KTN rəsmisi: Milli Atçılıq Festivalı və dünya çempionatı atlarımızın tanınmasında böyük rol oynayacaq

Çox önəmli yarışlara ev sahibliyi edəcəyik. Bakıda çövkən oyunu üzrə dünya çempionatının və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının təşkili qürurverici hadisədir.

İnterval.Az  xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatı və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.

Azərbaycanda heyvandarlığın əsas istiqamətlərindən birinin də atçılıq olduğunu vurğulayan V.Hüseynov deyib: “Qarabağ və Dilbaz atları itmiş şöhrətini bərpa etmək üzrədir. Bu turnirlər atlarımızın həm ölkəmizdə, həm də dünyada tanınmasında böyük rol oynayacaq. Azərbaycan Milli Atçılıq Federasiyası festivalla bağlı maraqlı proqram hazırlayıb. Düşünürəm ki, turnirlər gözlədiyimizdən də yaxşı təşkil olunacaq. Ümid edirik ki, tamaşaçılar yarışlardan zövq alacaqlar”.

Qeyd edək ki, festival və dünya çempionatı noyabrın 5-8-də keçiriləcək.

Zamiq Yunisov 

Ayla Qafqazlı

İnterval.Az


Bütün xəbərlər