Azyaşlı qızlar hisslərinə aldanıb evdən qaçır – Psixoloq

Son zamanlar uşaqların evdən qaçması, itkin düşməsi ilə bağlı xəbərlərin sayı artıb. Xüsusilə də yetkinlik yaşına çatmayan uşaqlar bu siyahıda üstünlük təşkil edir.

İtkin düşən və tapılan uşaqların bir çoxu isə psixoloq və hüquq-mühafizə orqanlarına müraciətində, söhbət zamanı ailəsinə, evinə qayıtmaq istəmədiyini deyir.

Baş verənlərə səbəb ən çox valideyn-övlad münasibətlərinin qaydasında olmaması, şiddət və zorakılıqlara məruz qalmaları olur.

Sığınacaqlara yerləşdirilən uşaqların çoxu da elə evdən qaçanlardır.

Doğrudur, valideyn məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən itən azyaşlıların da sayı az deyil, lakin bu məsələnin bir başqa tərəfidir.

Balacaların evdən, öz doğma ailələrindən qaçma səbəbləri nədir?

Doğurdandamı yetkinlik yaşına çatmayan uşaqlar tanımadıqları yad bir cəmiyyəti özlərinə ailələrindən, evlərindən daha təhlükəsiz bilirlər? Onları qaçmağa vadar edən nə və ya kimdir? Yoxsa, bu, sadəcə uşaqlıqdır?

İnterval.Az oxu.az-a istinadən bildirir ki, psixoloq Aytən Ələkbərovanın dediyinə görə, yetkinlik yaşına çatmamış uşaqlarda psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərində özünü qiymətləndirmə çox mühüm rol oynayır.

Yetkinlik yaşına çatmayan uşaqların azadlığa daha çox meyilli olduğunu diqqətə çatdıran Aytən Ələkbərova, onların uyğunlaşa bilmədikləri mühitlərdən uzaqlaşdığını qeyd edir. Xaotik ailələrdə isə istər qız, istər oğlan uşaqları evdən qaçmaq üçün fürsət axtarır :

“Evdə valideynlərin düzgün qoymadığı təlim-tərbiyə məsələləri uşaqlara mənfi təsir edə bilir. Hər bir ailənin özünə uyğun tərbiyə metodu, dəyərləri var. Bəzən uşaqlar evdən qaçmağa, kənar şəxslərdə sevgi axtarmağa meyil edirlər. Bu hal daha çox xaotik ailələrdə özünü büruzə verir.

Məsələn, parçalanmış ailədə böyüyən azyaşlıları götürək. Xaotik ailələrdə istər qız, istər oğlan evdən qaçmaq üçün fürsət axtarır. Yəni tamamilə bütöv və əsl ailə modelindən fərqli bir mühit nəzərə alsaq, övladın evdən qaçması gözləniləndir. Müşahidə etsək, görərik ki, onların valideynlərinin ailəsində də bu cür xaotik mühit olub. Burda fərq ailələrin normal həyat tərzi və övladlarına qarşı münasibətidir. Valideyn uşağına irad tutarkən belə istifadə etdiyi sözlərə, üslubuna diqqət etməlidir. Uşaqları təhqir etmək qətiyyən olmaz. Çünki yaşından asılı olmayaraq heç kim təhqiri qəbul etmir.

Amma valideyn uşağına səhvini düzgün şəkildə bildirsə, uşaq da təklikdə bunu düşünəcək və öz səhvini qəbul edəcək. Çünki şüurlu qiymətləndirmə və özünə dəyərvermənin təməli bu yanaşmalardan gəlir.

Başqa bir tərəfdən yetkinlik yaşına çatmayan uşaqların təlim tərbiyəsinin bir hissəsi də təhsil sistemindən, pedaqoqdan asılıdır. Bir sinifdə müxtəlif cür – səs salan, tamamilə özünəqapanan, özbaşınalıq edən uşaqlar olur. Onların təlim-tərbiyəyə yatımlı olması eyni dərəcədə ola bilməz”.

Psixoloq deyir ki, heç bir uşaq dünyaya tərbiyəsiz gəlmir. Bu məsələ onların davranışları ilə ölçülür. Davranışlar isə ailə və mühitdən görüb-götürülən amillərdir. Məhz bu səbəbdən son dövrlər yenietmələrdə stress halları da çoxalıb:

“Ümumiyyətlə stres iki yerə ayrılır – informativ və emosional. Bu gün informativ stres halları daha çox yayılıb. Bunun da səbəbi informasiya çoxluğu, uşaqların sosial şəbəkələrdən istifadə üçün yaradılan sərbəst şəraitdir. Açıq danışaq, əksər valideynlər öz başı dinc olsun deyə uşaqlara bu cür meydan verirlər. Amma başa düşmürlər ki, sosial şəbəkələrdən artıq istifadə etmək uşaqlara evdən qaçmağa, pis vərdişlərə yiyələnməyə sövq edir”.

Bu səbəblər arasında ögey ata və ya ana faktorunun, ailədaxili münaqişələrin olması inkar edilmir. Psixoloqlar deyir ki, psixoloji təzyiqlərdən bezən uşaqlar üçün evdən qaçmaq ani olaraq qurtuluş kimi görünür: “Bunun səbəbidir ki, yeniyetməlik dövründə qızlarda cinsi münasibətlər artıb. Xüsusilə də dərk edilmədən atılan bu addım, onları evdən qaçmağa, “hisslər”i ilə hərəkər etməyə sövq edir.

Bütün bu hisslər bitdikdən və peşmançılıq yarandıqdan sonra məcbur olub evə qayıdırlar. Təbii ki, övlad səhv edir. Valideyn isə döysə də, söysə də övladını hər halı ilə qəbul edir, yenə bağrına basır.

Digər tərəfdən ilk olaraq cəmiyyətin bir üzvü kimi, həm də bir psixoloq kimi valideynlərə demək istərdim ki, yetinlik yaşına qədər olan uşaqları psixoloqa aparmaq heç də onların psixi durumunda problem var demək deyil. Bu dövrdə psixoloqla söhbət etmək onlar üçün yaxşı olur. Psixoloqlar həm də övladları ilə dil tapa bilməyən valideynlərə çıxış yolu göstərir. Çünki, uşaqların psixoloji zərbə alması onların gələcək həyatının məhv olması deməkdir. Bütün bunların qarşısını almaq üçün psixoloqlara müraciət etməkdən çəkinməsinlər”.

Xatırladaq ki, son üç il ərzində hüquq-mühafizə orqanlarına azyaşlıların itkin düşməsi ilə bağlı müraciətlərə nəzər salsaq, 2019-cu il üçün rəqəmlər heç də az deyil.

Belə ki, 2017-ci il üzrə yetkinlik yaşına çatmayan uşaqların itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan 105 müraciətdən 95-i tapılıb, 11-i axtarışdadır, 2018-ci il üzrə daxil olan 135 müraciətdən 127-si tapılıb, 8-i axtarışdadır, 2019-cu ilin 9 ayı ərzində daxil olan 108 müraciətdən isə 103-ü tapılıb 5-i hələ də axtarışadadır.


Bütün xəbərlər