Azərbaycanla Bolqarıstan arasında həmişə isti münasibətlər olub – MÜSAHİBƏ

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı ilə Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edildi. O, əslən Bolqarıstandandır. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib. Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomuna (2019) layiq görülüb.

Biz də “Bulgaristan Türkleri Kültür ve Hizmet Derneği” (BULTÜRK) olaraq Mariana Vasileva ilə görüşdük və BULGARİSTAN TÜRKLERİNİN SESİ GAZETESİ – BULTÜRK AZERBAYCAN üçün müsahibə aldıq.

Qeyd edək ki, Mariana Vasileva sadəliyi, səmimiyyəti və Azərbaycan dilində mükəmməl danışığı isə xüsusilə diqqətimizi çəkdi. Interval.Az müsahibəni olduğu kimi sizə təqdim edir.

-Salam Mariana xanım, Necəsiniz?

– Çox yaxşı, siz necəsiniz?

– Çox təşəkkür edirəm. Qısaca özünüzü tanıda bilərsinizmi?

– Mən, Mariana Vasileva Bolqarıstanın Tarqovişte şəhərində anadan olmuşam. Bədii gimnastika ilə məşğul olmağa başlayanda 6 yaşım var idi. 1997-ci ci ildə doğma şəhərimdə bədii gimnastika klubu yaratdım. 2002-ci ildə paytaxt Sofiyada “Levski” klubunda işləməyə dəvət aldım. Dəvət məşhur məşqçi Nеşka Robevadan gəlmişdi. Bir qədər sonra yeniyetmələrdən ibarət qrup komandasına baş məşqçi təyin edildim. 2008-ci ildə isə Azərbaycan yığmasını Pekində Olimpiya Oyunlarına hazırlaşdırdım. Orada komandamız finala çıxdı. Bundan sonra 2008-ci ilin sonunda ailəmlə birgə Bakıya köçdüm. Bu günə kimi də burada yaşayırıq. 13 il burada baş məşqçi işləmişəm. İndi isə Azərbaycanın gənclər və idman nazirinin müaviniyəm.

– Bolqarıstandan nə zaman gəldiniz?

– Qeyd etdiyim kimi 2008-ci ilin sonunda bütün ailəmlə – həyat yoldaşım və iki qızımla bura köçdük. Həyat yoldaşım futbol məşqçisidir. Özüm Azərbaycanın bədii gimnastika üzrə yığma qrup komandası ilə 2008-ci ilin əvvəlində işləməyə başladım.

– Azərbaycanla əlaqələriniz necə quruldu?

– 2007-ci ilin sonunda Azərbaycan Gimnastika Federasiyasının baş katibindən qrup komandası ilə işləməyə dəvət aldım. Bu cür Bakıya gəldim. Bakıya ilk gəlişim isə 2007-ci ildə Bolqarıstanın yeniyetmələrdən ibarət komandası ilə olub. Biz burada – Azərbaycanın paytaxtında keçirilən Avropa çempionatında Rusiya komandasından sonra ikinci yeri tutduq. Beləcə, mən 2008-ci ildə işləməyə başladım. Əvvəl Bolqarıstanda bir neçə ay işlədik. Eyni zamanda Bolqarıstanın və Azərbaycanın gimnastlarını hazırlayırdım. Olimpiya Oyunları başa çatandan sonra isə mənə Bakıya gəlmək təklif edildi.

– Burada qalmağa necə qərar verdiniz?

– Deyə bilmərəm ki, burada qalmağa qərar verdim. Bu qərar dərhal verilmədi. Əvvəlcə mən bura ailəmlə gəlib yığma komandayla işləməyə qərar verdim. Mənim planlarımda burada uzun müddətə qalmaq yox idi. Sizə bildirim ki, əvvəlcə bir neçə il müddətində burada işləmək, uyğunlaşmaq çətin oldu. Burada Bolqarıstanda olduğu kimi bədii gimnastika ənənələri yox idi. Deyə bilərəm ki, işləmyə başlaya biləcəyim kollektiv yox idi. Kadrlar – idmançılar və məşqçilər çox məhdud idi. Qarşıya qoyulan vəzifələr isə çox ciddi idi. Buna görə də işləməyə davam etmək çox çətin idi. Bütün ailəmizin burada qalmasına isə bir qədər sonra qərar verdik. Bu planlaşdırılmırdı. Belə alındı ki, burada lazımlı olduğumu başa düşdüm. Bütün ailəm burada özünü çox yaxşı hiss edir. Biz özümüzü göstərə bilməyə imkanı, lazım olduğumuz yeri tapa bildik.

– Azərbaycanla Bolqarıstan arasında münasibətlər necədir?

– Azərbaycanla Bolqarıstan arasında həmişə isti münasibətlər olub. Son bir neçə ildə isə deyə bilərəm ki, əlaqələr daha da sıxlaşıb. Bolqarıstanın Prezidenti bir neçə dəfə Azərbaycan paytaxtına gəlib. Bizim Prezident cənab İlham Əliyev də Bolqarıstanda Rosen Plevneliyevlə görüşüb. Onu da deyim ki, pandemiyadan əvvəl Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlərə görə Bakı və Sofiya arasında birbaşa reys açılmışdı. Çox təəssüf ki, pandemiya ilə əlaqədar o dayandırıldı. Mən şəxsən ümid edirəm ki, bu reys yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq. Bu, hər iki ölkənin turizmi üçün də çox gərəklidir.

– Bəs Azərbaycanla Bolqarıstanın idman əlaqələri necədir?

– Ümumiyyətlə, Azərbaycanla Bolqarıstan arasında münasibətlər tək idman sahəsində deyil, eyni zamanda beynəlxalq münasibətlərdə, çox yaxşıdır. Mütəmadi olaraq müxtəlif sahələrdə təcrübə mübadiləsi aparılır. Burada – Azərbaycanda sənayenin müxtəlif sahələrdində bolqar mütəxəssislər çalışırlar. İdman sahəsinə gəlincə, 13 ildir ki, burada olduğum müddətdə bir çox idman federasiyalarının, xüsusən də Azərbaycanın yeni inkişaf etməyə başladığı idman növlərində idmançıların, məşqçilərin biliklərindən, təcrübələrindən istifadə etmələrinin şahidiyəm. Onların bəziləri indiyədək işləməkdə davam edirlər. Futbol sahəsində bolqar idman meneceri uzun müddət burada işləyib. Düşünürəm ki, bu münasibətlər davam edəcək. Çünki hər iki ölkə eyni istiqamətə baxır. Məhz idman, turizm və mədəniyyət sahələrində fəaliyyəti daha da artırmaq lazımdır.

– 1950-1960-cı illər arasında Azərbaycan Akademiyasından bir çox professorlar, müəllimlər və s. Bolqarıstana göndərilib. Bununla bağlı bilginiz varmı?

– Bu məsələ ilə bağlı mənim təəssüf ki, dəqiq məlumatım yoxdur. Bir onu deyər bilərəm ki, Bolqarıstanda, elə Azərbaycandakı kimi Sovet İttifaqının dağılmasından öncə həmişə oxumuş, savadlı adamlar olub. Xüsusən də incəsənət və elm sahəsində. Buna görə də o vaxtlar əməkdaşlıqlarının olması da məni təəccübləndirmir.

– BULTÜRK olaraq gərgin iş qrafikinə baxmayaraq bizə vaxt ayırdığı üçün Sizə təşəkkür edirik. Yeni Vəzifəniz xeyirli olsun. Sizə uğurlarınızın davamını arzu edirik.

– Mənə, mənim təyinatıma, işimə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Ümid edirəm ki, mənə göstərilən etimadı doğruldacağam, Azərbaycan idmanının inkişafına öz töhfəmi verəcəyəm. Bu arada libasınız qəşəngdi, çox gözəl görünürsünüz.

-Çox sağ olun.

Məhsəti Hüseynova,
“Bulgaristan Türkleri Kültür ve Hizmet Derneği”nin “BULGARİSTAN TÜRKLERİNİN SESİ GAZETESİ” – BULTÜRK AZERBAYCANIN fəxri təmsilçisi

Bütün xəbərlər Interval.Az Facebook səhifəmizdə

Interval.Az


Bütün xəbərlər