11 yaşlı Arzu qonaqlara təsirli hislər yaşatdı – FOTO

“Uşaqlar vətəni təmənnasız sevir…”

Bunu İnterval.Az-a yeni yaradıcı işin təqdimat mərasimində prodüser Renat Əhmədov deyib. O, bildirib ki, yeni yaradıcı iş 11 yaşlı Arzu Ağamuradovanın ifa etdiyi sözləri Xanım İsmayılqızına, musiqisi Tanos Mikruçikosa aid olan “Vətən Anadır” mahnısına çəkilən klipin təqdimatıdır.

“Klipin mövzusunun əsasında balaca qızın xəyalında canlandırdığı vətən anlayışı durur. O, həm uşaq, balaca mələk övlad, həm də bəzən ana hisslərini yaşayır. Haqq müharibəsinin qalibiyyətlə bitəcəyinə əmin olan balaca qız, yurdunu qoruyan oğullara güvənir və duası ilə onların Allahdan hifz olunmasını istəyir.”, – R.Əhmədov söyləyib.

Vətənpərvərlik mövzusunda olan “Vətən Anadır” mahnısına çəkilən klipin ərəsəyə gəlməsində rejissor Elvin Mirzəyevin, operator Həmid Mehrəfruzun, prodüserlər Renat Əhmədovun və balaca Arzunun anası Xanım Tahirzadənin böyük əməyi olub.

Xüsusi açılışıyla diqqətçəkən tədbir Beynəlxalq Müsabiqələr Laureatı, aparıcı və aktrisa Nigar Həsənzadənin çıxışıyla başlayıb. Daha sonra Arzu Ağamuradova canlı ifasıyla və Rəşad Əliyevin gitarada müşayiəti ilə sözləri və musiqisi Şahin Musaoğluya məxsus olan və hərbi vətənpərvərlik mahnılarının ifaçısı kimi tanınan Şəmistan Əlizamanlının ifasında populyarlaşan “Cənab leytenant” mahnısı tamaşaçıların böyük marağına səbəb olub. Ardınca vokal ifaçısı Nigar Nazim SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, pianoçu və bəstəkar Fərhad Bədəlbəylinin müəllifi olduğu “Ave Mariya” kompazisiyasını səsləndirib ki, bu da lirik-dramatik melodiyasıyla qonaqlara təsirli hislər yaşadıb.

Bundan sonra tədbirin ab-havası dəyişmədən İdris Hüseynovun tarda və Ruslan Abbasovun pianoda musiqisi xalq artisti, Dövlət mükafatı laureatı, dirijor və bəstəkar Səid Rüstəmova, sözləri şair Tələt Əyyubova məxsus olan “Hardasan” mahnısını səsləndiriblər.

Sonda peşəkar caz ifaçısı Tərana Mahmudovanın həm lirik, həm də dinamik üslubda ifa etdiyi mahnılar tamaşaçıların yaddaşında xoş və fərqli təəssüratlarla iz qoyub.

Onu da qeyd edək ki, tədbirin məxsusi qonaqlarından olan əməkdar artist, bəstəkar Gövhər Həsənzadə səbəbkarı və ailə üzvlərini yeni yaradıcı işlərinə görə təbrik edib və uğurlar arzulayıb.

Tədbirdə həmçinin “Z-Company 2007” və “Zəng Film” şirkətinin təsisçisi və rəhbəri Zamiq Yunisov, o cümlədən digər ictimai şəxslər iştirak edirdilər.

Məlumat üçün bildirək ki, Arzu Ağamuradova Bakı Xareorqrafiya məktəbinin 5-ci sinif şagirdidir.

Fuad Mədətov


Bütün xəbərlər