Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Interval.Az bildirir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərinizdə böyük uğurlar arzulayıram.

Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində Sizin rəhbərliyinizlə böyük bərpa işləri həyata keçirilir. Qısa zamanda bir neçə hava limanının, yolların inşası başa çatıb. Digər tərəfdən, bölgəyə Böyük Qayıdış təmin edilir, Qarabağa onun tarixi gözəlliyi və dərin mənəvi həyatı qaytarılır.

Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur.

Müəllifi məhz Siz olduğunuz Cənub Qaz Dəhlizi bu gün Avropanın qaz təchizatını həll edir. TANAP, TAP və bu layihələrin davamı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı bunu təsdiq edir.

Sizin digər sahələrdə həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfələrini verməkdədir.

Möhtərəm cənab Prezident, əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcəkdir.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram”.

TÜRKSOY-un Baş katibi Sultan Raevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti sayəsində Azərbaycan türk dünyasında və beynəlxalq aləmdə aparıcı ölkə kimi tutduğu layiqli yerini davamlı olaraq inkişaf etdirməkdədir.

TÜRKSOY-un Daimi Şurasının qərarı ilə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bununla əlaqədar Zati-alinizin xüsusi Sərəncamı ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirəcəyimiz tədbirlərlə türk xalqları arasında birlik və həmrəyliyin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

ABŞ Hərbi Dəniz Qüvvələri 5-ci Donanmasının Bəhreyn Beynəlxalq əlaqələr şöbəsinin rəisi komandir Nəimi Əmiraldan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident, sevimli Ali Baş Komandan,

Azərbaycan xalqının və türk dünyasının qəhrəmanı İlham Heydər oğlu Əliyev.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Qarabağın Ermənistanın işğalından azad edilməsinin və Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunmasının, türk dünyasının qırılmış bağının yenidən birləşdirilməsinin ikinci ildönümünü bu il xalqımızla birlikdə qeyd etdik. Sizin illərdir müdrikliklə və uzaqgörənliklə atdığınız addımlar bu böyük uğurlara yol açdı. Bütün bunlar üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Sizi bir daha ailəmiz adından doğum gününüz münasibətilə təbrik edirəm, möhkəm cansağlığı və uzun ömür arzulayıram. Yaşasın böyük Azərbaycan!”

Rusiya Notariuslar Assosiasiyasının sədri Natiq Ağamirovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və doğma Azərbaycanın rifahı naminə yeni-yeni uğurlar diləyim.

Bu gün Sizin həmvətənləriniz, dostlarınız və məsləkdaşlarınız bu mürəkkəb tarixi dövrdə Azərbaycan xalqının öz Prezidenti və Ali Baş Komandanı başda olmaqla suveren maraqlarını necə inamla və ardıcıl surətdə qoruduğunu, iqtisadi və siyasi nailiyyətlərini artırdığını, müdafiə qabiliyyətini və beynəlxalq mövqelərini möhkəmləndirdiyini, doğma Qarabağın hər qarış torpağının qorunmasında qətiyyətli olmasını bütün dünyaya nümayiş etdirdiyini, quruculuq fəaliyyəti ilə ölkənin daha sürətli inkişafı və firavanlaşması üçün möhkəm zəmin yaratdığını böyük qürurla və diqqətlə izləyirlər.

Ulu Tanrı köməyiniz olsun, ali missiyanızı həyata keçirmək üçün Sizə səbir, güc və uğurlar bəxş etsin!

Qoy qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah işlər və nailiyyətlərlə zəngin olsun!

Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq arzu edirəm”.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyətindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Möhtərəm Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar diləməkdən böyük şərəf hissi duyuruq.

Zati-alinizin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin gənclərinin inkişafı ilə bağlı qəti mövqeyinin ifadəsi olaraq 2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Baş Assambleyasının təsis iclasının keçirilməsi, onun İƏT-in qurumu olaraq beynəlxalq təsisat kimi formalaşmasına və inkişafına güclü dəstəyin davam etdirilməsi, eləcə də İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilməsi regionun digər liderləri üçün nümunədir. Gənclər Forumunun təsis olunmasını Azərbaycan Respublikasının İƏT-ə verdiyi mühüm töhfə kimi qiymətləndirməyiniz bizi çox qürurlandırır. İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin İdarə Heyəti olaraq bizə göstərdiyiniz etimadla, dəstəklə fəxr edir, bu etimadı doğrultmaq üçün səylərimizi əsirgəməməyə çalışırıq.

Prezident və Ali Baş Komandan kimi Zati-alinizin Azərbaycanın inkişafına yönəlmiş müdrik siyasətiniz sayəsində ölkənin işğal altındakı torpaqları azad edilmişdir. Zati-alinizin cari ili “Şuşa İli” elan etmək barədə Sərəncamınız bu Zəfəri və dirçəlişi yaddaşımıza həkk etdi və bunun bütün dünyada daha geniş tanınmasına səbəb oldu. Bu istiqamətdə bizim təşəbbüsümüzlə yaradılmış “Mənə Azərbaycanı göstər” – Beynəlxalq bloqerlərin Şuşa düşərgəsi də fəal iştirak etmiş və 10-dan çox beynəlxalq səyahətçi-bloqer işğaldan azad edilmiş ərazilərə səfər edərək Qarabağın dirçəlişi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasına töhfə vermişdir.

Bu xoş gününüzdə İƏT ölkələrinin həmrəyliyinə göstərdiyiniz dəstəyə, eləcə də qardaş Azərbaycan xalqının inkişafı naminə yorulmaz fəaliyyətinizə görə Sizə bir daha səmimi arzularımızı bildirməkdən şərəf hissi duyuruq.

Möhtərəm cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, müvəffəqiyyətlər və firavanlıq arzulayırıq. Sizə olan ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik”.

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Doğum gününüz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Ali səviyyədə qəbul edilmiş qərarların icrası məqsədilə ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, sənaye, energetika, nəqliyyat infrastrukturu və digər istiqamətlərdə qarşılıqlı faydalı iri layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb.

Sizinlə həmişə açıq və konstruktiv şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Etimada söykənən ünsiyyətimizin davam etməsinə şad olacağam.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm”.

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Zəngin həyat və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz haqlı olaraq Sizə ölkədə və onun hüdudlarından kənarda həmkarlarınızın və tərəfdaşlarınızın hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə inamla irəliləyir, davamlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövləti məsələlər uğurla həll edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl iş aparılır.

Fürsətdən istifadə edib Azərbaycan Respublikasında “LUKOYL”un layihələrini dəstəklədiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, biz ölkələrimizin mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla fəal və qarşılıqlı faydalı işi davam etdirmək əzmindəyik.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edim”.

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyovdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizə xas olan müdriklik, sağlam mühakimə, prinsipiallıq qarşıya çıxan hər bir məsələni səmərəli şəkildə həll etməyə və ali dövləti vəzifənizi uğurla yerinə yetirməyə imkan verən keyfiyyətlərdir. Sizin rəhbərliyinizlə Azərbaycan sabit iqtisadi artımın müsbət dinamikasını, investisiya mühitinin yaxşılaşmasını, beynəlxalq əlaqələrin və əməkdaşlığın genişlənməsini nümayiş etdirir. Siz haqlı olaraq ölkə vətəndaşlarının tam dəstəyini və etimadını, xarici həmkarlarınız və tərəfdaşlarınızın nüfuz və hörmətini qazanmısınız.

Fürsətdən istifadə edib Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə şəxsən göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. İcazə verin, Sizi əmin edim ki, biz ölkələrimizin rifahı naminə birgə layihələrin daha da inkişaf etdirilməsi üçün daim səy göstərəcəyik.

Zati-aliləri, icazə verin, bu əlamətdar gündə Sizə səmimi- qəlbdən möhkəm cansağlığı, ruh yüksəkliyi, firavanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edim”.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Siz bu gün yaşadığım Almaniyada, eləcə də mütəmadi səfərlərdə olduğum Avropa ölkələrində istər siyasi müstəvidə, istərsə də qeyri-siyasi sferada xüsusi sevgi, hörmət və rəğbət bəslənən bir Lidersiniz. Bunun hər dəfə canlı şahidi olmaq ürəyi daim Vətənlə döyünən biri kimi mənim üçün xüsusi qürurvericidir. Bu sevgini və hörməti Siz özünüz qazanmısınız.

Dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərin yetişməsində göstərdiyiniz xüsusi diqqət və nümunəvi mövqeyiniz məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb.

Siz həm də biz gənclərə atanın və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirdiniz. O ata vəsiyyəti ki, məhz ona əməl edilməsi nəticəsində doğma Vətənimiz bütövləşdi və biz dünyada yenidən milli kimliyimizi qazandıq.

Azərbaycanımızı dünyada qalib ölkəyə, söz və nüfuz sahibinə çevirdiyinizə görə Sizə təşəkkür edirəm.

Sizi həm öz adımdan, həm də hər zaman diqqətinizi görən ailəmiz adından bir daha təbrik edirəm”.

“VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti – İdarə Heyətinin sədri Andrey Kostidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Doğum gününüz münasibətilə “VTB Bank”ın İdarə Heyəti və kollektivi adından səmimi təbriklərimizi qəbul edin.

Uzun illər boyu ölkənizə sədaqətlə xidmət etməyiniz Sizə Azərbaycan xalqının etimadını və vətəndaşların geniş dəstəyini qazandırıb.

Azərbaycan Respublikası iyirmi ilə yaxındır ki, Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahədə sanballı nəticələr qazanır, beynəlxalq arenada nüfuzunu ardıcıl olaraq möhkəmləndirir, müasir dövrün mürəkkəb çağırışları şəraitində milli inkişaf potensialını dinamik şəkildə reallaşdırır.

Ölkələrimizin qarşılıqlı sabit müttəfiqlik fəaliyyətinin daha da möhkəmlənməsi üçün şəxsən Sizin göstərdiyiniz böyük səyləri, ortaq tariximizi, insanlar, o cümlədən sahibkarlıq cəmiyyətləri arasında yaranmış mehriban qonşuluq və dostluq əlaqələrini qoruyub saxlamağı zəruri hesab etməyinizi Rusiyada yüksək qiymətləndirirlər.

Fürsətdən istifadə edib “VTB Bank”ın Azərbaycandakı təşəbbüslərinə və layihələrinə diqqətinizə görə Sizə təşəkkür edirəm. Bu bankın ehtiyac duyulan maliyyə vasitələri və xidmətləri ilə zənginləşməsinə bundan sonra da kömək göstərilməsini vacib və perspektivli hesab edirik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Azərbaycanın inkişafı ilə bağlı planlarınızın uğurla həyata keçməsini, Sizə və yaxınlarınıza tükənməz qüvvə, sağlamlıq, əmin-amanlıq diləyirik”.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər