Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

“Azərbaycanda yeni 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq”.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə ixrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb.

AQTA sədri bildirib ki, idxal prosesinin sürətləndirilməsi üçün analoji laboratoriya Meyvəli bazarında da təşkil edilib. Həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında bitkiçilik məhsullarında fitopatoloji mikroorqanizmlərin təyini üçün molekulyar metodların tətbiqinə başlanılıb. Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar Laboratoriyası yaradılıb. Burada baytarlıq preparatları, bitki mühafizə vasitələri və qida məhsulları ilə təmasda olan maddə və materialların müayinəsi aparılır. Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən səhratipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası yaradılıb.

Q.Təhməzli məlumat verib ki, növbəti mərhələdə bu cür daha 3 laboratoriyanın yaradılması planlaşdırılır: “Tikinti və təmir işləri tamamlanan Şamaxı Regional Sınaq Laboratoriyasında torpağın, suvarma və drenaj suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçiriləcək. Şəki və Zaqatala rayonlarının eyni coğrafi regionda yerləşməsi nəzərə alınaraq, ixrac edilən fındıq məhsullarının toksikoloji göstəriciləri üzrə müayinələrinin və karantin ekspertizasının Şəki Regional Sınaq Laboratoriyasında həyata keçirilməsi məqsədilə laboratoriyanın təyinatı dəyişdirilib. Dünya Bankının dəstəyi ilə laboratoriyaların milli və beynəlxalq akkreditasiyaya hazırlanması prosesinə başlanılıb, 4 laboratoriya milli akkreditasiyadan keçirilib. 2020-ci ildə 3 laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin ediləcək. Beynəlxalq tələb və metodikalara uyğun şəkildə 11 elmi araşdırma aparılıb. Bunlardan 6-sı bitki sağlamlığı, 2-i risk qiymətləndirilməsi, 3-ü heyvan sağlamlığı sahələrini əhatə edir”.

AQTA sədri əlavə edib ki, ötən il Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb


Bütün xəbərlər