaşımın 59 yaşını qeyd edirik. Ona 2-3 il qabaq demişəm ki, Allah ömür versin, nəvələri ətrafında qaçan, hamının yığışdığı bir 60 illik edərik.

– Sizin özünüzə arzunuz nədir?

–  L. H: Özümə arzuladığım yeganə şey odur ki, ailəmdə heç bir problem olmasın, nə yük olacaqsa, mən götürməyə hazıram.

http://


Bütün xəbərlər