İranlı və ukraynalı mütəxəssislər təyyarə qəzasını araşdırmağa başladılar

Ötən gün İranın Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar araşdırma iranlı və ukraynalı mütəxəssislərin iştirakı ilə başlanıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatı bildirib.

Təşkilat qeyd edir ki, bu gün səhər qəzanın araşdırılması məqsədilə fövqəladə hallar, kimliyin müəyyənləşdirilməsi, beynəlxalq münasibətlər və istifadəçi şirkətin ekspertlər qrupundan ibarət Ukrayna heyəti Tehrana gəlib.

Təşkilat əlavə edir ki, həmçinin təyyarədə vətəndaşları həlak olan Kanadanın nəqliyyat təhlükəsizliyi komissiyası və İsveç hava yolları nəqliyyatı komissiyasının nümayəndələri hadisənin araşdırılması üçün İrana dəvət olunub.

Qeyd edək ki, ötən gün İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada 167 sərnişin, 9 nəfər uçuş heyəti olmaqla 176 nəfər həlak olub.


Bütün xəbərlər