“Azərbaycanda Yaradıcı Sənayelərin İnstitusional Quruluşuna Dəstək” adlı layihə…

“Azərbaycanda Yaradıcı Sənayelərin İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində görüş keçirilib.

Mədəniyyət Nazirliyi və British Council (Britaniya Şurası) ilə birgə Azərbaycanda yaradıcı sənayelərin inkişafına dair “Azərbaycanda Yaradıcı İqtisadiyyatın İnstitusional Quruluşuna Dəstək” adlı layihə çərçivəsində britaniyalı ekspertlərlə onlayn görüş baş tutub.

Görüşdə Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelərə dair İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, müvafiq struktur bölmə rəhbərləri nazirliyi təmsil ediblər.

Eyni zamanda, British Council Azərbaycan ofisinin rəhbəri Samr Şah, təşkilatın nümayəndəsi Dilarə İbrahimova və Böyük Britaniyanın yaradıcı sənayelər üzrə ekspertləri Gail Caig, Jon Zeff, John Newbigin görüşdə iştirak ediblər.

İlk öncə British Council Azərbaycan Ofisinin rəhbəri Samr Şah və nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə çıxış ediblər.

Samr Şah Mədəniyyət Nazirliyinin Azərbaycanda yaradıcı sənayelərin inkişafı istiqamətində atılan addımlarını dəstəklədiyini və bu işdə Böyük Britaniyanın təcrübəsini təşkilat olaraq bölüşməyə hazır olduqlarını qeyd edib. Vasif Eyvazzadə isə öz növbəsində British Council və Mədəniyyət Nazirliyi arasında uzun illərdir davam edən sıx əməkdaşlıq əlaqələrindən bəhs edərək, 2018-2019-cu illərdə yaradıcı sənayelər sahəsində iki qurum arasında görülən işləri yüksək dəyərləndirib.

Daha sonra yaradıcı sənayelər üzrə mütəxəssis və Creative England təşkilatının həmtəsisçisi John Newbigin Böyük Britaniyanın bu sahədə keçdiyi yol və əldə etdiyi təcrübədən bəhs edib. Təqdimat çərçivəsində John Newbigin yaradıcılığın və yüksək texnologiyaların sıx əlaqəsini təcəssüm etdirən və hər il təşkil olunan CreaTech layihəsinin vacibliyini vurğulayıb.

İslahatlar sahəsində ixtisaslaşmış və uzun müddət Creative England təşkilatının islahatlar üzrə rəhbəri olaraq çalışmış Gail Caig Böyük Britaniyanın mövcud dövlət strukturu, mədəniyyət sahəsində dövlətin siyasətini həyata keçirən Mədəniyyət, Media və İdman Departamenti barədə iştirakçılara məlumat verib. Həmçinin, xanım Caig ölkənin yaradıcı sənayelərə dair sahələrin idarə olunması ilə məğul olan agentliklərin vəzifələri və strukturu barədə danışıb.

Dörd ildən çox Creative Industries Council (Yaradıcı Sənayelər Şurası) təşkilatında çalışan və bu sahədə geniş biliklərə malik Jon Zeff yaradıcı sənayelərin inkişafı üçün dövlət və özəl sektor tərəfindən təqdim olunan fondlar, dövlətin bu sahələrə maliyyə dəstəyi, kiçik biznesin dəstəklənməsi, rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması barədə Böyük Britaniyanın təcrübəsini bölüşüb.

Daha sonra Mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, digər görüş iştirakçıları və xarici ekspertlər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər