Peyvənd olunan şəxslərin vəziyyəti necədir?

Bakıda 2 nömrəli şəhər poliklinikasında peyvənd olunan şəxslərin hər birinin vəziyyəti tam normaldır.

Səbail rayonu 2 nömrəli şəhər poliklinikasının şöbə müdiri Solmaz Tağıyeva bildirib.

Onun sözlərinə görə, işçi heyətinin 95 faizi artıq vaksinasiya olunub: “Bildiyiniz kimi, dövlət tədbiri olan peyvənd aksiyası yanvar ayının 18-dən başlayıb. Poliklinikada ilk peyvənd olunan baş həkim oldu, ardından digər şəxslər. Bu günə kimi 118 nəfərə artıq vaskin vurulub və hər birinin vəziyyəti yaxşıdır”.

S.Tağıyeva qeyd edib ki, fevral ayının 1-dən vətəndaşların vaksinasiyasına start veriləcək və bununla bağlı artıq onlardan müraciətlər daxil olmaqdadır:

“Fürsətdən istifadə edib əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, fevralın 1-dən etibarən 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq. Ona görə onların hər birini polikliniklara dəvət edirəm. Düzdür, sahə həkimi onların hər biri ilə əlaqə saxlayacaq, ancaq özlərinin də xəbərinin olması məsləhətdir”.


Bütün xəbərlər