Bakıda kəskin Şaxta Baba qıtlığı yaranıb

Yeni il bayramının ənənəvi simvolları – Şaxta Baba və Qar qız olmaq istəyənlərin sayı ildən-ilə azalır.

İnterval.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bayrama 3 gün qalmasına baxmayaraq, hələ də Bakı küçələrində və parklarda Şaxta Baba və Qar Qız demək olar, gözə dəymir.

Bəlli olduğu kimi, artıq bir neçə ildir ki, paytaxtda yeni il personajları icazəli , yəni xüsusi lisenziya əsasında fəaliyyət göstərirlər. Şaxta baba və Qar qızlara lisenziya verən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə əlaqə saxlayıb neçə müraciət aldıqlarını soruşduq. İdarədən virtualaz.org-a bildirdilər ki, indiyə qədər Şaxta baba lisenziyası üçün cəmi 5 nəfər müraciət edib: “Müraciət edənlərdən 4-ü Fəvvarələr Meydanı, 1-i isə Atatürk parkında qurulmuş yolkanın ətrafında dayanacaq. Bizim idarəyə cəmi 5 müraciət var, amma ola bilsin ki, Bulvar və İçərişəhərdə də yeni il yolkasının ətrafında Şaxta baba və Qar qızlar olacaq. Onlar isə lisenziyanı Dənizkənarı Bulvar İdarəsi verir”.

İdarədən lisenziya üçün müraciətlərin hansı səbəbdən azalmasını isə izah edə bilmədilər.

Dənizkənarı Bulvarda da Şaxta baba axtarışımız boşa çıxdı. Ağ şəhər bulvarından “Azneft” dairəsinə qədər bir neçə yolka qurulsa da,onların qarşısında yalnız nağıl qəhrəmanlarına rast gəldik. Onlar da söhbətə meylli olmadıqlarından necə fəaliyyət göstərmələrini öyrənə bilmədik. Şaxta babaların yoxluğunun səbəbini Bulvarda təmizlik aparan işçilər də bilmirdilər. “Hələ ki, “Mikki Maus”, “Maşa və ayı”, “Cücə” və başqa nağıl qəhrəmanları uşaqları əyləndirir. Ola bilər dekabrın 31-i Şaxta baba və Qar qız da gəlib çıxar. Niyə yoxdur, onu yəqin rəhbərlik bilər…”, – işçilərdən biri deyir.

Şaxta baba olmaq istəyənlərin yoxluğu, görünür, bu personajların bayram günləri əsas gəlir mənbəyi olan fotoşəkillərdən kifayət qədər qazanc əldə edə bilməmələri ilə bağlıdır. Əvvəllər yolka ətrafında Şaxta baba və Qar qızla foto çəkdirmək üçün xüsusi fotoqraflar ayrılırdı. İndi son texnoloji yeniliklərlə təchiz edilmiş mobil telefonlar yayıldığından, heç kim fotoqrafa şəkil çəkdirmək istəmir. Nəticədə Şaxta baba və nəvəsinin qazanc yeri bağlanır.

Lakin başqa səbəblər də ola bilər ki, bunlardan biri də Şaxta Babanın azərbaycanlılara yad personaj olması barədə ildən-ilə öz yerini bərkidən qənaət ola bilər.

Qeyd edək ki, hər il müraciətlər dekabr ayının əvvəlindən başlansa da, dekabr ayının 20-dən lisenziyalar verilir. Lisenziya üçün tələb olunan məbləğ isə bir neçə ildir dəyişməz qalır – 60 manat. Ərizə ilə müraciət edən Şaxta baba olmağa namizədlərin seçiminə gəlincə, onlardan sadəcə tibbi arayış və şəxsiyyət vəsiqəsi tələb olunur. Tibbi arayışı tələb etməkdə məqsəd Şaxta babaların uşaqları hansısa yoluxucu xəstəliyə yoluxdurmamasıdır.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Şaxta babaların yalnız paytaxtın park və meydanlarında xidmət göstərməsinə icazə verir.


Bütün xəbərlər