KÖHNƏ KİŞİLƏR

Kişilər var idi – düz kişilər. Günahsız olduqları, suç işlətmədikləri üçün qamətləri də düz idi, əqidələri də. Söz sahibi idi kişilər – sözünün sahibi, sözünün ağası kişilər. Başı gedərdi, sözü getməzdi. Düzlük ən böyük biclikdir deyərdilər.
Elin əyər-əskiyi də onların idi, düzü-düzənəyi də. Boyları uzun olmasa da, özləri uzun idi onların. O qədər dağlarla ünsiyyət qurmuşdular ki, dağdan ağır olmuşdular.
Qan qaldırmaz, qan yatırardılar. Bircə öyüd bəs idi ki, qan yatsın. Bircə uğur bəs idi ki, xeyir iş baş tutsun. Uğurlaya – uğurlaya cavanlar ailə, uşaq sahibi olardılar. El dayağı olduqlarından “eli ürküt axsağına yapış” deyərdilər.
Biclik nədir bilməzdilər. Heç kəsi unutmaz, yeddi arxa dönəni arayar, axtarıb tapardılr. Vərəsədən ötrü can verərdilər. Təzə ailə quranı ev edər, torpaqsıza torpaq, mal-qarası olmayana təmənnasız mal binəsi verərdilər.
Gözləri də özləri kimi tox idi. Başqasının malında, mülkündə gözləri olmazdı onların. Yetim – yesirə arxa-dayaq idilər.
Bütə, ikonaya yox, haqqa tapınaqlı idilər. Namaz qılmaları, oruc tutmaları, məhərrəmlikdə taziyə saxlamaları, qurban kəsmələri bir başqa aləm idi onların. Saxtalıq nədir bilməzdilər. Duaları haqdan keçərli idi. And içəndə “dəstəmazlıyam…ağzı orucluyam…” dedilərsə deməli başqa anda, amana gərək yox.
Aman istəyənə aman verərdilər. Arxada danışmaz, şəbədə edib gülməzdilər. Dərd, ələm hamının olduğu kimi, sevinc də ümumi idi.
Tuş olduq biz hansı yola, bilmədik,
Sizin tək kamala dola bilmədik.
Sizin yarınızca ola bilmədik,
A Köhnə Kişilər, Köhnə Kişilər.
Söndü o ocaqlar, köz də qalmadı,
Daha danışmağa söz də qalmadı.
Sizdəki etibar bizdə qalmadı,
A Köhnə Kişilər, Köhnə Kişilər.
Gəlir tufan kimi qanlar, qadalar,
Qalıb su altında kiçik adalar.
A savadsız,alim, aqil Atalar,
A Köhnə Kişilər, Köhnə Kişilər.
Kimsəsiz görünür bu dağlar sizsiz,
Quruyur, sovulur bulaqlar sizsiz.
Yiyəsiz qalıbdı papaqlar sizsiz,
A Köhnə Kişilər, Köhnə Kişilər.
Yox oldu aradan, o sirli pərdə,
O xeyir-bərəkət dönərmi bir də?
Yeriniz görünür xeyirdə şərdə,
A Köhnə Kişilər, Köhnə Kişilər.
Keçmişik cənginə bir azğın selin,
Aqili, nadanı bilinmir elin.
Minin o atları,qayıdın, gəlin,
A Köhnə Kişilər, Köhnə Kişilər.
ALLAH bir işıqlı göz versin bizə,
Kəc baxaq əyriyə, düz baxaq düzə.
A Köhnə, Kişilər, Köhnə Kişilər.
Müəllif  Şakir Əhmədov 
 Zamiq Yunisov
Interval.Az

Bütün xəbərlər