Əqli Mülkiyyət Agentliyində Təlim Mərkəzi yaradılıb

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin 2021-ci il 16 dekabr tarixli 12 nömrəli Qərarına uyğun olaraq Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə Əqli Mülkiyyət Milli Təlim Mərkəzi yaradılıb.

Interval.Az  xəbər verir ki, Təlim Mərkəzi özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. Mərkəzin nizamnaməsinə uyğun olaraq Agentlik və onun tabeliyində olan qurumlar dövlət orqanları, hüquqi və fiziki şəxslər, o cümlədən elmi-tədqiqat və təhsil müəssisələri, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək. Təlim Mərkəzinin fəaliyyətinin məqsədi əqli mülkiyyət sahəsində peşəkar kadrların hazırlanmasına dəstək göstərilənməsindən ibarətdir. Müəlliflər, hüquq sahibləri, mütəxəssislər, tələbələr, tədqiqatçı alimlər, özəl və dövlət müəssisələrində çalışan işçilər, biznes və sahibkarlıq subyektləri, biznes menecerləri, kiçik və orta sahibkarlıqla məşğul olanlar, patent müvəkkili olmaq istəyənlər və digər maraqlı şəxsləri əqli mülkiyyət üzrə biliklərinin artırılması üçün Təlim Mərkəzindən faydalana bilərlər. Bununla əlaqədar Təlim Mərkəzi tərəfindən mütəmadi olaraq kurslar təşkil olunacaq. Dinləyicilər qarşısında əqli mülkiyyət sahəsində tanınmış beynəlxalq ekspertlər, mütəxəssislər və hüquqşünaslar mühazirələr oxuyacaqlar.

Təlim Mərkəzi əqli mülkiyyət sahəsində maarifləndirmə işlərində və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında da iştirak edəcəkdir. Təlim Mərkəzi tərəfindən təşkil edilən təhsil prosesi oflayn və onlayn platforma vasitəsilə həyata keçiriləcək.

Kursları müvəffəqiyyətlə bitirənlərə əldə etdikləri səriştə və bacarıqları təsdiq edən sertifikat veriləcək.

Təlim Mərkəzi maraqlı şəxslər üçün tematik seminarlar, sərgilər, konfranslar, dəyirmi masalar və ustad dərslərinin keçirilməsini də planlaşdırır.

Zamiq Yunisov

Interval.Az 


Bütün xəbərlər