Ulu Öndər Heydər Əliyevin heç vaxt nümayiş olunmayan təsirli FOTOSU

“20 Yanvar faciəsi Azərbaycan xalqının qüruru, şərəfidir”

Bu gün “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının rəhbərliyinin təşəbbüsü ilə “20 Yanvar – Qürur mənbəyimizdir” fotosərgisi nümayiş olunub.

İnterval.Az xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ATV telekanalında keçirilən sərgidə milli qürur günümüz fotoqrafların gözü ilə bir daha xatırlanıb. Belə ki, sərgidə yer alan tarixi əhəmiyyətli fotolar Azərbaycan Fotoqraflar Birliyini (AFB) sədri Mirnaib Həsənoğluna və birliyin üzvləri olan digər fotoqraflara məxsusdur.

20 Yanvar faciəsini əks etdirən nadir fotoların yer aldığı sərgidə ATV telekanalının prezidenti, əməkdar jurnalist Azər Xəlilov, ATV Bədii Şurasının sədri və telekanalın vitse-prezidenti Etibar Babayev, Bədii Şuranın üzvləri – əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi Vahid Əziz, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, əməkdar artist Azad Şükürov, Dövlət Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı Arif Hüseynov, o cümlədən əməkdar elm xadimi, filologiya elmləri doktoru və professor Qəzənfər Paşayev, əməkdar mədəniyyət işçisi, yazıçı-jurnalist Yunus Oğuz və başqa ictimai xadimlər, ziyalılar iştirak ediblər.

“20 Yanvar hadisələrini faciə kimi deyil, həm də milli qurur günü də hesab etmək olar. Həmin gün dünyaya Azərbaycan xalqının cəsarəti bir daha nümayiş olundu”, – “Azad Azərbaycan” telekanalının Bədii Şurasının sədri Etibar Babayev deyib.

Əməkdar artist Gövhər Həsənzadə İnterval.Az-a açıqlamasında bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının həm qüruru, şərəfi, həm də müstəqil dövlətimizin şanlı səhifəsidir. O, hər il dövlət səviyyəsində təşkil olunan 20 Yanvar faciəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər Xiyabanı”nın yad edilməsi xalqımızın mənəvi ucalığının bariz nümusi kimi dəyərləndirib.

Qeyd edək ki, sərgidə nümayiş olunan fotolar arasındakı yeganə kadrlardan biri daha çox diqqəti çəkib ki, bu da izləyənlərin böyük marağına səbəb olub. Belə ki, Ulu Öndər Heydər Əliyevin şəhid məzarını əyilərək öpməsini əks etdirən foto xüsusilə seçilib.

Fuad MƏDƏTOV


Bütün xəbərlər